“Telefonda o, həmçinin dedi ki, MK işçisi Rəhim Məmmədovdan razılıq alıb ki, meydandakı nümayişçilərə kömək etmək lazımdır...
...Təşkilat və müəssisələrin siyahısını tərtib etdilər. Meydana kömək etmək üçün hərənin qarşısına konkret məbləğ yazıldı...”
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 301-302-ci səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında bunları təqdim edir:
“...İstintaq işində mənim üçün maraqlı faktlardan biri də meydana pul və ərzağın hökumət orqanları tərəfindən təşkil olunmuş qaydada gətirilməsi idi. Bu barәdә şahid ifadələrində də deyilir:
“İbrahimov İbrahim İsaq oğlu – Sabirabad rayonu, Cavad kəndi, 18 yanvar 1989-cu il.
...27 noyabr 1988-ci il tarixdə mən Sabirabadın baş meydanına gəldim. Orada alma yüklənmiş bir «Zil-130» maşını vardı. Onun yanında isə rayon «OBXSS»-nin rəisi, rayon partiya komitəsinin ikinci katibinin qohumu Məmmədbəyov Bağı Məmmədbəy oğlu dayanmışdı. Onlar sürücü ilə bir qədər danışıb harasa getdilər. Bir azdan qayıdanda maşında 15 qoyun cəmdəyi və sabirabadlı olmayan daha iki kişi də vardı. Deyəsən, maşın rayondan Bakıya ərzaq aparmaq üçün gəlmişdi (XII cild, s. 222).
Əliyev Qalib Məmmədrza oğlu. Sabirabad rayonu, Salyanda anadan olub. 4 yanvar ifadəsindən:
“Mən meydanda palatkada 2321 manat pul təhvil verdim, ancaq qəbz almadım. Özüm istəmədim.”( XII cild, s.86).
(Onun pul verdiyi adamı - Rəsulu şəkil vasitəsilə tanıyıb.)
Ələkbərov İsa Məsim oğlu. (1926-cı ildə anadan olmuş, Gədəbəy Rayon İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri – 30 yanvar 1989-cu il.)
25 noyabr 1989-cu ildə Gədəbəy rayon icraiyyə komitəsinin("ispalkom"-S.L.) sədri İsgəndərov Zakirin kabinetində idik. 5-6 nəfər olardıq. O, Bakı ilə danışırdı. Telefonda Mərkəzi Komitənin zona müfəttişi Rəhim Məmmədov idi. Z.İsgəndərov ona bildirdi ki, Bakıda gədəbəyliləri söyürlər ki, onlar meydana pul, ərzaq yardımı göndərmirlər. Sonra o, müfəttişdən lazımi qədər pul yığmağa icazə verməsini xahiş etdi. İcazə alandan sonra o, dərhal ikinci katibə - Şahin Məmmədova göstəriş verdi ki, 26 noyabr saat 12.00-da rayonun təşkilat və müəssisə rəhbərlərini müşavirəyə yığsın. Telefonda o, həmçinin dedi ki, MK işçisi Rəhim Məmmədovdan razılıq alıb ki, meydandakı nümayişçilərə kömək etmək lazımdır.
...Sonra raykomun inspektoru Səbuhi İsmayılov və partiya komissiyasının sədri Tofiq Hüseynov təşkilatların və müəssisələrin siyahısını tərtib etdilər. Meydana kömək etmək üçün hərənin qarşısına konkret məbləğ yazıldı (XXII cild, s. 66)..."
...Bəs mahiyyətcə, bəzi çıxış və şüarlarına görə Sovet-rus imperiyası olan SSRİ-nin dağılmasına yönəlmiş Meydan hərəkatına nədən bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə paytaxt və rayonlardakı rəsmi qurumlar, o cümlədən rayon rəhbərlikləri pul və ərzaq yardımları təşkil edirdi?
Növbəti yazılarımızda bu suala cavab tapmağa çalışacağıq...
(Davamı var)
Qeyd:
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın