Tramp xalqa müraciət etdi:
Ekskluziv
1320
13:47, Bu gün

Tramp xalqa müraciət etdi: "Bir il əvvəl ölkəmiz ölü vəziyyətdə idi" - BBC

 
"ABŞ prezidenti əvvəlki administrasiyanı sərt tənqid edib, lakin konkret həll yollarını göstərməyib..."
 
ABŞ prezidenti Donald Tramp Vaşinqton vaxtı ilə çərşənbə axşamı nadir hallarda etdiyi televiziya müraciəti ilə xalqa səslənib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
"Mənə xaos miras qalmışdı"
 
Məlumatda deyilir ki, Ağ Evin diplomatik qəbullar zalında, Milad bəzəkləri fonunda çıxış edən Tramp administrasiyasının iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən danışıb və yüksək qiymətlərə görə sələfi Co Baydeni və Demokratlar Partiyasını ittiham edib.
 
"On bir ay əvvəl mənə tam bir xaos miras qalmışdı və mən bunu düzəldirəm", - deyə Tramp 20 dəqiqədən də az davam edən, olduqca sürətli tempdə səsləndirilən müraciətində bildirib.
 
Prezident çıxışında yeddi dəfə Baydenin adını çəkərək inflyasiya və istehlak qiymətlərinin artmasına görə məsuliyyəti əvvəlki administrasiyanın üzərinə qoyub. Onun sözlərinə görə, hazırda qiymətlər "sürətlə aşağı düşür", o cümlədən ərzaq məhsulları sahəsində problemlərin də həll edildiyini vurğulayıb.
 
Bu çıxış ABŞ-da inflyasiya ilə bağlı yenilənmiş rəsmi statistik məlumatların açıqlanmasından bir gün əvvəl baş tutub. Rəqəmlərə əsasən, inflyasiya aprel ayında 2,3 faizlə dörd ilin minimumuna ensə də, sonradan yenidən artaraq sentyabrda 3 faizə çatıb.
 
Ziddiyyətli mənzərə: investisiyalar, tariflər və artan narazılıq
 
Tramp bildirib ki, prezidentliyinin ilk 11 ayında ABŞ-a 18 trilyon dollar həcmində investisiya cəlb olunub və bu, yeni zavodların açılmasına və iş yerlərinin yaradılmasına imkan verəcək. O, bu prosesdə tarif siyasətini əsas amil kimi təqdim edib: "Tarif" mənim ən sevdiyim sözdür". "Bir il əvvəl ölkəmiz ölü vəziyyətdə idi. İndi isə biz dünyanın ən "qaynar" ölkəsiyik", - Tramp vurğulayıb.
 
Bununla belə, iqtisadi göstəricilər daha mürəkkəb mənzərə yaradır. İlin əvvəlində iqtisadiyyatda tənəzzül müşahidə edilsə də, sonradan artım bərpa olunub. Ancaq Trampın ikinci prezidentlik dövrü iş yerlərinin artım tempinin zəifləməsi, işsizliyin son dörd ilin maksimumuna çatması və yüksək istehlak qiymətlərinin qalması ilə yadda qalıb.
 
Reuters/Ipsos-un son sorğusuna görə, amerikalıların cəmi 33 faizi Trampın iqtisadiyyatı idarə etmə tərzini bəyənir. Sentaybr ayına dair məlumatlar istehlakçı etimad indeksinin aprel ayından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərir - səbəb isə yaşayış xərcləri, iş yerləri və ümumi iqtisadi vəziyyətlə bağlı narahatlıqlardır.
 
Populist vədlər, hərbi ödənişlər və siyasi tənqidlər
 
Tramp çıxışında "əsgər dividendləri" adlandırdığı təşəbbüsə də toxunub. Onun sözlərinə görə, növbəti həftə 1,45 milyon hərbçiyə 1776 dollar məbləğində çeklər göndəriləcək və ödənişlər Milad bayramına qədər çatdırılacaq. Bu rəqəmin 1776-cı ilə - ABŞ-ın müstəqillik tarixinin rəmzinə uyğun seçildiyi bildirilib. "Bu pulu hər kəsdən çox bizim hərbçilərimiz haqq edir", - prezident qeyd edib.
 
Tramp eyni zamanda respublikaçıların səhiyyə subsidiyalarını sığorta şirkətləri vasitəsilə deyil, birbaşa vətəndaşlara yönəltmək təklifini də dəstəklədiyini açıqlayıb. Lakin bu təşəbbüs hələlik Konqresdə yetərli dəstək qazanmayıb.
 
Xarici siyasət mövzularına isə Tramp demək olar ki, toxunmayıb. O, Qəzzadakı müharibəni qısa şəkildə xatırladıb, lakin nə Ukraynadakı müharibədən, nə də Venesuela ilə bağlı gərginlikdən danışıb, baxmayaraq ki, çıxışdan əvvəl bu mövzuda sensasion gözləntilər var idi.
 
Demokratlar Trampın müraciətini sərt tənqid edib. Virciniya ştatından senator Mark Uorner çıxışı "diqqəti yayındırmağa yönəlmiş acınacaqlı cəhd" adlandırıb. Kaliforniya qubernatoru Qevin Nyusom isə sosial şəbəkədə sadəcə "Mən" sözünü 700 dəfədən çox paylaşaraq Trampın çıxışını istehza ilə şərh edib.
 
"Sky News"-un ABŞ üzrə müxbiri Mark Stounun fikrincə, Trampın çıxışı informativ olmaqdan çox "qəzəbli və məyus" təsir bağışlayıb və bu, prezidentin ölkə üzrə dəstəyini tədricən itirdiyini göstərir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər