Ekskluziv
1093
18:10, Bu gün

"Nömrəmizi bilirdi, kaş özümüzə zəng edərdi, böyüklük bizdə qalsın"-Mərdana CAVAB - FOTO+ÖZƏL

Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova gənc müğənni Mərdan Kazımovun sosial şəbəkədəki paylaşımına cavab verib. Belə ki, Mərdan AzTV-də yayımlanan Yeni il buraxılışında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların çıxışı zamanı "Cavanlığım" mahnısının aranjmanından ondan icazə alınmadan istifadə edildiyini iddia edib.

Xalq artisti məsələyə Moderator.az vasitəsilə aydınlıq gətirib:


“Bu mahnını oxuyarkən biz lazımı yerdən icazəsini almışdıq. Biz bu mahnını efir üçün yox, solo konsertimizin sonunda tələbələrimizlə birgə ifa etmişdik. İstədik ki, o uşaqları da səhnəyə gətirək. Biz konsertimizdə sadəcə “Mary Band”-i işıqlandırmaq istədik. Bu aranjimanın da onlara aid olduğunu bilirdik. Onları solo konsertimizə dəvət etməklə dəstək olmaq istədik. Çünki bu qrup bizim ailə məclilərində, qohumlarımızın məclislərində təmənnasız iştirak edib. Bilirsiniz ki, “Mary Band” band qrupları içərisində ilk yaranıb. Orijinaldan söhbət gedir. Sən demə bizdən sonra hamı “Mary Band”-ə müraciət edib. Heç bizim xəbərimiz yoxdur ki, həmin minus kimin olub? Gülyazla da danışılıb, hər yerə də açıqlama verilib. Nə Mərdan bizdən incikdir, nə də biz ondan. Ona da məsələ bəlli olub. illərdir özümüzün minuslarını gənclərə, tələbələrimizə veririk.

İcazəsiz götürüb oxuyanlara da halallıq veririk. Qoy onlar da oxusunlar, parlasınlar, gələcəklərini qura bilsinlər. Çünki biz xalqın sevgisini qazanmışıq, şükür dövlətdən də layiqli qiymətimizi alıb, diqqət görmüşük.

Arzulayanlara da qoy nəsib olsun. Bizim belə qalmaqallara ehtiyacımız yoxdur. Əvvəla mənim də, Gülyaz xanımın da, köməkçimizin də Mərdanın özündə və ailəsində nömrəmiz var. Bu paylaşımları etməzdən öncə zəng edib bizim özümüzlə əlaqə saxlaya bilərdi, bizə deyə bilərdi. Edibsə də eybi yox. Biz böyüyük, yenə də onun üstünə getmirik. Biz öz böyüklüyümüzü göstərməliyik. Ona da səhnə uğurları arzu edirik. Allah onun da yolunu, gələcəyini ən azından bizimki qədər uğurlu, işıqlı etsin. Əslində "Cavanlıq", "Sev kardeşim" mahnılarını Zeynəb Xanlarovadan sonra biz ifa edib, gündəmə gətirmişik. Bu mahnılar bizim repertuarımızda hər zaman olub. Təkcə "Cavanlığım" mahnısını Zeynəb xanımdan sonra Zaur Rzayev oxumuşdu" deyə sənətkar bildirib.


Xalq artisti bildirib ki, heç kim onların adını qalmaqal məqsədilə çəkib, efirdə dilinə gətirə bilməz:


“Mərdandan başqa bu yaxınlarda efirlərdən birində də belə bir söhbət oldu. Bizim adımızı bizdən icazəsiz heç kim hallandıra bilməz. Kimsə şəxsi mənafeyinə görə efirdə adımızı çəkir, başqa nələrsə edir. Bu kimi mövzulara da yol vermirik. Özünüz də görürsünüz ki, heç bir qalmaqalda biz yoxuq. Olayacağıq da. Tək bu mövzunu nəzərdə tutmuram, başqa mövzular da var. Bizə deyirlər, çəkib atırlar. Kim-kimdən küsüb, barışıb bunun bizə aidiyyatı yoxdur. Ümumiyyətlə efir, televiziya heç kimin şəxsi mənafeyini işıqlandırmaq üçün deyil. Efir mədəniyyət ocağıdır. Efirə çıxan hər kəs musiqisindən, mədəniyyətindən danışsın. Mən televiziyada əxlaq, mədəniyyət, abır, ismət görmək istəyirəm. Məni yalnız bu maraqlandırır” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər