“Pentaqonun ötən il paylaşdığı 100 səhifəlik “Çin Strategiyası” adlı sənəddə Çinin Tayvanı 2027-ci ilə qədər alacağı proqnozlaşdırılır...”
“2026-cı ildə cənub qonşumuz İranın uzun müddətli savaşlara girəcəyini proqnozlaşdıra bilərik...”
“2026-cı il yaxın tariximizə böyük müharibələrin başlanması dövrü kimi düşəcək. Bu il Ukrayna-Rusiya arasında gərginlik artmaqla qalmayacaq, tamamilə fərqli coğrafiyalarda da böyük müharibələr çıxacaq”.
Bunu Moderator.az-a açıqlamasında “2026-cı ildə Azərbaycanın və dünyanın siyasi və iqtisadi həyatında hansı yenilikləri gözləyirsiniz?” sualını cavablandırarkən siyasi şərhçi Heydər Oğuz söyləyib.
Ardınca analitik böyük müharibələrin çıxacağı ehtimal olunan bölgələri təsnif edib və həmin savaşlar üçün zəmin yaradacaq geo-siyasi və geo-iqtisadi situasiyaları şərh edib :
Sakit okean:
Sirr deyil ki, Çin son zamanlar iqtisadi və hərbi böyümə sayəsində ABŞ-ı geridə buraxmaq əzmi göstərməkdədir. Bir çox müşahidəçilərin fikrincə, Çinin qarşısı alınmasa, 2030-cu ilə qədər o, dünyanın ən böyük iqtisadi və hərbi qüdrətinə çevriləcək. ABŞ perspektivin qarşısını almaq üçün onun okeanlara çıxışını əngəlləməyə çalışır. Bu məqsədlə də Çini çevrələmə siyasəti yürüdür. Çini çevrələmə siyasətində üzərində durulan əsas strategiya onun Birinci Adalar Silsiləsi adlanan coğrafiyadan kənara çıxmasına imkan verməmək, onu Cənubi və Şərqi Çin dənizinin qismən dayaz sularına həbs etməkdir. Birinci Adalar Silsiləsi Yaponiya, Tayvan, Okinava və Filippinlər adalarını əhatə edərək Malayziyaya qədər uzanır. Bu adalar silsiləsində hərbi baxımdan ən qüdrətli ölkə Yaponiyadır. Yaponiyada ötən il hakimiyyətə gələn Sanae Takaiçinin bir müddət əvvəl dilə gətirdiyi bəzi ifadələr Çini bərk narahat etdi və Pekin Tayvan adaları ərtafında tarixinin ən böyük hərbi təlimlərinə başladı. Qeyd edim ki, Takaiçi həmin açıqlamasında Çinin Tayvanı ələ keçirməsi halında Yaponiyanın onunla savaşacağını bildirmişdi. Bu da Çinlə Yaponiya arasındakı gərginliyi az qala müharibə həddinə qədər gərginləşdirmişdi...

ABŞ-ın bu yaxınlarda dərc etdiyi “Təhlikəsizlik Strategiyası-2025” adlı doktrinasına nəzər saldıqda Sakit okeanda suların isinməsinin əsil səbəbini anlaya bilərik. Həmin doktrinada açıq şəkildə ABŞ-ın əsas düşməninin Çin olduğu, amma bu ölkəyə qarşı təkbaşına mübarizə aparılmayacağı, ətraf coğrafiyalardakı müttəfiqlərin də bu müharibəyə cəlb olunmasının vacibliyi vurğulanmışdı. Yaponiyanın yeni Baş naziri Takaiçinin sözügedən açıqlaması da məhz həmin ərəfəyə düşmüşdü. Görünən budur ki, ABŞ Sakit okeandakı müttəfiqlərini başına toplayıb Çinlə ağır döyüşlərə hazırlaşır...
