Əsərin qəhrəmanı əslində böyük bir günah sahibidir və altına girdiyi günahın cəzasını çəkməyə məhkumdur, -istər öz vicdanın hökmüylə, istər ictimai qınaq, istərsə də qanun yoluyla...
Amma, bütün zamanlarda olduğu kimi, günümüzdə də cəmiyyət, bəzən bu günahı işləyənləri deyil, bu günahın qurbanı olanları mühakimə edir. Güc, imtiyaz kimin tərəfindədirsə, dırnaqarası ədalət də onu müdafiə edir. Bu mürəkkəb sosial vəziyyət istedadlı yazıçı Aləm Kəngərlinin “Hamilə qız” povestində müxtəlif aspektlərdən araşdırılıb. Əsərin qəhrəmanı Bəşir müəllim cəmiyyətdə hörmət sahibi olan bir insan kimi tanınsa da, pərdəarxası əməlləri onun heç də məsum olmadığından xəbər verir. Müəllif işlətdiyi incə bir ədəbi priyomla günah sahibinin düşdüyü vəziyyətdən çıxış yolu aramaq istəyini nümayiş etdirsə də, əslində məqsəd heç də bir fərdin problemini deyil, müasir dövrün problemlərini üzə çıxarmaqdan ibarətdir. Müəllif, əsərin qəhrəmanı Bəşir müəllimin dostu, tanınmış şair Xeyrulla Təmkinin sosial şəbəkə üzərindən xaqla müraciəti vasitəsilə neçə oxşar problemi aşkar edir. Sosial şəbəkə iştirakçılarını hadisənin müzakirəsinə cəlb etməklə, cəmiyyətimizdəki bir sıra mənfi xüsusiyyətləri üzə çıxararaq zamanın özünü mühakimə edir. A. Kəngərlinin “Hamilə qız” povestinin qəhrəmanı Bəşir müəllim Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin Xudayar bəyi deyil, Xudayar bəyin əməlləri göz qabağındadır və hamı onun nə əməlin sahibi olduğunu yaxşı bilir. Günümüzdə baş verən bu tip hadisələr isə, Danabaş kəndində baş verən neqativ hadisələrdən heç nə ilə fərqlənmir, sadəcə forma dəyişir, mahiyyət isə eynidir…
Bəşir müllimin günahı heç də Xudayar bəyin günahlarından az deyil, əksinə, bəlkə də daha təhlükəli, daha mənfurdur. Əsərin baş qəhrəmanı Bəşir müəllim bir xanımı, bir ailənin gənc qızını, gələcəyin anasını bədbəxt edib. Amma bu əməlini gizli törətdiyi üçün və qurbanının aşkara çıxıb özünü cəmiyyətdə müdafiə etmək imkanları məhdud olduğu üçün, üstünlük günah sahibində, Bəşir müəllimdədir. Yalnız, müəllif qəhrəmanın ətrafında cərəyan edən hadisələr vasitəsilə, günah sahibinə təsir etməyə çalışır. Onu qız, gəlin, nəvə sahibi olduğu, günahlarının qapısına qədər gəlməsi ilə xəbərdar edir. Sosial şəbəkə istifadəçiləri Bəşir müəllimi deyil, onun qurbanı Jaləni ittiham edir. Bu ədalətsizliyin səbəbi isə tanınmış şair Xeyrulla Təmkin tərəfindən Bəşir müəllimin haqlı, Jalənin günahkar kimi təqdim olunmasıdır. Müəllif işlətdiyi ədəbi priyomla təkcə Bəşir müəllimin deyil, bütün cəmiyyətin bir sıra günahlarını ortaya çıxarır. Bununla da, müəllif müasir cəmiyyətin nə kimi problemlərlə üz-üzə qaldığını, milli-mənəvi dəyərlərimizin getdikcə deqradasiyaya uğramasını, tənəzzülünü Bəşir müəllimin simasında təkcə bir fərdin deyil, bəşəriyyətin faciəsi kimi göstərir, bu bəlalardan qurtarmaq yollarını arayır. Arif Türkoğlu adlı bir sosial şəbəkə istifadəçisi adından göndərilən “Dövlətimiz, xalqımız üçün əhəmiyyətli, vacib olan problemlərin gündəmdə qalmasına nail olmalı, alimlərimizi, ziyalılarımızı, millət vəkillərimizi bu sahədə birgə çalışmağa sövq etməlisiniz. Eyni zamanda rüşvətxor məmurları başa salmalı, inandırmalısınız ki, belə getsə,onların qeyri-qanuni yolla topladıqları varidatdan sabab əsər-əlamət qalmayacaq. Fikrimcə, onları haqq yoluna döndərmək missiyası məhz siz yazarların üzərinə düşür.” – ismarıcıyla ziyalıların üzərinə düşən məsuliyyəti xatırladır. Dostunun qarşılaşdığı vəziyyət üzərindən cəmiyyətin problemlərini aşkar edən tanınmış şair Xeyrulla Təmkin “Bəli, siz haqlısınız, Arif müəllim. Xalqımızı, düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün biz hamılıqla həmrəy olmalı və bütün səylərimizi birləşdirməliyik.” – deyə cəmiyyətin həyatında baş verən bütün neqativ hallara görə ziyalıların məsuliyyət daşıdığını etiraf edir.
