“Dəyərli paşamızın 51 yaşı tamam oldu. O şəhid olanda 45 yaşı var idi. Polad 28 il orduda xidmət edib. Onun 2 ilini təhsil alıb, qalan 26 ilini ancaq hərbi hissələrdə xidmət göstərib. 26 ilin 4 ilini dağlıq, yüksək zirvələrdən kənarda olub. Qalan illərin hamısını Azərbaycan ordusunun yerləşdiyi ən kəskin zirvələrdə xidmət edib.
Murovdağ silsiləsində, Daşkəsəndə və s. yerlərdə. O qədər şərəf və ləyaqətlə xidmət göstərib ki.. Şəhid ailələri, köhnə hərbçilər, qazilərimiz tez-tez gəlib Poladın ocağını ziyarət edirlər. Sağ olsunlar. O qədər gözəl xatirələr danışırlar ki.. Deyirlər ki, orduya hələ belə bir insan gəlməyib. Bundan sonra da gəlməyəcək. Danışırlar ki, bəzən yüksək rütbəlilər yaxınlaşanda hər kəs qaçırdı, gözünə görünməməyə çalışırdı, amma Polad gələndə hamı istəyirdi onunla salamlaşsın, görüşsün. Heç o vaxt general da deyildi. Hamı onun yanına gedib dərdini danışırdı, hər kəsi dinləyirdi.. Polad hərbidə hamının problemi ilə maraqlanıb. O qədər istiqanlı və mərhəmətli insan idi ki.. Onun bu mərhəməti ailədən gəlirdi. Mənim atam ziyalı insan idi. O metallurgiya üzrə böyük insan olub. 1988-ci ildə Qərbi Azərbaycanlıların öz torpaqlarından deportasiya edilməsi, evdə gedən söhbətlər, onlara olan qayğılar, diqqətlər hamısı Poladın gözünün qabağında cərəyan edib. Polad demək olar ki, bu hadisələrin içində böyümüşdü. Atadan, anadan gördüyü nə var idisə hamısını cəmləşdirib, onu orduda əks etdirdi. Həqiqətən də hər övlad öz ailəsinin güzgüsüdür. İnanın ki, atam Azərbaycanda ilk dəfə milli ordu yarananda onun hesabına pul köçürmüşdü. Qarabağdan yaralılar gələndə qospitala gedib onları ziyarət edirdi, sovqat aparırdı. Bunların hamısını Polad görmüşdü. Bu da Poladın tərbiyyəsində, əxlaqında, insanlara münasibətində özünü necə lazımdır əks etdirdi”
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O daha sonra əlavə edib:

“28 il müddətində Qarabağın azadlığına gedən yolu Polad ilmə-ilmə hördü. O vətəni sevdirməklə, əsgərlərin arasında apardığı söhbətlərlə, vətən sevgisini aşılamaqla bu yolu hördü.. Onun əməyi boşa getmədi. Paşamızın 2020-ci il iyul ayının 14-də şəhidliyindən sonrakı gecəni yəqin ki, bütün Azərbaycan xalqı xatırlayır.
Həmin gecəni unutmaq mümkün deyildi. Xalq paşamızın qisasını almaq, Qarabağı geri qaytarmaq üçün ayağa qalxdı. O xalq 44 günlük vətən müharibəsində həm generalımızın qisasını aldı, həm Qarabağ torpaqları çox şükür işğaldan azad olundu. Bu gün bizim o torpaqlara xalqımz gedib-gəlir. O torpaqların azadlığının zövqünü alır. İnsanlar yavaş-yavaş yurdlarına köçürlər. Polad özü görməsə də əminəm ki, 44 günlük müharibədə onun ruhu olub. Əmin olmaq istəyirəm ki, onun ruhu şaddır. Yaxşı ki, o mənim qardaşımdır. Yaxşı ki, o bu dünyaya gəldi. O Azərbaycanın cumhuriyyət tarixinə səngərdə, əsgərinin yanında şəhid olan ilk general kimi düşdü. Əbədiyyən tarixdə qalacaq. Hərbi və orta məktəblərdə təhsil alan gənclər üçün Polad Həşimov örnəyi tədris olunmalıdır. Onun keçdiyi yol, vətənə xidməti, əsgərə münaibəti uşaqlara öyrədilməlidir. O deyirdi ki, “yaxşı əsgər general olmaq istəyən əsgərdir”. Bu gün hər bir əsgər general olmaq üçün çalışmalıdır. Amma bu zirvəyə hansı yollarla getməlidirsə, bax paşamız bunu göstərdi. Allah onun əməyini qiymətləndirdi. Sakit, səssiz iş görən, gözə girməyə çalışmayan bir insanı görün allah necə yüksəklərə qaldırdı. O bir dəfə yaxasına orden, medal taxmadı. Həmişə deyirdi ki, “torpaqları işğalda olan insanın yaxasına orden, medal taxması mənə gülünc gəlir”. Amma bu gün o orden və medalları müharibədə qəhrəmancasına döyüşmüş oğullarımız qürurla daşıya bilərlər. Çünki onlar azad olunmuş torpaqların övladlarıdır. Bu torpaqdan bir Polad keçdi.. İstəyirəm ki, hər kəs övladını Polad kimi mərhəmətli, düzgün, ədalətli böyütsün. Poladda kibir, yalan yox idi. Polad bir şəxsiyyət idi. Mən Poladın həyatının bütün gənclərimizə örnək olmasını, öyrədilməsini istəyirəm. Polad hər zaman bizim üçün 45 yaşında qalacaq. Gözəl gülüşünlə xatirələrdə yaşayacaqsan, paşam” deyə o bildirib.