Elə durum yetişərmi ki, xalq Xameneinin istefasını, Pezeşkianın isə yeni iqtidar qurmasını tələb etsin?.. -Sabiq səfir
Ekskluziv
3845
03 Jan 2026 | 21:00

Elə durum yetişərmi ki, xalq Xameneinin istefasını, Pezeşkianın isə yeni iqtidar qurmasını tələb etsin?.. -Sabiq səfir

“Fakt odur ki, Pezeşkian prezident kimi, bir vətəndaş kimi xalqa həqiqəti söyləməyi özünə borc bildi. Onun yerinə başqa birisi olsaydı, bəlkə də problemlərin həll ediləcəyinə vədlər verərdi...”
 
“Tramp "biz İrandakı etirazçıların köməyinə gələcəyik" deyəndə Venesuelada olduğu kimi, hərbi əməliyyat sayəsində, yəni canlı qüvvə ilə hücum və raket zərbələri həyata keçirməklə Xameneyi rejimini devirə bilmələrini nəzərdə tutur?..”
 
Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovla Moderator.az üçün budəfəki söhbətimizdə İrandakı son xalq etirazlarının səbəblərini, onların doğura biləcəyi nəticələri müzakirə etməyə çalışdıq.
 
-Abbasəli müəllim, İranda bir neçə gündür davam edən kütləvi xalq etirazları haqda əlavə bir məlumatınız varmı? Sizcə, proseslər İranı nəyə doğru aparır?
 
-Məlumdur ki, son vaxtlar İran valyutası sürətlə ucuzlaşdı və qiymətlər qalxdı. Hazırda 1 dollar 150 min tümənə bərabərdir. Rəsmi valyuta olan rialla götürsək isə, 1 dollar 1,5 milyon rialdır. Bir sözlə, ölkədə sosial-iqtisadi problemlər həddən artıq çoxdur. Və bu da xalqın böyük narazılığına səbəb oldu. Artıq demək olar ki, bütün İran boyu insanlar küçələrə çıxıb etirazlarını bildirirlər. Bir sıra şəhərlərdə polislə şiddətli toqquşmalar olub, həlak olan və yaralananlar var. Və görünür, bu etirazlar hələ xeyli müddət sakitləşməyəcək. Onların dayanacağını təsəvvür etmək və İranı nələr gözlədiyini söyləmək çətindir...
 
-Necə hesab edirsiz, bu etirazlarda İranın müxtəlif dini-siyasi və iqtisadi, maliyyə klanları arasındakı ziddiyyətlərin də rolu ola bilərmi? 
 
-Bu etirazlara əsas səbəb ölkədəki ağır problemlərin həllini tapmamasıdır. 3 ildir ki, bu proses başlayıbdır. Və bu müddət ərzində ayrı-ayrı şəhər və bölgələrdə müxtəlif peşə sahibləri toplaşaraq öz etirazlarını bildirir, sosial tələblər irəli sürürdülər. Məsələn, TIR sürücüləri, tibb bacıları, müəllimlər və s. və i.a.  Ancaq bütün bunlara rəğmən heç bir problem həllini tapmırdı... 
 
Müxtəlif klanlar arasındakı ziddiyyətlər də danılmazdır. Bunun da etirazların alovlanmasında müəyyən rolu ola bilər. Lakin artıq insanların kütləvi şəkildə küçələrə çıxması ondan xəbər verir ki, əksər İran vətəndaşlarının həyatı dözülməz həddə çatıb, onlar gündəlik ən primitiv, ən sadə yaşayış imkanlarından sudan, ərzaqdan, qazdan, işıqdan və s. normal istifadə etmək imkanından məhrumdurlar. Bir sözlə, insanlar kəfənlərini boyunlarına bağlayıb üsyana qalxıblar və artıq heç bir həbs, cəza, işgəncə, edam onları qorxutmaq gücündə deyil...
 
-Bildiyiniz kimi, ABŞ prezidenti Donald Tramp bu etirazlarla bağlı ultimatum verib ki, “əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, hansı ki bu onların adətidir, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq...” Bunu necə şərh edərdiniz? 
 
-Birincisi, nəzərə almaq lazımdır ki, ABŞ həm iqtisadi, həm hərbi cəhətdən dünyanın ən güclü dövlətidir və bir sıra addımlar atmağa qadirdir. Amma əsas odur ki, Birləşmiş Ştatlar kimi dövlətin liderinin belə bir ultimatumu İranda üsyana qalxan insanlara inam verir. Və sözsüz ki, bunun da proseslərə xeyli dərəcədə təsiri olacaq. Onu da nəzərə almaq lazımdır ki, əgər vəziyyət bu dərəcədə ciddi olmasaydı, Tramp da belə bir bəyanat verməzdi...
 
-Bəs görəsən, Amerika dövlətinin doğrudan da etirazçı xalq kütlələrinə real dəstək verməsi üçün İran daxilində söylənəcəyi hansısa real siyasi güclər varmı? 
 