Kitabda yer alan “Ona de ki” hekayəsinin süjet xətti bir-birini sevən iki gəncin faciəsinin üzərində qurulub. Aləm Kəngərlinin özünəməxsusluğu ondan ibarətdir ki, ənənəvi olaraq qəhrəmanlarını sevgiləri uğrunda mübarizəyə sövq etmir. Bu günün həqiqəti, bu günün reallığı nədirsə, hadisələr də bu reallıq və həqiqət üzərində yüksəlir. Müəllif qəhrəmanlarını zamana və zamanın tələblərinə boyun əyməyə məcbur edir. Çünki həqiqət və reallıq bundan ibarətdir. Biz bədii ədəbiyyatda qəhrəmanların dirənişini və sona qədər mübarizə aparmasını, defakto məğlub olsa da, cismən əzilsə də, mənən qalib olduğunu görməyə öyrəşmişik. Bu hekayəsində isə Aləm Kəngərli əsil həqiqəti ortaya qoydu. Sevgilisinə “de ki, məni bağışlasın” ismarıcı göndərməklə süni mübarizə və nəticəsiz dirənişlərlə oxucunu aldatmayaraq, həqiqəti meydana çıxardı.
Gözlənilməz sonluqla bitən “Yubiley” hekayəsində müəllif oxucunu sona qədər intizarda saxlayır. 60 illik yubileyini keçirməyə hazırlaşan Cavanşir müəllimin ətrafında baş verən hadisələr, bir tərəfdən elimizin “uman yerdən küsərlər” məsəlini xatırlatsa da, digər tərəfdən qərar vermək üçün tələsməməyi, səbrli olmağı tövsiyə edir və qəhrəmanına səbrsizliyinin utancını yaşadır.
Yumor notları üzərində qurulan “Deputatlığa namizəd” hekayəsi əsl ictimai faciənin tərənnümüdür. Müəllif milli məclisə namizədliyini irəli sürən Rüşvən Pazzadənin seçki təbliğatını yalan üzərində qurmasına baxmayaraq, qalib gəldiyinin, deputat seçildikdən sonra isə bir daha seçicilərinin arasında görünməməsinin günahını gündəlik dolanışıqlarını düşünən seçicilərinin özlərində görür.
Aləm Kəngərlinin qısa həcmli “Mənə söz vermədilər” hekayəsi daha böyük, qlobal problemləri özündə ehtiva edir. Bakıda keçirilən dördüncü ədəbiyyat festivalına dəvət alan qəhrəman tədbirə getməzdən qabaq televizorda Fələstində baş verən hadisələri, günahsız körpələrin qətlə yetirilməsi xəbərini izləyir. Tədbirdəki çıxışında yazarları bu haqsızlığa qarşı susmamağa çağıracağını qarşısına məqsəd qoyur. Və beynində belə bir mətn düşünür: “Əziz və sayğıdəyər söz adamları! Şəhərimizin hörmətli qonaqları!
Gəlin, günahsız yerə qırılan, məhv edilən insanların – körpələrin, qocaların, anaların, bacıların harayına, fəryadına səs verək! Bu qırğınlara fərman verən cəlladlara qarşı birlikdə mübarizə aparaq. Hegemon dövlət rəhbərlərinə, despotlara hamımız birlikdə “Dur!” deyək. Əgər bunu etməyəcəyiksə, biz kimə lazımıq, bura niyə yığışmışıq?! Əgər susacağıqsa, bizim haqq-ədalətdən danışmağa, insanların üzünə baxmağa haqqımız varmı?!” Ədəbiyyat mövzusunda keçiriləcək festivalda dünya yazarlarını haqqa, ədalətə dəstək verməyə çağıracağını qarşısına məqsəd qoyan söz adamına tədbirdə söz verilmir. Əslində o, digər festival iştirakçıları kimi qalib olmaq, mükafat olmaq niyyətində deyildi. Yalnız çıxış etmək, əzilənlərin dərdlərini anlatmaq istəyirdi. Amma ona söz vermədilər…
Bu hekayəsi ilə müəllif dünyada baş verən bütün haqsızlıqlara qarşı söz adamlarını, qələm sahiblərini birlikdə mübarizə aparmağa, ədalətsizliklərə, haqsızlıqlara qarşı barışmaz olmağa, susmamağa çağırır, bir olmaq ideyasını ortaya qoyur. Nə yazıq ki, ən ülvi hisslərlə cilalanmış ədəbiyyat festivalında da haqqa çağırışa, ədalətə dəvətə qapılar bağlı olur. Və dünyanın gözünün kor olduğu, ikilistandartların mövcudluğu müəllifi mütəəssir edir.
“Qatarda 18 əhvalat” kitabından da gördüyümüz kimi, mütərəqqi bir yazar olaraq Aləm Kəngərli dövrün, zamanın problemlərindən çıxış yollarını arayır və tərəqqini, inkişafı insanların birliyində, insanpərvərlikdə, dünyanın düzənini demokratiyanın inkişafında görür.
A.Kəngərlinin kitaba topladığı digər hekayələri və esseləri də ideya, məna baxımındaq çox əhəmiyyətli, məzmunca dolğun, təhkiyə və dil etibarilə oxunaqlı, hər kəsin başa düşə biləcəyi sadə dildə yazılıb. Az sözlə böyük mənalar ifadə etmək, kiçik mətnlə böyük mətləblər ortaya qoymaq A. Kəngərli yaradıcılığının əsas xüsusiyyətləridir. Hər kəsin görüb, amma ortaya çıxara bilmədiyi mətləbləri güclü müşahidə yolu ilə ədəbi hadisəyə çevirmək yazarın yaradıcılığında diqqətçəkən məqamlardandır.
Aləm Kəngərlini yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, yaradıcılıq uğurları diləyir, yeni əsərlərini gözləyirik.
Etibar Muradxanlı.