“Mənə dedilər ki, V.İ.Lenin adına meydanda mitinq gedir. Mən ona çox əhəmiyyət vermədim. Çünki...”
“Camaatın böyük əksəriyyətinin iştirak etdiyi bir aksiyada iştirak etməyimi özümə borc bildim...”
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 296-297-ci səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında bunları təqdim edir:
“Qəmbərov İsa Yunis oğlu – (Az.CCR. EA-nın Şərqşünaslıq İnstitutu. 25 aprel 1989-cu il.)(İsa Qəmbər- Azərbaycan parlamentinin sədri(may, 1992 - iyun, 1993-S.L.)
Mən noyabrın 17-də komsomolun Mərkəzi Komitəsində mədəni-kütləvi işlər üzrə görüşdə idim. Görüşdən sonra mənə dedilər ki, V.İ.Lenin adına meydanda mitinq gedir. Mən ona çox əhəmiyyət vermədim. Çünki Elmlər Akademiyasında mitinqlər çox keçirilirdi. Sonra işə gələndə dedilər ki, mitinq hələ də davam edir. Saat 17-də mən meydanda oldum. Tribunada Ənvər Əliyevin səsini tanıdım. Biz tanış idik. Ancaq münasibətlərimiz işdə olurdu, şəxsi münasibətimiz isə yox idi...
Mən ora gələndə mikrofon qoyulmuşdu. Mitinqdəkilərin deməyinə görə bu onların tələbi ilə edilmişdi. Ənvər Əliyev tələbləri dəfələrlə oxudu. Təxminən saat 18-19-da mənim üçün maraqlı bir şey olmadığını hiss edib evə gəldim. Səhəri gün işə gələndə mənə dedilər ki, bu gecə camaat meydanda qalıb. Mən yenidən saat 2-də meydana gəldim. Camaatın böyük əksəriyyətinin iştirak etdiyi bir aksiyada iştirak etməyimi özümə borc bildim...
Axşam mən tribunaya çıxdım. Orada Nemət Pənahov, Ənvər Əliyev, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı da var idi. Tribunaya mənə tanış olan adamları oarda gördüyüm üçün çıxmışdım. Tribunada saat 21-ə qədər, meydanda isə 22-23-ə qədər oldum...
Sual:
-Orada ayın 17-18-də Sabir Rüstəmxanlı və Nemət Pənahovun çıxışında tətilə çağırış var idimi?
Cavab:
-Xeyr, mən onu eşitməmişəm, ümumiyyətlə, mən bu işi fəhlələrin vəzifəsi hesab edirəm.
Ayın 19 və 20-də tribunada idim. Bu vaxt hiss etdim ki, Nemət Pənahov və Sabir Rüstəmxanlını bir lider kimi irəli verirlər. Ayın 20-də təxminən saat 17-18-də mənə də söz verdilər…
Mən öz təşəbbüsümlə çıxış etmədim, bunu mənə kimsə təklif etdi. Çıxışımın stenoqram yazısı ilə razıyam. Mən çıxışımda Xalq Cəbhəsinin yaradılmasının vacib olduğunu bildirdim. Heç bir ekstremist təklifim olmayıb. Mən, ümumiyyətlə, prinsip etibarilə ermənilərin qovulmasına və Ermənistanın iqtisadi blokadaya alınmasına və bu kimi çağırışların əleyhinəyəm. (s. 271).
(Davamı var)
Qeyd:
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
Təqdim etdi: Sultan Laçın