“Yenə deyirəm: mən bu sualların cavabını tapa bilmirəm. Ancaq mənə elə gəlir ki, meydandakı proseslər hardasa bir mərkəzdən idarə olunur və həmin mərkəzə lazım olan istiqamətə yönəldilirdi...”
17 noyabr - 5 dekabr 1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik(
burada:):
“Kitabın bu epizodunda diqqəti cəlb edən məqamlardan biri də rayonların partiya komitələrinin 1-ci katiblərinin Meydan üçün yığdıqları pulun Nemət Pənahovun adamına çatdırılmasıydı…Çox maraqlıdır ki, televiziya ilə rəsmi çıxışlarında Meydana toplaşanları ekstremist qüvvələr adlandıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərləri nədən bir zavod fəhləsinin yaratdığı fonda rayonlardan, həmçinin idarə, müəssisə, ali məktəb, fabrik, zavodlardan və s. pul toplanmasına imkan verirdi?”
Nemət Pənahlı artıq saytımızda bu suala cavab verib(
burada: ).
Moderator.az-a açıqlamasında Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə bu suall belə cavablandırıb:
“Bəli, mənim üçün də maraqlıdır ki, bayırda- mitinqlərdə Nemət sovet-rus imperiyasına, Kommunist partiyasına qarşı alovlu çıxışlar edir, amma rayonlardan, idarələrdən Mərkəzi Komitənin göstərişi ilə yığılan pullar onun meydanda çadırda oturan adamına çatdırılırdı. Hətta həbs edilib istintaqa cəlb olunduqdan sonra da “KQB” müstəntiqləri içəridə Nemət üçün sanki bir üstün, imtiyazlı şərait yaratmışdılar. Onu həbs etməkdə əsas məqsəd o idi ki, onun vasitəsilə istintaqa daha çox adam cəlb etsinlər və bir çox məsələləri açsınlar. Nemətin hətta Moskva ilə də əlaqəsi olub. Sonradan məlum oldu ki, Rafael Allahverdiyevlə Şubanı bağından əlaqə saxlayıb...
Sanki respublika üzrə bütün zavod, fabriklər, təşkilat, idarə və müəssisələr də vahid bir mexanizm kimi meydana işləyirdi: Moskva Bakıda fövqəladə vəziyyət elan edib, ətrafda daxili qoşunlar, tanklar dayanıb, amma hər şey öz qaydasındadır... Yenə deyirəm: mən bu sualların cavabını tapa bilmirəm. Ancaq mənə elə gəlir ki, meydandakı proseslər hardasa bir mərkəzdən idarə olunur və həmin mərkəzə lazım olan istiqamətə yönəldilirdi. Pul yığılma məsələsi mənim meydanı idarə etdiyim dövrdə olmadığı üçün o barədə çox şeyi bilmirəm...

Onu da deyim ki, istintaq zamanı sanki Nemət özü dindirirdi məni... Üzləşmələr zamanı o məni ittiham edirdi ki, sən hardan bilirdin ki, meydana ərzaq, yemək gətiriləcək. Mən də ona da müstəntiqə də sual edirdim ki, deyin görək, nə vaxtdan- mitinqlərin hansı günündən sonra, kimlər meydanı idarə etməyə başlayandan sonra oraya ərzaq gəlməyə başlayıb. Və meydanda olanda biz məlumat alırdıq ki, bütün bu yardımlar mərkəzləşmiş qaydada, bütün rayon və şəhərlərdən təşkil olunub...
Bir iş də var ki, istintaq materiallarından bəlli olur ki, Nemət Pənahlı özü mitinqlər vaxtı xalq hərəkatının digər liderləri ilə birgə hökumətlə danışdıqlarını etiraf edir. Onun sözlərinə görə, Mərkəzi Komitədən mitinqlər vaxtı nə kömək lazım olsa, hərtərəfli dəstək verəcəklərini, lazım olan vaxtda milisin də komək edəcəyini bildiriblər. Mən istintaq materiallarının çox hissəsinə baxmışam, Nemət Pənahlının bir neçə yerdə bu cür ifadələri var...”
Qeyd:
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın