ABŞ-ın Venesuela əməliyyatı gücün təntənəsidir
Ekskluziv
3090
03 Jan 2026 | 18:29

ABŞ-ın Venesuela əməliyyatı gücün təntənəsidir

Məlum olduğu kimi, ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun arvadı Siliya Floresi ələ keçirilib. ABŞ Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamlarını irəli sürüb.

ABŞ-ın Venesuela prezidentinə qarşı irəli sürdüyü ittihamların nə qədər doğru və ya yanlış olduğu məlum deyil. Pentaqon tərəfindən reallaşdırılan bu əməliyyatın beynəlxalq hüququn tələbləri ilə nə dərəcədə uzlaşdığı da mübahisəlidir. Hələlik baş verənlər fonunda həqiqiliyi şübhə doğurmayan yeganə amil ABŞ-ın Venesuela əməliyyatının gücün təntənəsi olması gerçəyidir. ABŞ məhz gücün sayəsində uzun illərdir ki, ciddi gərginlikdə olduğu Venesuela ilə problemi qısa zamanda “həll etdi”. Nikolas Maduro unikal əməliyayt nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirildi.

Ağ Ev bununla sadəcə Venesuela ilə bağlı münasibətlərə aydınlıq gətirmədi. Həm də bütün dünyaya bir daha əzələ nümayişi göstərdi. Rəsmi Vaşinqton sübut etdi ki, o, tamam fərqli qitələrdə uğurla nəticələnən dəqiq və sürətli əməliyyat keçirməyə, öz rəqiblərini sürpriz bir şəkildə ABŞ-a “qonaq etməyə” qadirdir.

Əslində, ABŞ-ın Venesuelada həyata keçirdiyi bu əməliyyat bir daha Prezident İlham Əliyevin müasir dünyada gücün önəmi ilə bağlı səsləndirdiyi fikirləri yada salır. Xatırladaq ki, dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasiətilə xalqa müraciətində demişdir:

“...bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”. 

Göründüyü kimi, Venesuelada baş verən proseslər Azərbaycan Prezidentinin nə qədər haqlı olduğunu sübut edir. Baş verənlər göstərir ki, “kim güclüdür, o da haqlıdır” prinsipi hələ uzun müddət müasir dünyamızda dövlətlərarası münasibətlərdə də əsas yaşam və fəaliyyət devizi olaraq qalacaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər