“Qəhrəmanlarımıza göstərilən ehtiram tariximizin, milli kimliyimizin təbliği deməkdir
Ekskluziv
323
15:25, Bu gün

“Qəhrəmanlarımıza göstərilən ehtiram tariximizin, milli kimliyimizin təbliği deməkdir"

22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü münasibətilə Novxanıda təntənəli tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə keçirilən tədbirdə Mehdi Hüseynzadənin  Novxanıdakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən şəxslər böyük kəşfiyyatçının qəhrəmanlıq yoluna nəzər salıb, onun bəşəriyyəti faşizmdən xilas etmək üçün göstərdiyi fədakarlıqları yüksək qiymətləndiriblər.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Şübhəsiz ki, Azərbaycanın hərb tarixində özünəməxsus yeri və rolu olan Mehdi Hüseynzadə kimi böyük bir qəhrəmanın ad günündə yad edilməsi, onun abidəsinin ziyarət olunması  olduqca tədirəlayiq bir hadisədir. Bu, hər şeydən öncə vətən üçün həyatını fəda edən qəhrəmanların qarşısında vəfa borcumuzun, mənəvi borcumuzun yerinə yetirilməsi deməkdir.

Bununla yanaşı, qəhrəmanlarımızın mütəmadi şəkildə yad olunması həm də gənclərə, yeniyetmələrə ünvanlanan bir mesajdır. Bu cür tədbirlərə şahid olan, bu tədbirlərdə iştirak erdən gənclər başa düşürlər ki, xalqımızın tarixi qəhrəmanlıqlarla zəngindir. Gənclər anlayırlar ki, bu gün azad, asudə yaşamağımızın səbəbkarı məhz bu qəhrəmanlar, onların göstərdiyi fədakarlıqlardır. Bu mənada belə tədbirlər vətənpərvərlik tərbiyəsinin təbliği baxımından da həyati önəm kəsb edir.

Ümumiyyətlə, qəhrəmanlarımıza, onların xatitrəsinə göstərilən ehtiram tariximizin, milli kimliyimizin təbliği deməkdir. Bu cür tədbirlər bizə, xüsusilə də gənc nəslə kim olduğumuzu bir kəs daha xatırladır, bizi xalqımızın keçib gəldiyi yola boylanmağa, o yoldan nəticə çıxarmağa vadar edir.

Mən bu gözəl təşəbbüsə görə tədbir təşkilatçılarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bu ənənə gələcək nəsilər tərəfindən də uğurla davam etdiriləcək, qəhrəmanlarmız hər zaman xalqımız tərəfindən sevə-sevə yad ediləcək, ehtiram hissi ilə xatırlanacaq”.

Seymur ƏLİYEV

 

 

Link kopyalandı!
Son xəbərlər