“Maduro əməliyyatı”, “Ramiz Mehdiyev işi” və xəyanətin yol açdığı fəlakətlər...
Ekskluziv
3451
05 Jan 2026 | 15:37

“Maduro əməliyyatı”, “Ramiz Mehdiyev işi” və xəyanətin yol açdığı fəlakətlər...

3 yanvar 2025-ci il tarixində ABŞ Venesualada hərbi əməliyyatlar keçirərək prezident Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Cəmi 4 saata yaxın vaxt ərzində gerçəkləşən əməliyyat zamanı ABŞ bir nəfər də olsun itki verməyib.

ABŞ tərəfindən gerçəkləşən bu əməliyyatın unikallığı bütün dünyada ciddi müzakirə mövzusuna çevrilsə də, nə media, nə də sosial media bu unikallığı təmin edən əsas səbəbə  - xəyanət faktoruna hələ ki, o qədər də diqqət çəkmir. Halbuki, ABŞ-ın Maduro ilə bağlı əməliyyatını uğurla nəticələndirən əsas faktor Venesuela prezidentinin yaxın çevrəsindəki bəzi insanların ABŞ-la əməkdaşlığı, öz rəhbərliyinə xəyanətidir. Çünki Maduro ilə bağlı bütün dəqiq məlumatlar Pentaqona məhz həmin şəxslər tərəfindən ötürülüb ki, bu da ABŞ-ın müvəffəqiyyətini qaçılmaz edib. Məhz xəyanət nəticəsində bütöv bir ölkənin prezidenti başqa bir dövlətin hərbçiləri tərəfindən öz malikanəsindən qaçırılaraq ölkədən çıxarılıb, həbs edilib. Bu baxımdan “Maduro əməliyyatı” ABŞ ordusunun hərbi qüdrətindən daha çox, xəyanət faktorunun nə qədər təhlükəli və qorxunc nəticələrə səbəb ola biləcəyini göstərir.

Məlum fakt Prezident Aparatınıns abiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yaşananları yada salır.

Xatırladaq ki, 2025-ci ilin okryabr ayında Səbail rayon məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev haqqında həbs qətimkan tədbiri seçilib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yanaşı həm də  274-cü, yəni dövlətə xəyanət maddəsi ilə ittiham edilir. Ramiz Mehdiyev Rusiyada müəyyən strukturların rəhbərlərinə yazdığı məktub onun başqa dövlətin köməyi ilə Azərbaycanda hakimiyyəti dəyişməyə çalışdığını göstərir. Başqa sözlə desək, sabiq aparat rəhbəri ilə bağlı Azərbaycanın xüsusi xidmət orqanlarının ortaya çıxardığı faktlar, dövlətimizin bəlli bir dönəmdə necə böyük təhlükə ilə üz-üzə qaldığını sübut edir.

Bu gün Venesuela prezidenti ilə bağlı baş verənlər xəyanət faktorunun necə ağır və faciəvi vəziyyətlərə gətirib çıxardığını isbatlayır. “Maduro əməliyyatı” bir kəs daha sübut edir ki, qədim məsəldə deyildiyi kimi, həqiqətən də bütün möhkəm qalalar içəridən alınır. Bu mənada Ramiz Mehdiyevin Azərbaycan dövlətinə necə böyük və sarsıdıcı zərbə vura biləcəyi daha aydın formada dərk olunmaqda, DTX-nın bu məsələdə nümayiş etdirdiyi sayıqlığın önəmi daha açıq şəkildə anlaşılmaqdadır.

Venesuela olayları və Ramiz Mehdiyevlə bağlı yaşananlar bir kəs daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ayıq-sayıqlığını bundan sonra da yüksək səviyyədə qoruyub saxlamalı, xəyanətkar ünsürlərə qarşı mübarizədə barışmaz və prinsipial mövqe sərgiləməlidir. Bu, dövlətimizi xilas etmək, ayaqda tutmaq və inkişaf etdirmək, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi uğurları davam etdirmək adına atılması gərəkən ən vacib addımlardan biridir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər