Ekskluziv
2591
05 Jan 2026 | 10:55

"Efirdə layiqsizlər daha çoxdur" - Yusif Ağayev niyə vacib suallardan yayındı? - ÖZƏL+FOTO

Tanınmış teleaparıcı və radio dj Yusif Ağayev Moderator.az-ın suallarını cavablandırıb.
 
-Yusif bəy, bu günlərdə doğma kanalınız olan ATV-də sizi yenidən aparıcı qismində gördük. Qonağınız da müğənni Elnur Məmmədov idi. Olmaya 2026-cı ildə efirə qayıdırsız?
 
-Hər zaman efiri layiqli tərənnüm etməyə çalışdım. Bayağı, qondarma veriliş təqdim etmədim. Bunu ən birinci tamaşaçıya, daha sonra isə özümə rəva bilmədim. Əfsus ki, indi bunun tam əksini görürəm.
-Sualdan yayındınız...
 
-Mənim üçün prioritet-savadlı musiqi, sənət fədaisi, dünyagörüşü yetərli olmaqdır.
-Yusif müəllim, çox böyük ustalıqla sualdan yayınırsınız. Sizi müğənni Elnur bəylə efirdə gördük.
 
-Elnurun xətrini çox istəyirəm. Sənətinə, alicənablığına, şəxsiyyətinə böyük hörmətim var. Həm də axı o, nəhəng bəstəkar-Vaqif Gərayzadə məktəbi keçib.
-Belə başa düşdüm ki, bu sizin efirə qayıdışınızdır.
 
-Elnurla əməkdaşlığımız da oldu. Musiqisi Emil Şahinə aid "Bilmirəm" adlı mahnının sözlərini yazdım. Elnur mahnını elə mükəmməl ifa etdi ki, özüm belə inanmadım ki, mahnının sözləri mənə aiddir.
 
-Onda belə qənaətə gəlmək olarmı ki, dinləyiciləri yeni işbirliyi gözləyir?
 
-Nəyin bahasına olursa-olsun, hər şeyi, hər addımımı reklam etməyi sevmirəm. Həyat da ani sürprizlərlə arasıra dolanda mənalı olur.-Çox nadir hallarda müsahibə verməyinizi bilirdim. Bəs sualdan yayınmağınızın səbəbi nədir?
 
-Artıq elə bir dövrə gəlib çıxdıq ki, süni intellekt hər yerə hakim kəsilməyə başlayıb. İstədiyin verilişi müasir texnologiyanın köməyilə yaratmaq mümkündür.
 
-Onda belə çıxır ki, sizi süni intellektdə görəcəyik?
 
-(susur)
-Bir neçə gün öncə ad gününüz idi. Adətən Bakıdakı qızınızın ailəsi ilə birlikdə keçirisiniz, amma sosial şəbəkədəki paylaşımlardan belə qənaətə gəldim ki, Vyanadasız...
 
-Avstriyanın paytaxtı Vyanaya səfərimin ərəfəsi idi. Həm də çox adam bilir ki, 28 dekabr mənim həm ad günüm, həm də atamı itirdiyim gündür. Adətən 28 dekabrda onun məzarını ziyarət edirəm. Qəbir üstündən ad günü şənliyinə gəlib şadlana bilməzdim. Hər dəfə o tarixdə dünya mənə dar gəlir, məzarı üstündə balaca Yusifə çevrilib "Ata" deyib hönkürürəm. Qəbiristanlıqdan ad günü masasına yollanmaq olmur. Hamı üçün ad günü şad günüdürsə-mənim üçün dərdli, qara gündür. Belə qərara gəldik ki, 13 yanvar tarixində həm ad günü, həm də köhnə yeni ili birlikdə qeyd edək.
-Ad gününüzü və keçmiş bayramınızı ürəkdən təbrik edirəm.
 
-Çox sağ olun, minnətdaram!
 
-Yusif bəy, bu gün efirlərdə layiqli aparıcılar çoxdur yoxsa layiqsizlər? Yəni siz bugünki aparıcıları öz dövrünüzdəkilərlə  müqayisə edə bilərsinizmi? Ümid edirəm bu sualdan yayınmayacaqsız...
 
-İndi bu suala da baxır hansı prizmadan yanaşaraq cavab verəsən. Dövr hər zaman eyni olub-amma, dünyagörüşü, savad, intellekt fərqli olub. İndi qeyd etdiyiniz kimi LAYİQSİZLƏR daha çox hörmətli, izzətli, qiymətli və istəklidirlər. Bunu guya siz bilmirsiz? LAYİQLİLƏR isə təmkinli, səbirli, gələcəyə ümidli, əhatəsinə çox diqqətli və məsuliyyətlidirlər. Layiqlilər öz şəxsi sərhədlərini qoruyur və reytinq naminə kimlərinsə sərfəli resursu olmaqdan çəkinirlər. Tamaşaçı gözü isə bunu çox yaxşı ayırd edir. Amma, deyəsən bu sualınızdan yayınmadım.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər