“Qonşu idik, tez-tez görüşürdük, mənə ana-bacı oldu, yaradıcılıq ömrünü bağışladı”-FOTO+ÖZƏL
Ekskluziv
3102
16:20, Bu gün

“Qonşu idik, tez-tez görüşürdük, mənə ana-bacı oldu, yaradıcılıq ömrünü bağışladı”-FOTO+ÖZƏL

“Şəfiqə Axundova qoca şərqin nəğməkar qızıdır. O 1943-1944-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən dahi Üzeyir Hacıbəyovdan dərs alaraq, onun musiqi bulağından su içib. Sonralar şərqin tarixinə düşən, neçə-neçə nəğmələr yazan, yazdığı nəğmələri sərhədləri aşaraq dünyanı fəth edən Şəfiqə Axundova Azərbaycan musiqi tarixinin əhəmiyyətli şəxsiyyətlərindən birinə çevrildi. O 1972-ci ildə nota aldığı əsəri isə təkcə öz adını tarixə yazmadı, həm də Azərbaycan adını Şərqin tarixinə yazdı. Şəfiqə Axundova “Gəlin qayası” ilə şərqdə ilk opera yazan qadın bəstəkar oldu. “Gəlin qayası” muğam-operasının 1974-cü ildə premyerası baş tutdu. Mən rəssam Güllü Mustafayevanın qızıyam. Onun portretini çəkən rəssamlardan biri də anam olub. Yadımdadır ki, gəlib anamdan soruşdum ki, bu kimdir? Dedi Şəfiqə xanım Axundovadır”

Bunu görkəmli bəstəkar Şəfiqə Axundovanı xatırlayarkən Moderator.az-a açıqlamasında musiqişünas Zemfira Qafarova deyib. O daha sonra əlavə edib:


“Elə oldu ki, biz onunla Bəstəkarlar İttifaqında tanış olduq. O fəal çalışan bəstəkarlarımızdan biri idi. “Gəlin qayası” operasında ilk dəfə olaraq Şəfiqə xanım “Leyli və Məcnun” operasının prinsiplərinə əsaslanıb. Üzeyir Hacıbəyovun muğam operalarından sonra heç kim bu janra müraciət etməmişdi. İlk dəfə olaraq Şəfiqə xanım fikirləşdi ki, muğam operası yazsın. O bu operada muğamlardan çox istifadə edib. 70 illik sənət ömründə, yaradıclıq yolunda Şəfiqə xanımın çoxsaylı uğurları oldu. Ancaq o ən böyük uğurunu hələ illər öncə sənət yollarında atdığı hər addımında qazanmışdı. Böyük bir kütlə məhəbbəti onun məhsuldar ömrünün ən uğurlu mükafatı idi” deyə o bildirib.


Sənət yaradıcılığına qadın bəstəkarın mahnılarını oxumaqla başlayan xalq artisti Flora Kərimova isə saytımıza bildirib ki, onun xahişi ilə “Həyat sən nə şirinsən” mahnısını oxuyub:


“Mənim birinci bəstəkarım olub, mənə desəm ki, böyük bacı olub, mahnıları ilə ana olub. Qonşu idik onunla, çox tez-tez görüşürdük. Birinci dəfə “Kəşmir mahnıları” oxuyanda onun qapısını döydüm, o məni axtarıb tapdı, o məni kəşf etdi, o mənə bu günkü günümü bağışladı. O mənə yaradıcılıq ömrümü bağışladı. Ömrünün axırına kimi onunla ünsiyyətdə oldum. Şəfiqə xanımdan bu gün keçmişdə danışmaq mənim üçün çox ağrılıdır. Mahnıları bu gün də yaşayır və illər, əsrlər keçəndən sonra da yaşayacaq” deyə sənətkar bildirib.

Link kopyalandı!
Son xəbərlər