Yeri gəlmişkən, ABŞ-ın Çin çevrələmə strategiyası yalnız Birinci Adalar Silsiləsi ilə məhdudlaşmır. Bundan əlavə İkinci və Üçüncü Adalar Silsilələri də mövcuddur. İkinci Adalar Silsiləsi Yaponiyadan başlayıb, İndenoziyada tamamlanır. Üçüncü Adalar Silsiləsi isə Alyaskadan başlayıb Sakit okeanın ortasından keçərək Yeni Zellendiyaya qədər uzanır. Mütəxəssislərin fikrincə, Çin Tayvanı ələ keçərərsə, Birinci Adalar Silsiləsi “cəbhə xəttini” yaracaq və İkinci Adalar Silsiləsinin mövcudluğu təhlükə altına düşəcək. Pentaqonun ötən il paylaşdığı 100 səhifəlik “Çin Strategiyası” adlı sənəddə Çinin Tayvanı 2027-ci ilə qədər alacağı proqnozlaşdırılır. Bir çox mütəxəssislər isə bunun daha erkən baş verəcəyini düşünürlər. Yəni 2026-cı ildə. Bu isə 2026-cı ildə Sakit Okeanda böyük müharibələrin çıxacağına işarədir...
Hind okeanı...
ABŞ-ın Çini çevrələmə siyasətinin əsas məqsədi onun Hind okeanına çıxmasını əngəlləməkdir. Bu sahədə əsas yük, təbii ki, Hindistanın çiyinlərinə düşür. Hindistan Çin dənizinə gedən Malakka boğazına tam nəzarət etməklə Çinin Hind okeanına çıxışını bağlamaq imkanına malikdir. Hindistan əngəlini aşmaq üçün Çinin 3 variantı var. Bunlardan biri Pakistan, digəri isə Myanmar üzərindən Hind okeanına çıxmaqdır. Üçüncü variant isə dəniz yollarından tamamilə vaz keçib “Bir Yol- Bir Kəmər” layihələrinə üstünlük verməkdir. Təxmin edirəm ki, 2026-cı ildə həm dəniz, həm də “Bir Yol, Bir Kəmər” mültimodal dəhlizinin cənub marşrutunu əngəlləmək üçün Hindistanla Pakistan arasında növbəti qarşıdurmalara şahid olacağıq. Myanmarın qarışacağı xəbərlərinin gəlməsi də ehtimallar arasındadır.

Hind okeanı hövzəsində bir başqa gərginlik ocağının İranda yaşanacağı gözlənilir. Son zamanlar ABŞ-ın İranı açıq-aşkar hədəfə almasının əsas səbəbi təkcə İsraili qorumaq arzusundan irəli gəlmir. Əsas məqsədlərdən biri də İranı bəhanə edərək ABŞ hərbi donanmasının Oman körfəzinə yerləşməsidir. ABŞ hərbi gəmiləri bu körfəzə yerləşməklə həm İranın, həm də Pakistanın Hind okeanına çıxışını tam nəzarət altına ala bilər. Fikrimcə, Pekin də bunun fərqindədir və o, İranı ABŞ və İsrailə qarşı dəstəkləyərək təhlükəni Sakit okeandan uzaqlaşdırmağa çalışacaq. Necə ki, Ukrayna savaşında da məhz eyni məntiqlə Rusiyaya ciddi dəstək verir. Bu məntiqlə məsələyə yanaşsaq, 2026-cı ildə cənub qonşumuz İranın uzun müddətli savaşlara girəcəyini proqnozlaşdıra bilərik...
