Milli-mənəvi dəyərlərə hörmətsizlik xalqın keçmişinə həqarət, gələcəyinə təhdiddir
Ekskluziv
1461
16:04, Bu gün

Milli-mənəvi dəyərlərə hörmətsizlik xalqın keçmişinə həqarət, gələcəyinə təhdiddir

Məlum olduğu kimi, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, belə xırda xuliqanlıq əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Milli-mənəvi dəyərlərimizin bütün müstəvilərdə, həyatımızın və fəaliyyətimizin bütün sahələrində, eləcə də sosial şəbəkələrdə qorunması xalqımızın özünəməxsusluğunun hifz edilməsi, inkişafının təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Hər şeydən öncə qeyd edək ki, mill-mənəvi dəyərlər əsrlər, minilliklər ərzində formalaşan, xalqın özünəməxsusluğunu, milli zənginliyini təmin edən başlıca faktordur. Məhz bu faktor xalqı digər xalq və mədəniyyətlərin təsir və dəyərləri qarşısında “əriməyə”, yox olmağa qoymur, xalqın simasını, milli kimliyini qoruyub saxlamağa kömək edir.

Milli-mənəvi dəyərlər həm də  xalqın keçmişi ilə bugünü, bugünü ilə gələcəyi arasındakı körpüdür. Bu körpü nəsillər arasında ruhi bağlılığı təmin edir, onu mənəvi deqradasiyalardan qoruyur. Buna görə də, milli-mənəvi dəyərlərin qorunması xalqın keçmişinə sahib çıxmaqla yanaşı, həm də onun sabahını qorumaq baxımından həyati əhəmiyyətə malikdir. Bu mənada Milli Məclisin 30 dekabr 2025-ci il tarixli iclasında sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik edən, milli-mənəvi dəyərlərimizi kobud şəkildə pozan şəxslərin cəzalandırılmasının müzakirəsi doğru və zəruridir.

Milli-mənəvi dəyərlər xalqın əsas siması, onun özünütəsdiq vasitəsidir və buna görə də toxunulmazdır. Milli-mənəvi dəyərlərə hörmətsizlik xalqın keçmişinə həqarət, gələcəyinə təhdid deməkdir və bu təhlükənin qarşısı hər zaman qətiyyətlə alınmalı, ən sərt şəkildə önlənməlidir. Qloballaşmanın sürətləndiyi, mənəvi və mədəni dəyərlər sisteminin sürətlə iflasa uğradığı dünyamızda milli-mənəvi dəyərlər ən böyük sərvətdir və bu sərvətə alternativ ola biləcək heç nə yoxdur. Buna görə də həm xalq, həm də fərd olaraq bu dəyərlərin keşiyində durmalı, gələcəyimiz naminə mill-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq.  

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər