"Bu zaman yaranan ruh düşkünlüyünü gündəlik rejimlə necə yüngülləşdirmək olar?.."
Yeni il bayramları bitdikdən sonra bir çox insan özünü yorğun, ruhdan düşmüş və motivasiyasız hiss edir.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Psixoloqlar bunun səbəblərini izah edərək bildirirlər ki, bu hal müvəqqətidir və əksər hallarda normal psixoloji reaksiyadır.
Nəşrin yazdığına görə, bu mövzu ilə bağlı psixoloq və psixoterapevtlər - doktor Colanta Berk, ailə terapevti Ancula Mutanda və terapevt doktor Donald Qrant fikirlərini bölüşüb.
Beyin, dopamin və bayram gözləntiləri
Doktor Colanta Berkin sözlərinə görə, bayramlardan sonrakı əhval enişi beynin mükafat sistemi və dopamin səviyyəsi ilə birbaşa bağlıdır. Dopamin motivasiya, həzz və gözlənti hisslərində əsas rol oynayan neyromediatordur. O, yalnız xoş bir hadisə baş verəndə deyil, həmin hadisəni gözlədiyimiz zaman da ifraz olunur.
Bayram ərəfəsində - istirahət, ailə görüşləri və xüsusi anlar gözləntiləri fonunda dopamin səviyyəsi yüksəlir. Bu gözlənti beyində təkrar-təkrar "mükafat" effekti yaradır. Lakin bayramlar bitdikdən sonra bu stimul birdən-birə azalır.
Gündəlik rejimə qayıdış, qısa günlər və sosial planların azalması dopamin səviyyəsinin müvəqqəti enməsinə səbəb olur. İnsanlar bunu ruh düşkünlüyü, motivasiya itkisi və əvvəllər zövq verən şeylərdən həzz ala bilməmək kimi təsvir edir.
Bu dövrdə dəyişən digər hormon isə "sevgi hormonu" adlandırılan oksitosindir. Ailə və yaxınlarla keçirilən bayram günlərində oksitosin artır, lakin sonradan qəfil tənha rejimə qayıdış insanlarda boşluq və tənhalıq hissini gücləndirə bilər.
Pozulan rejim və bədənin yorğunluğu
Bayram dövrü adətən sağlam gündəlik rejimi də pozur: gec yatmaq, alkoqol qəbulu, fiziki aktivliyin azalması qısa müddətli dopamin artımı yaratsa da, yeni ilin ilk həftələrində insanı fiziki və emosional baxımdan tükənmiş vəziyyətdə qoya bilər.
Doktor Berk tövsiyə edir ki, günə təbii işıqla başlamaq, günorta qısa gəzintilər etmək və daha çox hərəkətdə olmaq faydalıdır - hətta ictimai nəqliyyat əvəzinə piyada getmək belə əhvalı yaxşılaşdıra bilər. Fiziki aktivlik sirkadik ritmi stimullaşdırır, yuxunu normallaşdırır və psixoloji vəziyyəti yaxşılaşdırır.
Ailə terapevti Ancula Mutanda sosial əlaqələrin qorunmasının vacibliyini vurğulayır. Onun fikrincə, danışmadan belə başqalarının yanında olmaq, məsələn, birlikdə kitab oxumaq və ya televiziya izləmək emosional bağlılıq hissini saxlayır.
Doktor Donald Qrant isə kiçik və real məqsədlər müəyyən etməyi, diqqəti gündəlik vərdişlərə fokuslanmağı məsləhət görür. Onun sözlərinə görə, yeni il hər şeyi birdən dəyişmək yox, tədricən yenidən qurmaq üçün fürsətdir.
Mütəxəssislər qeyd edir ki, bayramlardan sonrakı əhval enişi adətən qısamüddətli olur və klinik depressiya əlaməti sayılmır. Bu, beynin stimulların dəyişməsinə və adi həyata qayıdışa verdiyi normal reaksiyadır.