Azərbaycan və Türkiyə bütün türk dünyasının təhlükəsizlik arxitekturasını inşa edir
Ekskluziv
186
15:03, Bu gün

Azərbaycan və Türkiyə bütün türk dünyasının təhlükəsizlik arxitekturasını inşa edir

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nu təsdiqləyib. Memoranduma əsasən bundan sonra Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı hərbi yardım göstərəcək.

Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında belə bir “Anlaşma Memorandumu”nun imzalanması mühüm hadisədir və bu artan beynəlxalq təhdidlərə qarşı hər iki dövlətə birgə və daha səmərəli şəkildə mübarizə aparmağa imkan verəcək.

Məlum “Anlaşma Memorandumu”Azərbaycan və Türkiyənin düşmənləri üçün həm də çəkindirici təsirə malikdir. Çünki bundan sonra bu dövlətlərdən hər hansı biri ilə mübarizə aparmaq istəyən istənilən ölkə artıq bir deyil, iki dövlətlə döyüşmək məcburiyyəti qarşısında qalacağını nəzərə almaq məcburiyyətində olacaq. Bundan başqa, Azərbaycan və Türkiyə bir-birinə rəsmi müqavilə əsasında yardım göstərəcək ki, bu da məlum yardımın legitimliyinə şübhə qoymayacaq, bu legitimliyi müzakirə mövzusuna çevrməyəcək.

Azərbaycan və Türkiyə arasında imzalanan, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Anlaşma Memorandumu”nun digər bir əhəmiyyəti isə bu anlaşmanın bütün türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb etməsidir. Çünki heç kimə sirr deyil ki, türk dünyası ölkələri arasında Azərbaycan və Türkiyə hər zaman birləşdirici və himayəedici mövqedən çıxış edib. Türk dünyasına yönəlik təhdidlərin ilk olaraq Azərbaycan və Türkiyə tərəfindən neytrallaşdırılması buna nümunədir. Bu baxımdan Azərbaycanla Türkiyə arasındakı “Anlaşma Memorandumu”nun ümumilikdə bütün türk dünyasının təhlükəsizlik arxitekturasının inşasında mühüm rol oynayacağı birmənalıdır.

Bu mənada əminliklə söyləmək olar ki, əslində “Anlaşma Memorandumu” sadəcə Azərbaycan və Türkiyənin deyil, dolayısı ilə bütün türk dünyasının təhlükəsizliyinin təmininə xidmət edir. Gələcəkdə digər türk dövlətlərinin də bu memoranduma qatılacağı istisna deyil. Bu isə türk dünyasının vahid təhlükəsizlik çətiri altında toplanması, sözün həqiqi mənasında yenilməz olması demək olacaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər