“Baytarlıq sadəcə bir peşə deyil, həm də böyük bir fədakarlıqdır”-biologiya elm sahəsində 3109.01 şriftində ilk qadın elmlər doktorundan ETİRAF
Ekskluziv
3357
03 Jan 2026 | 15:11

“Baytarlıq sadəcə bir peşə deyil, həm də böyük bir fədakarlıqdır”-biologiya elm sahəsində 3109.01 şriftində ilk qadın elmlər doktorundan ETİRAF

“Azərbaycanın biologiya elm sahəsi üzrə 3109.01 “Baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası,mikotoksikologiya ilə mikologiyası və immunologiyası» şriftində ilk qadın elmləri doktoru olmaq çox qururvericidir. Bu, illər ərzində aparılmış elmi tədqiqat işlərinin nəticəsidir. Bu sahə kifayət qədər mürəkkəbdir və bir neçə kritik istiqaməti birləşdirir. Bu nəticə illərlə çəkilən zəhmətin, laboratoriyalarda keçən gərgin saatların və fundamental tədqiqatların bəhrəsidir”

Bunu Moderator.az-a açıqlamasında biologiya elmləri  doktoru, dosent Şəlalə Zeynalova deyib. O daha sonra əlavə edib:


"Elmdə qazanılan hər bir uğur, gələcək nəsillər üçün açılmış yeni bir inkişaf yoludur "


Bu illər ərzində aparılmış elmi tədqiqat işlərinin nəticəsidir. Aparılmış tədqiqatlarda yeni nəsil laborator diaqnostik metodlardan istifadə edilmişdir. Bu analizlərin aparılması üçün illərlə İtaliya, Böyük Britaniya, ABŞ, Türkiyə, Belçika kimi dövlətlərin referens laboratoriyalarında təlimlər keçdim və tədqiqatlar apardım. Q1 reytinqli jurnallarda məqalələr nəşr etdirilmişdir. Bu sahədə olanlar bilir ki, bu necə məşəqqətli bir yoldur. Baytarlıq sadəcə bir peşə deyil, həm də böyük bir fədakarlıq və psixoloji dözümlülük tələb edən missiyadır. Heyvan  harasında ağrı var deyə bilmir. Baytarlıq sahəsində olan risklər böyükdür: Heyvan tərəfindən fiziki xəsarət alma ehtimalı və yoluxucu xəstəliklərə yoluxma riski hər zaman yüksəkdir.


Peşəkarlıq məsələsi: Müasir diaqnostik avadanlıqların çatışmazlığı və beynəlxalq təcrübənin az tətbiqi bəzən "peşəkarlıq aşağıdır" rəyini yaradır. Lakin bu, fərdin deyil, daha çox sistemin təkmilləşməsi ilə bağlı bir problemdir.


Psixoloji yük: Sahibsiz heyvanlarla işləmək və ya sağalmaz vəziyyətdə olan heyvanlara kömək edə bilməmək böyük bir mənəvi yükdür.


Ölkəmizdə bu sahəyə münasibətin dəyişməsinə ehtiyac olduğu bir reallıqdır. Azərbaycanda gənc nəslin bu sahəyə motivasiyanı təmin etməklə vəziyyəti dəyişmək mümkündür. Baytarlıq klinikaları şəbəkələrinin müasirləşməsi, laboratoriya imkanlarının genişlənməsi və ən əsası, ictimaiyyətdə "Baytar həkim-cəmiyyətin sağlamlıq keşikçisidir" imicinin formalaşması vacibdir. Peşəkar bir baytar həkimi ən yüksək əmək haqqına işləməlidir. 


Bunun üçün peşəkar baytar həkimi hazırlığı olmalıdır. Beynəlxalq ekspertlərlərin fikrinə istinadən təklif edirəm:


Baytarlıq, heyvandarlıq və biotexnologiya üzrə ayrıca ixtisaslaşmış universitetin yaradılması bu məqsədə çatmaq üçün zəruri və strateji bir addım ola bilər. Ali təhsil müəssisəsi heyvan sağlamlığı və rifahı,  ictimai sağlamlıq ( Vahid Sağlamlıq konsepsiyası vasitəsilə), heyvanların biotexnologiyası,  zootexniyası və bütövlükdə kənd təsərrüfatının inkişafı sahəsində kadr çatışmazlığı və problemlərin həllinə  yönəlmiş bir missiya olacaq. Universitet statusu, xüsusilə vacib sahələr: laboratoriyalar, klinikalar, sahə təcrübəsi və elmi tədqiqatlara hədəflənmiş  maliyyələşdirməni (elmi tədqiqat layihələri, inkişaf proqramları) cəlb etməyə imkan verəcək. Baytarlıq və biotexnologiyanı (genetika, molekulyar biologiya və vaksinalogiya) özündə birləşdirən bir universitetin yaradılması  yüksək patogenli xəstəliklərin qarşısını almaq, bioloji təhlükəsizliyi və sağlamlığı artırmaq üçün elmin qabaqcıl sahələrində işləməyə qadir mütəxəssisləri yetişdirəcək” deyə Şəlalə Zeynalova bildirib.

Link kopyalandı!
Son xəbərlər