Ekskluziv
1900
21:39, Bu gün

"Amerikalı milyonçu öz üzərində təcrübə aparır: ölümsüz olmaq istəyir" - "Vesty" 

"Biohaker Brayan Conson 2039-cu ilə qədər bioloji ölümsüzlüyə çatmağı qarşısına məqsəd qoyub..."

Amerikalı sahibkar, multimilyonçu və biohaker Brayan Conson bəşəriyyət üçün fantastik səslənən bir iddia ilə çıxış edib: 2039-cu ilə qədər bioloji ölümsüzlüyə nail olmaq.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Ölümsüzlük iddiası və böyük hədəf

48 yaşlı Conson bu məqsədini sosial şəbəkələrdə uzun paylaşımda elan edib və bildirib ki, hər il keçsə də, onun bioloji yaşı dəyişməməlidir. "Mən 2039-cu ilə qədər əbədi həyata çatmağı planlaşdırıram. Bir il keçir, amma mən eyni bioloji yaşda qalıram. İstəyən hər kəsi mənə qoşulmağa dəvət edirəm", - o, yazıb.

Conson vurğulayır ki, ölümsüzlük ideyası yeni deyil: min illərdir insanlar "gənclik mənbəyi"ni axtarıb. Onun fikrincə, fərq ondadır ki, indi - məhz son iki il ərzində bu məqsədə real şəkildə yaxınlaşmaq üçün elmi imkanlar yaranıb.

Bədən üzərində davamlı eksperiment

Brayan Conson son illərdə uzunömürlülük və anti-age sahəsində ən tanınmış simalardan birinə çevrilib. O, öz bədənini qocalmaya qarşı fasiləsiz elmi eksperimentə çevirib. Tibbi protokollar, gündəlik sərt rejimlər, dəqiq bioloji ölçmələr - bütün bunlar "Blueprint" adlı layihənin əsasını təşkil edir.

Conson bu layihə çərçivəsində qocalma prosesini yavaşlatmaq, hətta geriyə çevirmək cəhdlərini açıq şəkildə sənədləşdirir. Onun sözlərinə görə, təbiət artıq ölümsüzlüyün mümkün olduğunu göstərib. Hidra adlı canlı qocalmır, "Turritopsis dohrnii" meduzası hüceyrələrini yenidən "gəncləşdirə" bilir, xərçəngkimilər isə DNT-ni qoruyan telomeraza fermentini aktiv saxlayır. 

"Bu proqramı insanlara köçürməliyik", - Conson bildirir. O, etiraf edir ki, hazırda tam təhlükəsiz "ölümsüzlük resepti" yoxdur və bəzi eksperimental müalicələr hətta xərçəng riski yarada bilər. Lakin bunun mühəndislik problemi olduğunu düşünür.

Süni intellekt, risklər və ümid

2039 hədəfinin seçilməsi süni intellektin sürətli inkişafı ilə əlaqələndirilir. Conson deyir ki, süni intellekt artıq sadəcə alət deyil, elmi kəşfləri sürətləndirən tərəfdaşa çevrilir. Onun fikrincə, bəşəriyyət hazırda "özünü məhv edən bir növ" kimidir: yanlış qidalanma, həyat tərzi və kommersiya maraqları insanlara zərər vurur.

Altı il əvvəl özünü yorğun, iltihablı və vaxtından əvvəl qocalmış hesab edən Conson indi bədəninin bir çox göstəricilərinin 18 yaş səviyyəsində olduğunu deyir. Bununla belə, hər şey ideal deyil: eşitmə problemi və beynin bioloji yaşı hələ də tam geriyə dönməyib. Növbəti mərhələdə o, laboratoriyada öz orqanlarının minlərlə "klonunu" yetişdirərək dərman və molekulları əvvəlcə onların üzərində sınaqdan keçirməyi planlaşdırır.

Conson sonda vurğulayır ki, ölümsüzlük bəlkə də əsas məqsəd deyil. Əsas olan insanlarda gələcəyə ümid və maraq oyatmaqdır. "Bütün etdiklərimi açıq şəkildə paylaşacağam. Bəlkə də tarixdə ilk dəfədir ki, bizə bu anda yaşamaq şansı düşüb. Ümid edirəm, varlığımızın dəyərini qorumağa cəsarətimiz çatacaq", - o, yazır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər