Ənvər Əliyev: “Onların bir tərəfdən, mitinqdə hakimiyyət orqanları tərəfindən göndərilmələrini özləri etiraf etmələri, digər tərəfdən isə bəzilərinin hələ yaza bilmədiyim boğazdan yuxarı sözləri mənə çox ağır gəlirdi. Adi bir müstəntiqin qarşısında haqq sözlərini tam şəkildə danmalarına adam söz tapa bilmir…”
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 298-299-cu səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında bunları təqdim edir:
“Xalisbəyli Tağı - V.İ.Lenin adına Pedaqoji İnstitutun dosenti. 25 yanvar 1989-cu il.
...Mən Nemət Pənahovun ayın 19-20-dəki çıxışlarına qulaq asmışam. O qeyd edirdi ki, erməni ekstremistləri Dağlıq Qarabağda azərbaycanlıların evlərini yandırır, onları oradan qovlamaq lazımdır. Bu cür faktlar onun çıxışlarında çox idi. Bu barədə mən onunla qətiyyən razı deyiləm...
... Noyabrın 23 və 25-də çıxış edib, camaatı dağıtmaq istədim. Ancaq mənə heç kəs qulaq asmadı. Mən şəxsən meydanda gecələməmişəm. Ayın 25-də isə xəstə olduğum üçün evdən bayıra çıx-mamışam (XIII cild, s. 149-151).
Tağı Xalisbəylinin meydandakı çıxışlarının stenoqrafik mətnlərində isə “Mən Babək oğluyam, mən Koroğlunun oğluyam”.., “...Biz Babəkin, Koroğlunun, Səttərxanın oğluyuq...” (XIV cild, s. 115) kimi ibarələr dəfələrlə təkrar olunur. Bu cür çıxışlar barədə mən müstəntiqlərin neçə dəfə ironiyalı iradlarını eşitmişəm. Həmçinin belә pafoslu ifadələrlə dolu səhifələri vərəqlədikcə istər-istəməz mitinqin ilk günlərini, yəni onu formalaşdırmaq istədiyim günlərdə mikrofona buraxmadığım və bunun üçün məndən inciyən ziyalılarımızı xatırlayıram. Onların bir tərəfdən, mitinqdə hakimiyyət orqanları tərəfindən göndərilmələrini özləri etiraf etmələri, digər tərəfdən isə bəzilərinin hələ yaza bilmədiyim boğazdan yuxarı sözləri mənə çox ağır gəlirdi. Adi bir müstəntiqin qarşısında haqq sözlərini tam şəkildə danmalarına adam söz tapa bilmir. Təsəvvür edirəm ki, onlar aylarla «içəridə» olsaydılar, nələr baş verə bilərdi? Belə vaxtda mən Y.Sauşkinin irişə-irişə «Mən burada istənilən adamdan, istənilən ifadəni ala bilərəm» dediyi sözləri xəcalətlə yadıma salıram. Hadisələrin əvvəlində erməni ziyalılarının vətəndaşlıq mövqeyi, onların hətta ən ali ölkə rəhbərliyi qarşısında öz tələblərini (haqsız olsa belə!) ciddiliyi ilə qoymaları məndə bir qibtə hissi oyadır...

Biz Vətən sevgisindən nə qədər danışıb, nə qədər yazsaq da, Vətənimiin övladları əməlləri ilə vətənlərini sevənlərinkinə bənzəmir ki, bənzəmir!..”
(Davamı var)
Qeyd:
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın