“Rusiya prezidenti Putin öncədən çalışırdı ki, bu məsələnin üzərindən keçilsin, yəni məsələ arxa plana atılsın, unudulsun, buna ötən bir səhifə kimi baxılsın, Azərbaycan tərəfi bunun üzərinə gəlməsin...”
Bu gün – dekabrın 25-də AZAL-a məxsus mülki təyyarəmizin Qroznı üzərində vurulmasından bir il ötür. Təəssüf ki, Rusiya tərəfi, o cümlədən prezident Vladimir Putin faciə ilə bağlı sonuncu dəfə oktyabr ayında Düşənbədə verdiyi vədləri hələ də yerinə yetirməyib...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:
“Bu faciəli məsələyə dair iki ən vacib məqamı vurğulamaq lazımdır. Birincisi, bu cinayətin kim tərəfindən sifariş edildiyi, ikincisi isə cinayəti kimlərin həyata keçirdiyi, icra etdiyi. Son bir il ərzində bu suallar hamını düşündürüb, hər kəsi narahat edib. Yerdə qalan məsələlər ola bilər, olmaya da bilər, amma bu iki məsələ çox vacibdir. Azərbaycanla Rusiya arasında bu məsələ ötən dövr ərzində daim gündəmdə olub. Bütün təmas cəhdlərində, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılması cəhdlərində də bu məsələ mərkəzi mövzu kimi dayanıb...
Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşlərdə, ən azından mimikalardan, hər iki tərəfin dediklərindən görünürdü ki, bu məsələyə yanaşma fərqlidir. Rusiya prezidenti Putin öncədən çalışırdı ki, bu məsələnin üzərindən keçilsin, yəni məsələ arxa plana atılsın, unudulsun, buna ötən bir səhifə kimi baxılsın, Azərbaycan tərəfi bunun üzərinə gəlməsin. Rusiyanın mövqeyi budur və Putin öz mimika və davranışları ilə də bu mövqeyi açıqlayır. Azərbaycan Prezidenti isə heç bir halda bu məsələyə göz yummur, onun üzərindən keçilməsinə razılaşmırdı və razılaşmır. Bir sözlə, Azərbaycan rəhbəri çox sərt mövqedədir. Bu məsələyə ciddi yanaşır və heç bir halda onun üzərindən keçməyə imkan vermir...
Prezidentin ad günü münasibətilə Putinin son telefon zəngi və yazılı təbrik göndərməsi və həmin təbrikin mətni münasibətlərin bərpası üçün bir cəhd kimi qiymətləndirilməlidir. Təbrikdə işlədilən ifadələrdən də görünür ki, Rusiya lideri elə mövqe nümayiş etdirir ki, sanki heç təyyarə faciəsi-filan olmayıb və tərəflər sanki heç nə olmamış kimi davranmalıdırlar. Bax, Rusiya rəhbəri belə bir mövqe nümayiş etdirir. Amma Azərbaycan lideri yəqin ki, tam şəkildə öz mövqeyindən geri çəkilməyəcək. Çünki son bir il ərzində Moskva tərəfindən gözlənilən cavablar olmadı və uyğun cavablar verilmədiyi müddətcə iki dövlət arasında münasibətlərin tam şəkildə düzəlməsi çətin görünür...
Bu məsələ Azərbaycan dövlət başçısı tərəfindən açıq şəkildə ortadadır, lakin hələ həll olunmayıb və gələcəkdə hansı istiqamətdə irəliləyəcəyi də hələ məlum deyil.
Eyni zamanda, bu qəza nəticəsində həlak olanların yaxınları da açıqlamalar veriblər. Onların ən böyük narahatlığı, tələbi odur ki, günahkarlar cəzalandırılsın. Onlar yalnız bununla təskinlik tapacaqlarını bildirirlər.
Hər kəs, öz yaxınlarının itkisinin acısını yaşayır və bu məsələni dilə gətirir. Başqa bir şey onları maraqlandırmır. Onlar yalnız istəyirlər ki, bu qan yerdə qalmasın, bu cinayəti törədənlər cəzalandırılsın. Odur ki, Azərbaycan rəhbərliyinin, həm də cəmiyyətin fikri də belədir: Həlak olanların yaxınları ilə həmrəyik. Xalq da eyni fikirdədir və bu cinayəti törədənlər cəzalarını almalıdırlar. Bu səbəbdən də, nə qədər ki, sərnişin təyyarəmizi vuranlar cəzalarını almayıblar, hər hansı nəticədən danışmaq mənasızdır...”