“Sonda dekabrın 4-dən 5-ə keçən gecə Nazirlər Sovetinin qərarıyla ilə meydandakı insanlar hərbçi və milis gücünə dağıdılsa da, 1988-ci ilin payızındakı o xalq hərəkatın davam etdiyi günlərdə hökumətin dəstəyi maraqlı bir fenomen idi..."
17 noyabr-5 dekabr 1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik(
burada:)
...Bəs mahiyyətcə, bəzi çıxış və şüarlarına görə Sovet-rus imperiyası- SSRİ-nin dağılmasına yönəlmiş Meydan hərəkatına nədən bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə paytaxt və rayonlardakı rəsmi qurumlar, o cümlədən rayon rəhbərlikləri pul və ərzaq yardımları təşkil edirdi?..
Mövzu ilə bağlı Meydan hərəkatının aparıcı liderlərindən olmuş Nemət Pənahlı saytımız açıqlama verib(
burada:).
17 noyabr 1988-ci il mitinqinin əsas təşkilatçısı və ilk üç gün ərzində(17-18-19 noyabr) mitinqləri idarə etmiş Ənvər Əliyev isə Moderator.az-a açıqlamasında bu fikirləri ifadə edib:
“Bu sual mənim üçün də maraqlıdır. Mənim mitinqi idarə etdiyim 3 gündə, yəni noyabrın 17-18-19-da meydana bir dənə də olsun, ərzaq-filan gətirilmədi. Ancaq 19-dan sonra sanki sirli bir əl hər şeyi qaydasına saldı. Meydana mitinqçilər üçün su, çay, ərzaq, qida məhsulları daşındı. Fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq qoyun-quzu da gətirildi, hətta kabab da çəkilib paylandı. Çadırlar quruldu, ərzaqdan əlavə pul da toplanmağa başlandı. İstintaq materiallarından da göründüyü kimi, rayonlarda, o cümlədən Sabirabadda, Gədəbəydə raykomlar, “ispalkom”lar iclaslar çağırdı meydana pul, ərzaq yollamaqdan ötrü... Doğusu, mən də respublikanın o vaxtkı kommunist rəhbərliyinin siz dediyiniz kimi, mahiyyətcə sovet quruluşuna qarşı yönəlmiş bu hərəkata belə dəstək verməsinin səbəbini tam şəkildə aydınlaşdıra bilməmişəm. Ancaq mənə elə gəlir ki, hökumətdə, Mərkəzi Komitədə də müəyyən qüvvələr var idi ki, onlar Meydan hərəkatına əksər xalq kütlələrinin qoşulacağı təqdirdə işğalçı, separatçı niyyətli ermənilərə qarşı mübarizədə hansısa üstünlük əldə edə biləcəyik. Elə doğrudan da sonradan bu hərəkat rezonans verib Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində, torpaqlarımızın işğalçılardan müdafiəsi işində müəyyən müsbət nəticələr verdi...
Lakin ümumiyyətlə, sonda dekabrın 4-dən 5-ə keçən gecə Nazirlər Sovetinin qərarıyla meydandakı insanlar hərbçi və milis gücünə dağıdılsa da, 1988-ci ilin payızındakı o xalq hərəkatının davam etdiyi günlərdə hökumətin, Mərkəzi Komitənin meydana hərtərəfli dəstəyi maraqlı bir fenomen idi. Hətta o vaxt mən rayonda yaşayan qardaşıma zarafat edirdim ki, neçə ildir Bakıda yaşayıram, mənə bir çöp də gətirməmisən, amma indi meydana bir maşın ərzaq, mer-meyvə, ət-yağ gətirirsən..."
Sultan Laçın