Qırmızı və Aralıq dənizləri:
Dünya dəniz ticarət yolunda önəmli nöqtələrdən biri də Qırmızı dənizdir. Hind okeanı marşrutunun son nöqtəsində yerləşən Qırmızı dəniz dünya dəniz ticarətinin 15-20 faizinə ev sahibliyi edir. Qırmızı dənizin ən kritik iki nöqtəsi var – Süveyş kanalı və Babül-Məndəb boğazı. Bu iki keçid nöqtəsi uğrunda geo-siyasi müharibələr xüsusilə son zamanlar getdikcə geniş vüsət almağa başlayıb. Somali, Sudan, Misir və Şərqi Aralıq dənizində yerləşən Suriya və Liviya geopolitik müharibələrin əsas mərkəzinə çevriləcək. Bu sahə uğrunda müharibəyə Türkiyənin də qarışacağı gözlənilir. Türkiyənin qarşısında isə İsrail və Yunanıstan kimi dövlətlər var. Böyük ehtimalla ABŞ bu proseslərə müdaxilə edəcək və Türkiyə-İsrail arasında ümumi razılaşmalar əldə olunacaq. Amma nə olursa olsun, Suriyanın şimalındakı “PKK” uzantılarına qarşı Türkiyə və “HTŞ” qüvvələrinin birgə əməliyyata başlaması qaçılmaz kimi görünür. ABŞ-ın bu məsələdə Türkiyənin yanında dayanmaqdan başqa bir çarəsi yoxdur. Əks halda Çin və Rusiyaya qarşı “Türk dünyası” bufer zonasını yarada bilməz. Bütün bu amilləri nəzərə alsaq, Suriya və İraqda da 2026-cı ilin sakit keçməyəcəyini söyləmək mümkündür.
Azərbaycan və Cənubi Qafqaz:

Yuxarıda da qeyd etdiyimiz kimi, üzü Sakit və Hind okeanlarına bağlanan Çin “Bir Kəmər - Bir Yol” multimodal dəhlizinə yönəlməyə məhkumdur. Bu marşrutun ən kritik hissəsi də Azərbaycandan keçir. Sözügedən dəhlizdə ən önəmli və kritik nöqtə isə Zəngəzur xəttidir. ABŞ bu yola nəzarəti ələ almaq üçün indidən Zəngəzur xəttini öz öhdəsinə götürüb. 2026-cı ildə bu istiqamətdə müəyyən addımlar atılacaq. Xüsusilə də Avropanı Mərkəzi Asiyaya bağlamaq üçün bu dəhlizdən istifadə olunacaq. Amma Çinin bu dəhlizə yaxınlaşmasına imkan verilməyəcək. Çin və ABŞ arasındakı bu rəqabət, sözsüz ki, Cənubi Qafqazdan yan keçməyəcək. Buna baxmayaraq, Avropa ilə Mərkəzi Asiyanı bir-birinə bağlayan və Çini kənarda qoyan Orta Dəhlizin açılmasının belə. Azərbaycanın iqtisadiyyatına müsbət təsirləri olacaq. Qırğızıstandan və Tacikistandan Türkiyəyə, hətta Qırmızı dənizin cənublarına – Somaliyə, şimalda isə Avropanın ən qərb hissələrinə qədər geniş ərazilərə uzanan bu dəhliz gələcək dünya iqtisadiyyatının da qan-damar sisteminə çevriləcək. Azərbaycan bu avantajın verdiyi imkanlardan yararlana bilsə, yeni dünya düzəninin önəmli ölkələrindən birinə çevrilə bilər. Bu fürsətdən faydalana biləcəyikmi? Məncə, bundan faydalanmamaq belə, bizim əlimizdə olmayacaq. İstəsək də, istəməsək də yeni dünyanın bir parçasına çevrilmək, böyüyən Çinə və militarist Rusiyaya qarşı cinahda yer almalıyıq. Bütün bunları hesaba qatsaq, Azərbaycanın yaranan yeni konfiqurasiyadan qazanclı ayrılacağını təxmin edə bilərik. Təbii ki, bunun uğurlu nəticələrini 2026-cı ildə görməyəcəyik. Biz sadəcə bu il haqqında danışdığım projedə ilk addımlarımızı atacağıq..."
Təqdim etdi:
Sultan Laçın