“O da var ki, ABŞ bu müdaxiləsi ilə Çinin Tayvanı işğal etmək planlarını sürətləndirmiş oldu. Öz gücünə güvənən hər bir aqressiv dövlət başqa əraziləri işğal etmək fikrinə düşə bilər...”
“Amerikanın Venesuelaya müdaxiləsi Çin və Rusiya ilə razılaşdırılmış da ola bilər – bunu iddia edənlər var. Lakin bu barədə hələ dəqiq məlumat yoxdur…”
“Trampın Venesuela əməliyyatı mövcud ədalət sisteminə və dəyərlərinə görə ədalətli deyil. Bunu yalnız ədalət məfhumunu dəyişməklə ədalətli hesab etmək olar. Maduronun həbsi və Amerikaya götürülməsi beynəlxalq hüquq normalarına uyğun deyil. Sabah onu hansı şəkildə mühakimə edirlərsə-etsinlər, bu da hüquqa zidd olacaq. Əgər Amerika Venesuelanın hər hansı bir hissəsini güc işlədərək öz yurisdiksiyası altında saxlayarsa, Amerikanın Venesuelaya bu şəkildə müdaxiləsini işğal adlandırmaq olar.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Trampın Venesuela əməliyyyatını nə dərəcədə ədalətli, nə dərəcədə ədalətsiz hesab etmək olar? Yoxsa ümumiyyətlə, ədalətsizdir, yaxud əksinə? Bunu işğal adlandırmaq olarmı?” suallarını cavablandırarkən ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.
“Tramp hökuməti mövcud olan “Pax Americana” sistemini dağıtmaqla məşğuldur. Beynəlxalq münasibətlər sisteminin normaları, demək olar ki, artıq tamamilə sıradan çıxıb. BMT isə legitimliyini getdikcə itirir, çünki onun prinsiplərinə zidd olan böyük beynəlxalq hadisələrə nə ciddi reaksiya verə bilir, nə də onlara təsir etmək gücünə malikdir...
Amerika bu gün 1823-cü il Monroe Doktrinasına uyğun siyasət həyata keçirir. Bu doktrinaya görə, Qərb yarımkürəsinə kənardan müdaxilə etmək olmaz. Ancaq hesab etmirəm ki, Amerika özünü bu yarımkürə ilə məhdudlaşdırsın. Yəni, “buraya başqaları girə bilməz, amma mən başqa yerlərə girə bilərəm” yanaşması ortaya çıxacaq”, - deyə davamında professor diqqətə çatdırıb.
Əli Əskərli hesab edir ki, ABŞ-ın Venesuelaya bu şəkildə müdaxiləsinin əsas səbəbi, ilk növbədə, Çinin və qismən də Rusiyanın bu regionda nüfuzunun yayılmasının qarşısını almaqdır:
“Təbii ki, neft faktorunu da nəzərə almaq lazımdır. Venesuela uzun müddətdir Amerika embarqosuna məruz qalmışdı. Əhalinin səfalət içində yaşamasının əsas səbəbi də məhz bu idi…
ABŞ-ın Venesuelaya müdaxiləsi Çin və Rusiya ilə razılaşdırılmış da ola bilər – bunu iddia edənlər var. Lakin bu barədə hələ dəqiq məlumat yoxdur…”
“O da var ki, ABŞ bu müdaxiləsi ilə Çinin Tayvanı işğal etmək planlarını sürətləndirmiş oldu. Öz gücünə güvənən hər bir aqressiv dövlət başqa əraziləri işğal etmək fikrinə düşə bilər.
Ən əsas məsələlərdən biri beynəlxalq münasibətlər sisteminin çökməsidir. Artıq təkqütblü bir dünyanın mövcud olduğunu iddia etmək mümkün deyil. Aydındır ki, bu qeyri-müəyyənlik şəraitində təhlükələr fürsətlərdən daha çoxdur. Buna görə də dövlət aktorları arasında inqilabi hərəkətlənmələrin şahidi olacağıq”, -həmsöhbətimiz belə deyib.
Bütün deyilənlərlə belə, professor nəzərə çatdırır ki, Amerikanın hüquqsuz müdaxiləsi və Maduronun misilsiz zorakılığa məruz qalması onun diktatorial əməllərini haqlı etmir: “Burada mühüm olan bu iki məsələni bir-birinə qarışdırmamaqdır…”
“Baş verənlərin Venesuela xalqı və dövlətçliyi üçün hansı nəticələri gözlənilir? ” sualını isə sülh və münaqişə tədqiqatçısı belə cavablandırıb:
“Əgər Venesuela öz müstəqilliyini qoruyub saxlaya bilsə, bu həm xalq, həm də dövlət üçün müsbət nəticə verə bilər. Lakin realist yanaşsaq, bunun mümkün olma ehtimalı olduqca azdır. Burada ən azı iki faktoru bir-birindən ayırmaq lazımdır: birincisi siyasi, ikincisi isə iqtisadidir. Əgər söhbət nə olursa-olsun əhalinin maddi güzəranını yaxşılaşdırmaqdan gedirsə, bunu gözləmək olar. Trampın Venesuelanın təbii sərvətlərini istismar etməyə dair planları var və bunun əhalinin iqtisadi vəziyyətindən yan keçəcəyini iddia etmək olmaz. Lakin bu, özlüyündə Venesuelanın Amerikadan asılı vəziyyətə düşəcəyinə bir işarədir…”
Professor vurğulayıb ki, ABŞ-ın digər qonşularına qarşı da planlarının olduğu məlumdur:
“Meksika, Kuba və Kolumbiyanın adları ABŞ hökumət üzvlərinin açıqlamalarında tez-tez hallanır. Əgər bu dövlətlərə qarşı hər hansı planların həyata keçirilməsi nəzərdə tutulursa, Vaşinqton həmin ölkələrin xalqlarına onlar üçün ‘daha sərfəli’ hesab edilən bir nümunə təqdim etməlidir. Bu məqsədlə genişmiqyaslı və sistemli təbliğat kampaniyasının aparılması da inandırıcı görünür. Lakin nə qədər təbliğat aparılsa da, Venesuelada ABŞ-ın bu açıq zorbalığını qəbul etməyən geniş bir ictimai kəsim hər zaman mövcud olacaq...”
Söhbətləşdi və təqdim etdi:
Sultan Laçın