Bizi sosial şəbəkələrdən izləyin:
"Vaşinqtonla koordinasiya, kəşfiyyat blokunun yenilənməsi və yeni müharibə strategiyası..."
Ukrayna hakimiyyətində son kadr dəyişiklikləri təsadüfi deyil və həm sülh danışıqlarına, həm də müharibənin növbəti mərhələsinə hazırlıq xarakteri daşıyır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Vaşinqtonla əlaqələri olan fiqur önə çıxır
Nəşr qeyd edir ki, prezident Vladimir Zelenski təhlükəsizlik və diplomatik xətti eyni vaxtda yenidən qurur. Kirill Budanovun Prezident Administrasiyasının rəhbəri postuna gətirilməsi ABŞ-la koordinasiyanı gücləndirmək məqsədi daşıyır.
Budanovun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənən proqramlarda iştirak etməsi, ABŞ-da müalicə alması və Qərb təhlükəsizlik çevrələri ilə qurduğu qeyri-rəsmi əlaqələr onun sülh danışıqları fonunda xüsusi çəkisini artırır. Eyni zamanda, o, müharibə illərində həm cəsarətli gizli əməliyyatların siması, həm də Rusiya ilə əsir mübadiləsi kanallarını açıq saxlayan nadir fiqurlardan biri olub.
Kəşfiyyat blokunda davamlılıq və sərtləşmə
Budanovun keçidindən sonra Baş Kəşfiyyat İdarəsinə general-leytenant Oleq İvaşşenko rəhbərlik etməyə başlayıb. Zelenskinin açıqlamasına görə, yeni rəhbər üçün əsas prioritet Rusiyanın hərbi və iqtisadi imkanlarının daraldılmasıdır. Xüsusilə enerji gəlirlərinin azalması, sanksiyalardan yayınma mexanizmlərinin kəsilməsi və kəşfiyyat təzyiqinin artırılması Kiyevin xəttinin dəyişmədiyini göstərir.
Texnologiya müharibənin əsas alətinə çevrilir
Eyni zamanda "Bloomberg" nəşri Zelenskinin Mixail Fyodorovu müdafiə naziri postuna irəli sürməsini müharibənin texnoloji mərhələsinə keçid kimi şərh edir. Dron istehsalının genişləndirilməsi, hərbi startaplarla birbaşa əməkdaşlıq və rəqəmsal həllərin döyüş meydanına inteqrasiyası Kiyevin uzunmüddətli davamlılıq strategiyasının mərkəzinə çıxarılır. Bu yanaşma Ukraynanın klassik resurs çatışmazlığını texnoloji üstünlüklə kompensasiya etmək cəhdidir.