“Hətta birdən fikirləşirəm ki, görən, doğma Laçın azad ediləndən sonra kəndimizə gedib-gələndə təsadüfən hardansa pul-para qapışdırıb dədə-baba evimin yerində, torpağımda villa, malikanə-zad tikməmişəm ki...”
Son vaxtlar dünyada və məmləkətdə o qədər qeyri-adi, əndrəbadi və müdhiş olaylar baş verir ki, adamın canını qara qorxu alır. Söhbət yalnız saysız- hesabsız qətl, qəfil ölüm, yanğın, avto-qəza, təbii və texnogen faciə, avto-qəza, avia-qəzalardan və s. hadisələrdən getmir. Həm də insanlıq, adamlıq adına ləkə olan sonsuz sayda olaylar baş verir: vicdansızlıq, namussuzluq, biqeyrətlik, əyyaşlıq, narkomanlıq, narkobaronluq, oğruluq, talançılıq, rüşvətxorluq, korrupsionerlik, saxtakarlıq, qanunsuz silah saxlama, dələduzluq, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq... Nə bilim, daha nə qaldı?..
Onu da deyim ki, əvvəlki illər daha çox yayılan və “populyar” olan narkotik alveri və qanunsuz silah saxlama cinayətləri idisə, başa çatan bu il ən çox dələduzluq və qaçaqmalçılıq olaylarıyla zəngin oldu. Kimi tərpədirsən- ya dələduz, bəzən də qaçaqmalçı çıxır. Özü də bu iki cinayət bütün sahələr üzrə “ixtisaslaşıb”; məmur- dələduz, nazir –dələduz, deputat- dələduz, oliqarx – dələduz, müəllim- dələduz, direktor- dələduz, müğənni- dələduz, həkim- dələduz, jurnalist- dələduz, yaxud qaçaqmalçı, şair – dələduz, şairin oğlu –dələduz, qaçaqmalçı, general –dələduz, generalın oğlu –dələduz, ya da qaçaqmalçı...
Təklif edirəm ki, bundan sonra cəmiyyətimizdəki bu iyrənc əməllərə səbəb olan xisləti Əqidə Çatışmazlığı Sindromu adlandıraq- ƏÇS... Nə gizlədim, bu ƏÇS-dən mən də qorxuram... Bütün dünya, məmləkət boyu yayılıb. İnsanlar adamı bir qara qəpikdən ötrü də satırlar, bıçaqlayarlar, “lezva”layırlar... Hətta eyni ailənin içində də insanlar bir-birinə, türkün məsəli, “atır”, yəni dələduzluq edir. Kişi- dələduz, arvad –dələduz, oğul –dələduz, qız-dələduz, nəvə- dələduz, baba –dələduz, nənə -dələduz, dayı –dələduz, bacıoğlu- dələduz... Hamı nəinki yadlara, qonum-qonşuya, hətta öz doğmalarına da “atır”, kələk gəlir...
Belə ailədaxili olayları eşidəndə lap qorxuram... Deyirəm, birdən mən də beqafıl dələduz, ya qaçaqmalçıya çevrilərəm. Ona görə də mütəmadi olaraq - nəinki hər gün, hər saatbaşı özümün də, övrətimin də, uşaqlarımın, bizə gedib-gələn nəvəmin də, hətta qonaq-qaranın da ust-başımızı, ciblərimizi, corablarımızın içini, pencək, palto və gödəkçələrimizin astarlarını, kitab-dəftərimin arasını, 16 kvadratmetrlik yataqxana otağımın hər künc-bucağını, yastıqların, döşəklərin içinəcən yoxlayıram ki, birdən hardansa saxta, ya gerçək dollar, avro-filan gəlib çıxar – olaram qaçaqmalçı, ya narkotik çıxar - olaram narkobaron... Hey düşünürəm ötən illəri, olayları göz önündən keçirirəm. Deyirəm, görən, 1992-ci ildə dövlət sərhədini keçib Ukraynaya, yaxud 2011-ci ildə Arazı keçib Təbrizə gedib-gələndə oralardan cibimə, ya pencəyimin astarına saxta qrivna, ya tümən-filan, yaxud narkotik atan olmayıb ki?.. İnsan çiy süd əmib – adamdan nə desən çıxar...
Çölə-bayıra çıxıb, bir iş dalınca gedəndə, kiminləsə söhbət edəndə, bazardan, marketdən nəsə alanda belə, hər sözümə, hər kəlməmə, hər cümləmə, hər manatıma, güllə atdığım hər qəpiyimə diqqət edirəm ki, yalan-palan, saxtalıq-filan olmasın... Nə bilim, dünya doludur mərdiməzarla, işverənlə, üzəduranla, şərləyənlə,...
Hətta birdən fikirləşirəm ki, görən, doğma Laçın azad ediləndən sonra kəndimizə gedib-gələndə təsadüfən hardansa pul-para qapışdırıb dədə-baba evimin yerində, torpağımda villa, malikanə-zad tikməmişəm ki... Durduğum yerdə ya korrupsioner, ya dələduz, ya qaçaqmalçı, narkobaron-filan olaram...
Nə bilim, vallah, indi hər cür möcüzə meydana gəlir...
Sultan Laçın