Tanınmış müğənni Xatun Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
-Xatun xanım, yola saldığımız 2025-ci il sizin üçün nə ilə yadda qaldı?
-Sənətim həyatımın böyük bir hissəsini təşkil etdiyi üçün orada baş verən hər şey birbaşa həyatıma təsir edir. Sənətdə irəli getmək naminə bu il daha çox çalışdım və 2025-də gördüyüm işlərin mükafatını 2026-da alacağıma ürəkdən inanıram.
-Ürəyinizi sıxan, hansısa neqativ hallar da yaşandımı? Yoxsa siz baş verənləri belə taleyin yazısına bağlayırsınız?
-Taleh insanın iradəsindən kənar olan yazıdır, buna görə də əməllərimizin yaratdığı neqativləri taleyin üzərinə atmaq olmaz. Biz insanıq, bəzən özümüz buna səbəb oluruq, bəzən isə səbəb olanlara inanırıq, amma şükür ki, yaşanan neqativlərdən dərs almağı bacarıram və onları təkrarlamamağa çalışıram.
-Deyə bilərikmi Xatun bütün küsülülüklərinə 2025-ci ildə son qoydu yoxsa?
-Küsmək tək tərəfli olur, küsülülük isə iki tərəfli. Ona görə də mən buna heç vaxt tək son qoya bilmərəm, ama mənim tərəfimdən soruşursunuzsa mən həyatımdaki neqativləri sıfırlamaq üçün hamını bağışlamışam. Məndən uzağda küsün (gülür).
-Artıq bir neçə ildir ki, nənə statusunu da daşıyırsan..Nəvənizlə gün keçirməyə vaxt edirsiniz? Bu necə bir duyğudur?
-Nə yalan deyim, nəvəm dünyaya gələndən sonra uşaqlarımı daha tez-tez görməyə gedirəm. Nəvəm nəinki ona olan diqqətimi hiss edir, hətta mənə çox gözəl enerji ötürür və bizim aramızda çox güclü və gizli bir bağ var. Onu çox sevirəm.
-Xatun, sənətsiz yaşaya bilərsinizmi? Müğənni var deyir ki, “imkanım olsa, ər çörəyi yesəm heç müğənnilik etmərəm”. Siz necə düşünürsünüz?
-Mən müğənni olmağı seçəndə yeməyə kifayət qədər çörəyim var idi. Buna baxmayaraq mən oxumağı seçdim və buna peşman da deyiləm. Həm də insanlar pulu yaşamaq üçün istifadə edirlər. Məni isə ailəmdən sonra ən çox yaşadan sənətimdir.
-2026-cı ildən gözləntiləriniz nələrdir? Yeni ildə hansı işlərə imza atmağı qarşınıza məqsəd qoymusunuz?
-Məqsəd mən deyil, məndən kənarda olan şeyi arzulamaq və ona nail olmaq istəyidir. Ona görə də sözə, mən deyə başlamaq istəmirəm. İstədiyim məqsədə çatanda siz də olmaqla bütün dostlarım və izləyicilərim buna şahid olacaq. Allah təki nəsib etsin.