-Hələki belə ciddi güclər görünmür...
 
-Xaricdə isə görünən qüvvə yalnız sonuncu İran şahının oğlu Rza Pəhləvi ola bilər, yəqin?..
 
-Bəli, İran hakimiyyətinə qarşı xaricdə mövcud olan yeganə real qüvvə kimi yalnız şahzadənin adı çəkilir. Ondan başqa nə xaricdə, nə də daxildə ciddi bir siyasi qüvvə yoxdur. Xarici ölkələrdə ayrı-ayrı xırda, pərakəndə qruplar mövcuddur. Amma kütləvi xalq etirazları gücləndikcə onların təbii axarı hansısa bir aparıcı siyasi qüvvəni, lideri ortalığa çıxaracaq...
 
-Onda maraqlıdır ki, Tramp "biz İrandakı etirazçıların köməyinə gələcəyik" deyəndə Venesuelada olduğu kimi, hərbi əməliyyat sayəsində, yəni canlı qüvvə ilə hücum və raket zərbələri həyata keçirməklə Xameneyi rejimini devirə bilmələrini nəzərdə tutur?
 
-Yox, mən inanmıram ki, ABŞ İrana qarşı da belə bir hərbi əməliyyat keçirə bilsin. Çünki əvvəla, İran Venesueladan fərqli olaraq daha böyük hərbi potensiala malik dövlətdir. İkincisi də, burada Çin və Rusiya amili də var... 
Hesab edirəm ki, Tramp sadəcə, bu çıxışla İran xalqına mənəvi-siyasi dəstək vermək məqsədi güdür. Amerika liderinin bu cür çıxışının özü etirazçılara böyük dəstəkdir...
 
-Prezident Məsud Pezeşkian da belə bir fikir ifadə etdi ki, İrandakı son etirazların səbəbini xaricdə yox, daxildə axtarmaq gərəkdir. Bunun özü də sanki dolayısıyla etirazçılara dəstək vermək deyilmi?
 
-Doktor Məsud Pezeşkian haqda sizinlə əvvəlki söhbətlərimizdə də çox danışmışıq. Pezeşkian dürüst insandır. O, adi həyatda da, siyasətdə də həqiqət tərəfdarıdır. Dilinə söz gəlirsə, yalnız gerçəkləri deyir. Yadınızdadırsa, Pezeşkian prezident seçiləndə də belə fikirlər səslənirdi ki, o, İran xalqı üçün nəsə müsbət işlər görməyə çalışacaq. Amma təbii ki, əlində olan səlahiyyətlər çərçivəsində... Təəssüf ki, İranda prezidentin səlahiyyətləri çox məhduddur... Pezeşkianın ixtiyarında heç bir büdcə, maliyyə mənbəyi yoxdur. Digər ölkələrdə prezidentin müəyyən ekstremal durumlarda  hansısa problemləri təcili həll etmək üçün müəyyən bir ehtiyat fondu olur. Ancaq İranda belə bir imkan yoxdur. Ona görə də Pezeşkianın gücü yalnız həqiqəti söyləməyə çatır... 
Özü də islahatçılar komandasının üzvüdür... Keçmiş prezident Məhəmməd Hatəmi də islahatçı idi. O da daim gerçəkləri deməyə çalışırdı...
 
-Yəqin ki, etirazların son nəticəsi həm də İslam İnqilab Keşikçiləri Korpusunun- “SEPAH”-ın necə mövqe tutacağından asılı olacaq. Bu qurum da çox güman ki, sonadaək Xamenei rejimini medafiə edəcək, yəni xalq etirazlarını yatırmağa çalışacaq...
 
-Baxaq, görək hadisələr necə inkişaf edəcək... Prezident Pezeşkianın bayaq xatırlatdığınız fikrinin özü də xalqını gözünü açır...
 
-Bəs elə bir situasiya yetişərmi ki, xalq dini hakimiyyətin, yəni Xameneinin kənarlaşdırılmasını, istefasını, Pezeşkianın isə prezident kimi iqtidarda qalıb yeni dünyəvi hakimiyyət qurmasını tələb etsin?
 
-Bunu hazırda proqnozlaşdırmaq mümkün deyil. Amma fakt odur ki, Pezeşkian prezident kimi, bir vətəndaş kimi xalqa həqiqəti söyləməyi özünə borc bildi. Onun yerinə başqa birisi olsaydı, bəlkə də problemlərin həll ediləcəyinə vədlər verərdi... Əvvəlki prezidentlərdən oxşar situasiyalarda belə çıxışlar eşitmişdik... Lakin Pezeşkian gerçəyi dedi. Bildirdi ki, etirazların səbəbini xaricə axtarmaq lazlm deyil. Əsas səbəb daxildə- səhv idarəçilikdədir...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər