Samvel Karapetyanın qardaşı oğlu Azərbaycanın sabiq DİN rəhbərinin atasının kitabı haqda nələr danışdı?..-FOTO
Ekskluziv
340
08:58, Bu gün

Samvel Karapetyanın qardaşı oğlu Azərbaycanın sabiq DİN rəhbərinin atasının kitabı haqda nələr danışdı?..-FOTO

“Bu kitabı Azərbaycanın daxili işlər nazirlərindən biri olmuş Heydərovun atası yazıb. Kitabda azərbaycanlıların Zəngəzuru necə ələ keçirməyə çalışdıqları və yerli erməni xalqının(əslində terrorçu erməni dəstələrinin-S.L.) onları torpaqlarından necə qovmaqları barədə danışılır. Əlbəttə ki, ermənilər millətçi, qəddar və qisasçı insanlar kimi təsvir olunur. Lakin bu kitab ailəmin tarixində mühüm rol oynayır”.
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Putinin Ermənistandakı milyarder “desantı”, hazırda həbsdə olan Samvel Karapetyanın yaratdığı "Bizim yolumuz" hərəkatının koordinatoru Narek Karapetyan yazıb. Xatırladaq ki, o, Samvel Karapetyanın qardaşı oğludur.
 
N. Karapetyan daha sonra bildirir ki, sözügedən kitabda Qaregin Njdeni Sünikin(Zəngəzur) Tex(Dığ) kəndində qarşılayan və mübarizədə onun dostu olan Ayrapet Marutyan haqqında danışılır: 
 
“Müəllifə görə, o, "erməni millətçisi" olub. Hayrapet Marutyan mənim ana tərəfdən babamdır, onu nə anam, nə də nənəm görməyib. Njdenin mübarizəsində iştirak etdiyinə görə sovet dövründə repressiyalara məruz qalıb. Nənəm Hasmik atasını xatırlamır. O, atasız, qardaşlarının himayəsində böyüyüb.
 
Bir neçə gündən sonra Njdenin ad günü olacaq və onun haqqındakı mahnını dinlədikdə mənə çox şəxsi bir şeyi xatırladır: mənim ailə hekayəmi…”
 
Moderator.az-dan zəruri arayış:
 
Rusiyapərəst və revanşist yeni erməni hərəkatının liderlərindən olan Narek Karapetyanın barəsində danışdığı kitab görkəmli Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954) işləmiş, yazıçı, Qubadlıda anadan olmuş Nəzər Heydərovun sovet dövründə məşhur olan “Zəngəzur dağlarında” adlı kitabıdır. Kitabda Zəngəzur ərazisində bolşevik inqilabi hərəkatından, həmçinin ermənilərin daşnak və irqçi birləşmələrinin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edilir. Kitab 1972-ci ildə yayımlanmış, rus və erməni dillərinə tərcümə edilmişdir.
Nəzər Heydərovun oğlu Arif Heydərov isə doğrudan da 1970–1978-ci illərdə Azərbaycan SSR daxili işlər naziri, uzun müddət Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş,  general-leytenant rütbəsinədək yüksəlib. O, 1978-ci ildə öz kabinəsində bir milis əməkdaşı tərəfindən qətlə yetirilib…
 
N.Karapetyanın babasının silahdaşı olmasıyla fəxr etdiyi və doğum gününü qeyd etməyə hazırlaşdığı Qaregun Njde isə XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı terror və qətliamların fəal  təşkilatçı və icraçısı olmuş, sonradan Hitler Almaniyası ilə də əməkdaşlıq etmiş qatı və irqçi erməni millətçisi kimi tanınıb.
 
P.S. Göründüyü kimi, Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı yaranmış hərəkat rəhbərləri özləri öz dilləri ilə kimliklərini, Azərbaycana, Türk dünyasına münasibətlərini etiraf edirlər. Bunlar da belə revanşist və irqçi hərəkatların İrəvanda hakimiyyəti ələ keçirməsinin Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı növbəti savaşın başlanması təhlükəsi daşıdığını real şəkildə ortalığa qoyur…
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər