“Everestdən öncə işğaldan azad olunan kəndimizə getdim, gözümdən yaş gəldi”
Ekskluziv
2379
16:05, Bu gün

“Everestdən öncə işğaldan azad olunan kəndimizə getdim, gözümdən yaş gəldi”

“Tərəqqi” medalını almağıma hamı məndən daha çox sevinir. Sözün düzü gözləntim var idi. Bilmirdim nə olacaq? Bizim prezidentimiz bütün sahələrə  çox dəyər verir. Xüsusilə də idmana.. Mən bilirdim ki, belə bir tarixi hadisə onun nəzərindən qaçmayacaq. Məsələ hansısa medal yaxud da təltif deyil. Bu medal mənim üçün çox dəyərlidir. Prezidentin imza atdığı siyahıda olmaq mənim üçün həm bir azərbaycanlı qadını, həm bir alpinist olaraq çox şərəflidir. İndi bu medalla, təltiflə daha da böyük qürur hissi keçirirəm. Çox təqdirəlayiq haldır və olduqca sevindirici, ilhamvericidir”

Bunu Moderator.az-a açıqlamasında Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva deyib. O daha sonra əlavə edib:


“Mən əslən Qarabağlıyam. Everestə getmədən öncə Cəbrayıl rayonunun Balyand kəndinə getdim. Ora gedəndə çox duyğulu anlar yaşadım. Eyni zamanda çox da qürurlu idim. 30 ildən sonra biz öz sınmış qürurumuzu bərpa etmişdik. Bunu da prezidentimizin sayəsində etdik. 44 günlük savaşdan sonra qalibiyyət qazandıq. Qalibiyyət ruhu liderdən gəlir. Lider bu hissi aşılayır. Onda olan bu xüsusiyyətlər həqiqətən dəyərli yol göstəricisidir. Mən qərara gəldim və qarşıma məqsəd qoydum ki, 44 günə əgər bir belə bir möhtəşəm qələbəni əldə etmişiksə, mən də 44 yaşımda Azərbaycanın adını tarixə məhz belə yazacam. Orada vədələşdim və belə bir niyyətə girdim. Bu medal mənim üçün çox dəyərlidir. Çox kövrəldim, gözümdən sevinc göz yaşları axdı. Bu eyni zamanda da mənim üçün çox böyük məsuliyyətdir. Mən təkcə bir alpinist kimi bu zirvəyə dırmanmamışam. “Tərəqqi” medalını sadəcə bir medal kimi qoruyub, həqiqətən də o adın haqqını vermək istəyirəm. Bu hadisə məni çox ilhamlandırdı” deyə o bildirib.


Vəfa Musayeva planlarından da danışıb:


“Çox gözəl dağlar var. O dağlar mənim planlarımdadır. Hazırda bunun üzərində işlər gedir. Yaxşı planlama da gedir. Amma bu idman digər idman növlərinə oxşamır. Bu bir az fərqlidir. Mən dəqiq heç bir söz deyə bilməyəcəm. Amma yenə də bir azərbaycanlı dağçı olaraq dağ yolculuğum davam etməkdədir. İnşallah yaxın günlərdə, yaxın aylarda bir dağ səfərim nəzərdə tutulur” deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər