Ekskluziv
5152
05 Jan 2026 | 20:30

"Təbrizdə hakimiyyət, demək olar ki, bütünlüklə üsyançıların əlinə keçib...-Trampın köməyinə ehtiyac qalmayacaq...”

“...Xalqın əzmi və ruhu bu inqilabı qalibiyyətlə başa çatdıra biləcək. Və zənnimcə, İran molla rejiminin tarixin zibilliyinə atılmasına o qədər də çox vaxt qalmayıb...”
 
Xəbər verildiyi kimi, İranda molla rejiminə qarşı kütləvi xalq etirazları başlandıqdan sonra ABŞ prezidenti D.Tramp ultimatum verdi ki, “əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə,- hansı ki, bu onların adətidir,- ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq...” Artıq son nəlumatlara görə, baş verən genişmiqyaslı etirazlar nəticəsində ən azı 20 nəfər həyatını itirib, ötən günlər ərzində ümumilikdə 51 nəfər yaralanıb. "Human Rights Activists News Agency" (HRANA) bildirib ki, yaralananların əksəriyyəti rezin güllələr və odlu silah qəlpələrindən zərər görüb. Etirazçılardan 990 nəfər saxlanılıb. İnsan hüquqları müdafiəçiləri hesab edirlər ki, həqiqi rəqəm bundan çox ola bilər. Son 8 gün ərzində etirazlar ən azı 222 yaşayış məntəqəsində baş tutub. Bütün bunlara rəğmən başı hələlik Venesuelaya qarışmış ABŞ liderindən İranla bağlı sözügedən bəyanatına uyğun olaraq hər hansı bir addım atılmayıb. Görəsən,  bu, Trampın növbəti populist çıxışıdır, yoxsa bunun ardınca doğrudan da Venesualadakı kimi qısa müddətə olmasa da, Amerika xüsusi qüvvələrinin İran hakimiyyətində ciddi dəyişikliyə nail olunması üçün hansısa gizli bir əməliyyatı gözlənilir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
 
“Düzdü, Tramp populist çıxışlara mütəmadi yol versə də, Venesuela müvəffəqiyyətindən sonra daha da ruhlanıb. İkincisi də, ABŞ lideri onsuz da İrana qarşı qəzəblidir və İsraillə birlikdə bu ölkəyə qarşı yeni hücuma hazırlaşırdı. Sanki tale onların üzünə güldü və İran xalqı da ayağa qalxdı. Ancaq etiraz edən insanları öldürməklə etirazları yatırmaq mümkün olmayacaq. Artıq onlarla adam öldürülüb. Amma Tramp nə vaxt ayılıb vədini hansı şəkildəsə yetirəcək - bilmirəm. Lakin onu əminliklə demək olar ki, İsrail tam hazırlıqlıdır və İrana hücum etməyə məqam gözləyir. Ən azından İsrail və ABŞ kəşfiyyatları, çox güman ki, üsyançılara silah ötürmək, əlverişli mövqelər tutmaqda və s. dəstək verəcəklər... 
 
İranda faktiki olaraq ümumxalq hərəkatı başlayıb. Belə hərəkata inqilab deyirlər. Və hətta siyasi rəhbərlik arasında müəyyən tərəddüdlər və qorxu hissi yaranmaqdadır. İndidən Xamenei Moskvaya qaçmağa hazırlaşır. Məsələn, polisin içində də tərəddüdlər var. Orduya hələki bir əmr verilməyib. Amma əgər polisin tərəddüdləri davam edəcəksə, ordu da belə bir mövqe tutacaq. Çünki hərəkatın miqyası doğrudan da genişdir. Etirazlara son qoşulna şəhərlərdən biri Təbrizdir və orada hakimiyyət demək olar ki, bütünlüklə üsyançıların əlinə keçib. Bundan başqa, Ərdəbil, Xoy, Mərənd və s. şəhərlərdə kütləvi çıxışlar hər gün, hər saat davam edir. Belə düşünürəm ki, bəlkə də heç Trampın köməyinə ehtiyac qalmadı, xalqın əzmi və ruhu bu inqilabı qalibiyyətlə başa çatdıra biləcək. Və zənnimcə, İran molla rejiminin tarixin zibilliyinə atılmasına o qədər də çox vaxt qalmayıb...”
 
"Dediklərinizdən belə çıxır ki, xalq özü İran rejiminin devrilməsinə nail olmasa, ABŞ və İsrail bunu hərbi əməliyyatlar sayəsində etməyə çalışacaq" fikrinə isə Qabil Hüseynli belə münasibət bildirib:
 
“Bəli, öncə dediyim kimi, şöhrətpərəst Tramp Maduro əməliyyatından sonra ruhlanıbdır. Üstəlik də, onsuz da İsraillə ABŞ onsuz da İrana hücuma hazırlaşırdı. Ölkədə hakimiyyətin düzgün olmayan və ədalətsiz siyasəti sayəsində yaranan ekoloji və iqtisadi-sosial problemlər, su çatışmazlığı, kütləvi yoxsulluq, aclıq, inflyasiyanın rekord həddə çatması - bütün bunlar İran xalqının canını boğazına yığıbdır. Və yenə deyirəm, xalqı gülləbaranla da geri oturtmaq mümkün olmayacaq...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər