Ekskluziv
1035
16:58, Bu gün

"Çin Trampın Ukrayna müharibəsi ilə bağlı təşəbbüsünün iflasını gözləyir" - Ekspert rəyi

"Pekin Vaşinqtonun moderatorluğunda gedən prosesi qəbul etmir və sonradan oyuna öz şərtləri ilə daxil olmağa hazırlaşır..."

Çin ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı təşəbbüsünün uğursuzluğa düçar olacağını gözləyir. 

Moderator.az xəbər verir ki, bu barədə siyasi analitik İqar Tışkeviç "unian.net" nəşrinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Pekin bu mərhələdə nə Ukraynanın açıq tərəfini tutur, nə də sülh prosesinə ABŞ-ın dominantlığı altında qoşulmaq istəyir. Tişkeviç vurğulayır ki, Çinin mövqeyi praqmatikdir: Rusiya Pekin üçün ABŞ-la qlobal qarşıdurmada faydalı geosiyasi əks-çəki rolunu oynayır. Bu səbəbdən Çin Ukraynanı açıq şəkildə dəstəkləməkdə maraqlı deyil və Rusiyaya təsir imkanlarını şüurlu şəkildə işə salmır.

Çinin Rusiya ilə münasibətləri və "kölgə dəstəyi"

Analitikin sözlərinə görə, Çinə qarşı səslənən ittihamlar, o cümlədən rus ordusunun Çin komponentlərindən və kommersiya peyk görüntülərindən istifadə etməsi Pekinin dövlət səviyyəsində müharibəyə qoşulduğu anlamına gəlmir. Söhbət əsasən üçüncü ölkələrdə qeydiyyatdan keçmiş "vasitəçi şirkətlər"dən və paralel idxal mexanizmlərindən gedir.

Tışkeviç Ukrayna Müdafiə Nazirliyinin "War & Sanctions" platformasına istinad edərək bildirir ki, Rusiya hərbi sənayesində istifadə olunan bir çox avadanlıq və komponentlər əslində Qərb ölkələrindən gəlir. Statistikaya görə, 2022-ci ildən bəri Rusiya hərbi-sənaye kompleksinə Çindən daxil olan avadanlıqların sayı Almaniya və Cənubi Koreya ilə müqayisədə xeyli azdır.

Onun fikrincə, Çin ikili təyinatlı və hərbi texnologiyaların ötürülməsində son dərəcə ehtiyatlı davranır. Həm Ukrayna, həm də Rusiya əsasən mülki təyinatlı komponentlərdən yığılan dronlardan istifadə edir və Pekin bu bazarı sərt şəkildə bağlamaq istəmir, çünki bu, onun qlobal texnoloji üstünlüyünə zərbə vura bilər.

Pekinin gözləntisi və Ukraynanın problemi

Tışkeviç hesab edir ki, Çin sülh prosesinə daha gec mərhələdə, Trampın təşəbbüsü iflasa uğradıqdan sonra qoşulmaq niyyətindədir. Bu halda Ukrayna müharibəsi artıq Tramp və Si Tszinpin arasında aparılan birbaşa dialoqun mövzusuna çevrilə və tamamilə yeni şərtlərlə müzakirə oluna bilər. Analitik qeyd edir ki, bu kontekstdə Ukrayna XİN rəhbərliyinin Çinə son səfəri və yüksək səviyyəli görüşlər dialoqun bərpa oluna biləcəyindən xəbər verir.

Lakin onun fikrincə, Ukraynanın əsas problemi Çinə dair uzunmüddətli, ayrıca strateji baxışının olmamasıdır. "Çin Polşa və ya Almaniya deyil. O, gələcək iki supergücdən biridir. Belə bir ölkə ilə bağlı ayrıca və sistemli strategiyanın olmaması rasional yanaşma sayıla bilməz", - Tışkeviç vurğulayır.

Nəticə etibarilə, analitikin qənaətinə görə, Ukrayna ilə Çin arasında diplomatik müharibə təhlükəsi yoxdur. Amma Kiyev Pekinlə münasibətlərdə taktiki addımlardan strateji düşüncəyə keçməsə, gələcək qlobal razılaşmalarda kənarda qalmaq riski ilə üz-üzə qala bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər