"Məktəb faciəsindən dövlət ideologiyasına uzanan yol..."
2025-ci il dekabrın 16-da Moskva vilayətinin Qorki-2 qəsəbəsində yerləşən Uspensk orta məktəbində baş verən faciə artıq çoxdan Rusiyanın daxili işi olmaqdan çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporası" Ümumukrayna İctimai Təşkilatının sərdi Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.
Bir məktəb faciəsi və onun aşdığı sərhədlər
Yeniyetmə sinif yoldaşı tərəfindən qətlə yetirilən 10 yaşlı məktəbli Kobilcon Əliyevin ölümü bu gün dünyanın bir çox ölkəsində müzakirə olunur və qınanır. Çünki söhbət nə "təsadüfi insidentdən", nə də "yeniyetmə emosional partlayışından" gedir.
Bu hadisə illərdir Rusiya dövlətinin formalaşdırdığı və təşviq etdiyi nifrət və zorakılıq mühitinin birbaşa nəticəsidir. Hücum edən şəxsin uşaqlardan onların milliyyətini soruşması faktının özü Moskvanın baş verəni "faciəli təsadüf" kimi təqdim etmək cəhdlərini açıq-aşkar riyakarlığa çevirir.
Tacikistanın sərt reaksiyası, Rusiya səfirinin çağırılması və rəsmi etiraz notası açıq həqiqəti bir daha üzə çıxarıb: Kreml ideologiyasına görə "uyğunsuz mənşəli" insanlar üçün Rusiya artıq təhlükəsiz ölkə deyil. Rusiya XİN-in formal başsağlıqları isə dövlət maşınının hər gün ksenofobiyanı istehsal edib yaydığı bir şəraitdə boş və saxta səslənir.
Bu təkcə miqrantlarla bağlı deyil - bu, sistem problemidir
"Bu hekayə yalnız Tacikistanla və ya miqrantlarla bağlı deyil. Bu, sistem haqqındadır. Etnik üstünlük ideyasının rəsmi siyasətin bir hissəsinə çevrildiyi bir dövlət haqqındadır. Nifrətin əvvəlcə "rusların müdafiəsi" adı altında əsaslandırıldığı, sonra isə ictimai həyatın norması kimi leqallaşdırıldığı bir ölkə barədədir.
Vladimir Putin genişmiqyaslı işğala başlayarkən məqsədlərdən biri kimi "Ukraynanın denasifikasiyası"nı elan edib. Zaman göstərdi ki, Kreml bu anlayış altında Ukrayna dövlətçiliyinin, kimliyinin və ukraynalıların özlərinin məhvini nəzərdə tutub.
Yüzlərlə Ukrayna şəhər və kəndi yer üzündən silinib. Mariupol, Baxmut, Avdeyevka, Volnovaxa - bu siyahını sonsuzadək uzatmaq olar. On minlərlə dinc sakin qətlə yetirilib, milyonlarla insan qaçqına çevrilib. Ukraynalı uşaqlar deportasiya olunub, ailələr parçalanıb, bütöv regionlar xarabalığa dönüb. Bütün bunlar "müharibənin qaçılmaz nəticələri" deyil, Rusiyanın şüurlu və məqsədli siyasətidir.
Rusiya terror müharibəsi aparır. Həm ölkə daxilində, həm də xaricdə eyni metodlarla, eyni ritorika ilə, eyni "haqq qazandırma" mexanizmləri ilə. Orada - məktəb həyəti, burada - yaşayış məhəllələri, doğum evləri və elektrik stansiyaları. Fərq yalnız miqyasdadır. Onilliklər boyu Rusiya təbliğatının cəmiyyətə yeritdiyi nifrət məntiqi olaraq sərhədləri aşıb və bumeranq kimi geri dönüb. Moskva ətrafındakı məktəbdə tacik uşağın qətli Ukraynaya qarşı başladılan eyni müharibənin daxili cəbhəsidir.
Əsl denasifikasiya kimə lazımdır?
Bu gün getdikcə daha aydın görünür: məsələni ciddi qoysaq, əslində denasifikasiyaya ehtiyacı olan ölkə Rusiyadır. Dərin, real, siyasi və hüquqi denasifikasiyaya. "Böyük qardaş xalq" ideologiyasının sökülməsinə, dövlət səviyyəsində nifrət təbliğatına son qoyulmasına, ksenofobiya və zorakılığın qızışdırılmasına görə məsuliyyətin təmin edilməsinə.
Vladimir Putin isə çoxdan Beynəlxalq Cinayət Məhkəməsinin hökmü ilə həbsxanada olmalı idi: müharibə cinayətlərinə görə, uşaqların deportasiyasına görə, suveren dövlətə qarşı təcavüzə görə, sistemli terrora görə. Amma o hələ də azadlıqda yaşayır. Bu, sadəcə beynəlxalq ədalətin uğursuzluğu deyil, yığılıb qalan mənəvi borcdur.
Məhz bu sualları sabah bizdən nəvələrimiz soruşacaq. Necə ki, biz vaxtilə babalarımızdan soruşurduq: dünya niyə Adolf Hitleri vaxtında dayandırıb həbs edə bilmədi? Niyə nifrət ideologiyasının qlobal fəlakətə çevrilməsinə imkan verdi? Və biz onlara cavab vermək üçün söz tapa bilməyəcəyik.