Ekskluziv
2970
20:02, Bu gün

"Putin bütöv Ukraynanı və Avropanın yarısını istəyir" - "Reuters"

"Sülh ritorikasının arxasında gizlənən genişlənmə planları və Qərbin susqunluğu..."

Rusiya prezidenti Vladimir Putin sülhə hazır olduğunu bəyan etsə də, Qərbin kəşfiyyat məlumatları Kremlin real planlarının bununla ziddiyyət təşkil etdiyini göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Nəşrin ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadən yazdığına görə, Moskvanın məqsədi təkcə Ukraynanın bir hissəsi deyil, bütövlükdə ölkə üzərində nəzarət əldə etməkdir. Bundan əlavə, Kreml keçmiş sovet blokuna daxil olmuş bəzi Avropa ölkələrinə də təsir dairəsini genişləndirməyi planlaşdırır. Xüsusilə Polşa və Baltik ölkələri özlərini potensial növbəti hədəf kimi görür.

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin üzvü Mayk Kuqli bildirir ki, Amerika kəşfiyyatı uzun müddətdir eyni qənaətdədir: Putin əldə etdikləri ilə kifayətlənmir və daim daha irəli getməyə çalışır. Avropada bu risk ciddi qəbul edilsə də, Ağ Evin mövqeyi hələ də tam aydın deyil.

İqtisadiyyat Putini dayandırmır

CNN yazır ki, sanksiyalar və müharibə xərcləri Rusiya iqtisadiyyatını durğunluğa sürükləsə də, bu hələlik Kremlin hərbi planlarını dayandıracaq səviyyədə deyil. Ekspertlərin fikrincə, enerji ixracı davam etdiyi müddətdə Moskva ən azı 3-5 il müharibəni davam etdirə bilər.
Müharibənin yükü tədricən cəmiyyətin üzərinə düşür: vergilər artır, inflyasiya yüksəlir. Lakin dövlət təbliğatı, repressiyalar və hərbi-sənaye sektoru ilə bağlı sahələrdə maaş artımı geniş sosial narazılığın qarşısını alır. Bu da Putinə qarşı daxili təzyiqləri zəiflədir.

Vaşinqtonda təcrübəsizlik, Moskvada fürsət

"The Wall Street Journal" nəşri ABŞ-ın Rusiya ilə danışıqlar xəttində yaranmış institusional boşluqlara diqqət çəkir. Nəşrin yazdığına görə, Donald Trampın əsas elçisi Stiv Uitkoff geopolitik sahədə zəif biliklərə malik olsa da, məhz bu amil Kremlin onu əlverişli fiqur kimi görməsinə şərait yaradıb. 

Nəşr vurğulayır ki, ABŞ-ın Moskvada səfiri və Avropa-Avrasiya üzrə əsas diplomatik postları boş qaldığı halda, Rusiya ilə təmaslar qeyri-peşəkar formatda aparılır. Uitkoffun Rusiyaya dəfələrlə səfər etməsi, lakin Ukraynaya getməməsi Vaşinqtonun balanssız mövqeyini daha da qabardır və Kremlə əlavə manevr imkanları yaradır.

Nəticə etibarilə, Qərbin sülh çağırışlarına baxmayaraq, Putinin hərbi ambisiyaları zəifləməyib, Rusiya iqtisadiyyatı müharibəni hələlik daşıya bilir, ABŞ isə danışıqlarda ardıcıl və institusional strategiya ortaya qoya bilmir. Bu şəraitdə Ukrayna sürətli sülhdən çox, uzunmüddətli qarşıdurmaya hazırlaşmalı olur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər