Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Qüvvələri tərəfindən iki Kolumbiya vətəndaşı əsir götürülüb.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə 425-ci əlahiddə həmlə alayı "Skala" məlumat yayıb.
Məhbuslar iddia edirlər ki, Rusiyaya işləmək üçün gəliblər və Ukraynaya qarşı savaşa aldadılaraq qatılıblar. Onlara ayda 2500 dollar vəd edilib, lakin indiydək həmin pulu almayıblar.
425-ci əlahiddə həmlə alayının məlumatına görə, "Kolumbiyalılar Ufaya çatanda sənədləri müsadirə edilib, onlara pulemyotlar verilib və yeməksiz və susuz Pokrovska hücum etməyə göndəriliblər".
Hərbçilər həmçinin əsir götürülmüş kolumbiyalılarla söhbətin videosunu yayımlayıblar. Onlardan biri ona hərbi hissələrdən birində qaynaqçı kimi işləməyi vəd edildiyini bildirib. Digəri isə Rusiyada qaz emalı zavodunu mühafizəçisi işi haqqında dostundan öyrənib.
"Dedilər ki, maksimum bir aylıq işdir. Bunun yalan olduğu ortaya çıxdı. Boqotadan İstanbula, İstanbuldan Ufaya uçmuşuq. Ufaya çatanda pasportlarımızı, telefonlarımızı və bütün sənədlərimizi götürdülər. Üç gün sonra bizi avtobusa mindirib təxminən 36 saat ərzində naməlum bir yerə apardılar; hara getdiyimizi bilmirdik", - deyə Kolumbiya vətəndaşı bildirib.
Kolumbiyalılara döyüşməyəcəkləri barədə zəmanət verilib. Əsir iddia edir ki, bu cür vədlər bir çox insanı Rusiyanın təkliflərini qəbul etməyə vadar edib. Kolumbiyalı videoda deyir ki, Kolumbiya vətəndaşları Ufaya gəlməyə davam edirdilər.
"Onlar məni axmaq yerinə qoyub yalan danışdılar, guya mənim işləmək üçün köməyə ehtiyacım olduğunu dedilər, ona görə də bir dostuma zəng etdim. Və nəticədə o, gözümün qabağında öldürüldü. Mənə dediklərinə inandım: işin təhlükəsiz olacağına, cəbhə xəttinə göndərilməyəcəyimizə", - deyə digər əsir etiraf edib.
Kolumbiyalılar iddia edirlər ki, heç vaxt atəş açmayıblar və avtomat silahlarının sanqıqçaları dolu qalıb.