“O hərəkatı rəhbərlik özü Moskvanın Qarabağ məsələsinin həllini Azərbaycanın xeyrinə yönəltməsi məqsədilə təşkil edib...”
Ekskluziv
274
17:37, Bu gün

“O hərəkatı rəhbərlik özü Moskvanın Qarabağ məsələsinin həllini Azərbaycanın xeyrinə yönəltməsi məqsədilə təşkil edib...”

“Bu, versiyalardan biri idi...”
 
“Buna görə də Məhəmməd Hatəmi və mən, həmçinin Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlı da iki gün ərzində meydanın dağıdılmasına çağırış etdik...”
 
17 noyabr-5 dekabr1988-ci il tarixlərində keçirilmiş məşhur Meydan hərəkatı barədə son yazılarımızdan birinin sonunda belə bir sual vermişdik( ) 
 
...Bəs mahiyyətcə, bəzi çıxış və şüarlarına görə Sovet-rus imperiyası olan SSRİ-nin dağılmasına yönəlmiş Meydan hərəkatına nədən bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə paytaxt və rayonlardakı rəsmi qurumlar, o cümlədən rayon rəhbərlikləri pul və ərzaq yardımları təşkil edirdi?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Meydan hərəkatının aparıcı liderlərindən olmuş Nemət Pənahlı bu fikirləri ifadə edib:
 
“17 noyabr 1988-ci il mitinqi yeganə mitinq idi ki, onun təşkilatçılığında nə Məhəmməd Hatəmi, nə də  mən – bir sözlə, “Çənlibel”çilər iştirak etmişik. O günlərdə “Kommunist” qəzetində “Topxana harayı” adlı məqalənin dərc olunması, 17 noyabrda insanların, kiçik istisnalarla əsasən maneəsiz, milis müdaxiləsi olmadan gəlib meydana çıxması da bizi belə bir qənaətə gətirmişdi ki, bunu o dövrkü Azərbaycan rəhbərliyi özü Moskvanın Qarabağ məsələsinin həllini Azərbaycanın xeyrinə yönəltməsi məqsədilə təşkil edib. Və yadımdadır ki, o zaman biz Səttarxan zavodundan düz meydanadək heç bir maneə-filan, qarşıdurma olmadan gəlib çıxanda da mən şübhələndim ki, bu mitinq rəhbərliyin özü tərəfindən təşkil edilib. Həqiqətən birinci-ikinci günlər mitinq hakimiyyətin ssenarisi və nəzarəti altında gedib. Ənvər Əliyev ilk çıxışında dedi ki, bu mitinqə biz neçə aydır ki, hazırlaşmışıq, Bakı şəhər partiya komitəsi ilə də danışılıbdır, hökumət meydana ərzaq da, isti paltar da verəcəklər, kişilikləri çatsa, bunların hamısını pulsuz edəcəklər. Bu çıxışdan sonra biz daha çox şübhələndik və artıq qərara gəldik ki, bu bir oyundur. Buna görə də Məhəmməd Hatəmi və mən, həmçinin Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlı da iki gün ərzində meydanın dağıdılmasına çağırış etdik. Və doğrudan da, mən birinci günün gecəsi meydanda maksimum 50-60 adam qalmışdı - milis istəsəydi, onları asanlıqla dağıda bilərdi, amma heç nə edilmədi. Mən orda qalan adamlara izah etməyə çalışırdım ki, dağılmaq lazımdır, bu meydanda qalmaq məqsədə uyğun deyil. Növbəti günlərdə - gələn şənbə yeni mitinqlər təşkil edəcəyik. Bir müddət sonra milislər mənə yaxınlaşıb məni təzyiq etməyə başladı ki,  sənin nə işin var, sən niyə meydanı dağıtmaq istəyirsən?. Bilirsiz, o ərəfədə artıq “KQB”-nin ermənilərin özləri vasitəsilə təşkil etdiyi Sumqayıt hadisələri baş vermişdi, Əsgərana yürüş zamanı Əli ilə Bəxtiyar şəhid edilmişdi. Ona görə də biz ehtiyat edirdik ki, yəqin, yenə də hansısa faciə üçün oyun qurulur...
 
Düzdü, meydan hərəkatı haqda belə bir versiya da səslənirdi ki, guya bunu hakimiyyətə gəlmək istəyən qüvvələr Vəzirovu devirmək üçün təşkil edib və mən də həmin qüvvələrin adamıyam. Ancaq əsas mahiyyət ondan ibarətdir ki, kimlərin təşkil etməsindən asılı olmayaraq biz həmin kütləvi hərəkatı milli azadlıq hərəkatına çevirə bildik. Və artıq meydanda bütün idarəçiliyi öz əlimə alandan sonra hərəkatı tam olaraq Rusiya imperiyasına qarşı yönəltdik... 
 
Xudu Məmmədov, Bəxtiyar Vahabzadə başda olmaqla, demək olar ki, bütün ziyalılar isə bizə yaxınlaşaraq hakimiyyətlə aramızı düzəltməyə çalışırdılar. Və ümumiyyətlə, bütün rəhbərlik, bütün özünü ziyalı, ictimai-siyasi xadimlərin ümumi baxışı bundan ibarət idi ki, Moskvaya biz nə qədər yarınsaq, yaltaqlansaq, Qarabağ məsələsi bir o qədər tez bizim xeyrimizə həll edilər. Ziyalılar arasında yalnız Məhəmməd Hatəmi və İsfəndiyar Coşğun bütün varlıqlarıyla Rusiya imperiyasına nifrət edir və Azərbaycanın müstəqilliyini düşünürdülər. Fəhlə sinfinin nümayəndəsi kimi isə mən o əqidədə idim. Və biz meydanda deyəndə ki, bu gündən bura Lenin yox, Azadlıq meydanıdır, bizim apardığımız mübarizə isə milli azadlıq mübarizəsidir, bu da milli azadlıq hərəkatıdır, artıq hadisə və proseslərin məcrası dəyişməyə başladı. Və biz də artıq rəhbərliiyin başlatdığı və xalqın da qoşulduğu bu prosesi durdura bilmədik və təbii prosesə qoşulmağa məcbur olduq.  Məhz bundan sonra da respublikanın hər bir guşəsindən təbii şəkildə meydana dəstək verilməyə başlandı. Və hər bir idarə, müəssisə, hər bir şəhər, rayon rəhbərləri və sakinləri də əllərində olan hər vasitə ilə meydana həm mənəvi, həm maddi dəstək verməyə başladılar. Həm insanlar özləri axışdı meydana, eyni zamanda ərzaq və pul yardımları gətirildi. Bəli, həmçinin rayon rəhbərləri olan kommunistlər də meydana yardım edirdilər. Və mən həbs olunandan sonra istintaq zamanı bəlli olmuşdu ki, Gədəbəyin 1-ci katibi Bakıya- Azadlıq meydanına 50 min manat pul gətirərkən yolda həbs edilib. Ancaq yenə deyirəm, bu, bütövlükdə xalqın hərəkatı, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatıydı...” 
Sultan Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər