“Nemətlə komsomolun Mərkəzi Komitəsində tanış oldum... O, bir dəfə bizdə də olub...”- İsa Qəmbər - ARXİV
Ekskluziv
1299
13:53, Bu gün

“Nemətlə komsomolun Mərkəzi Komitəsində tanış oldum... O, bir dəfə bizdə də olub...”- İsa Qəmbər - ARXİV

“Meydandakı çıxışımda mən qeyd etdim ki, N.Pənahov liderlikdən gedərsə, onda Məhəmməd Hatəmi onu ələ ala bilər. O isə...”
 
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 298-299-cu səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
Qəmbərov İsa Yunis oğlu – (Az.CCR. EA-nın Şərqşünaslıq İnstitutu. 25 aprel 1989-cu il.)(İsa Qəmbər- Azərbaycan parlamentinin sədri(may, 1992 - iyun, 1993-S.L.)
 
(Əvvəli burada:)
 
“...Ayın 23-də də çıxış etdim. Təklif etdim ki, Nemət Pənahovun ətrafında sıx birləşmək lazımdır, çünki o, bir lider kimi artıq formalaşmışdır. Mən qeyd etdim ki, N.Pənahov liderlikdən gedərsə, onda Məhəmməd Hatəmi onu ələ ala bilər. O isə ciddi tələblərin tərəfdarıdır...
 
...Mənə meydanda gecələmək ideyasını kim verdiyi məlum deyil, ancaq onu ayın 17-də eşitdim. İlk vaxtlar mən ona inanmadım... Pulsuz yeməklər ayın 23-dən başlandı. Onun təşkil olunmuş qaydada gətirildiyini deyə bilmərəm. 
 
... Pulu Rəsul adlı bir nəfərin yığdığını eşitmişəm. Ancaq özüm verməmişəm...
... Ağıllı çıxışlardan xoşuma gələni Z.Bünyadovun çıxışı oldu. 
 
Sual:  
 
-Nemət Pənahovla harada tanış olmusunuz?
 
Cavab: 
 
-Təxminən 1988-ci ilin aprel-may ayında respublika komsomolu Mərkəzi Komitəsində gənc redaktorların görüşü keçirilirdi. Tənəffüsdə mən Nemətlə tanış oldum... O, bir dəfə bizdə də olub, atamla da tanışdı.
 
Sual:  
-Siz ayın 20-də çıxış edib, mitinqləri davam etdirməyi tələb etmisiniz. Bu nə deməkdir?
Cavab: 
 
-Mən çıxış edərkən mitinqin icazəsiz olduğunu bilmirdim. Həm də mənim yanımda respublika rəhbərlərindən R.Zeynalov, H.Həsənov, S.Qasımova, R.Əliyev və digərləri var idi...
 
...Mən S.Rüstəmxanlı və N.Pənahovun tətil və Ermənistanı iqtisadi blokadaya almaq çıxışları ilə razı deyildim. Çıxışlardakı Ermənistanla iqtisadi əlaqələri kəsmək fikri ilə də razı deyiləm, indi  mən onu «utopiya» sayıram. (XII cild, s. 270-273).
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər