2025-ci il milli maraqlarımız baxımından nə ilə yadda qaldı?
Ekskluziv
1144
17:35, Bu gün

2025-ci il milli maraqlarımız baxımından nə ilə yadda qaldı?

2025-ci il başa çatmaq üzrədir.

Maraqlıdır, cari il Azərbaycanın milli maraqları baxımından ən çox hansı hadisələrlə yadda qaldı?

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“2024-cü ilin dekabrın 25-də AZAL-a məxsus təyyarə Rusiya səmasında, Qroznı üzərində vuruldu. Daha dəqiq ifadə etsək, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğradı. Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlandı. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edildi. Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq etdiyi deyildi. Amma ötən bir il ərzində Rusiya bu hadisəyə görə Azərbaycandan rəsmi şəkildə üzr istəməyib. Ötən ilin 25 dekabrında baş verən hadisəyə görə 2025-ci il Rusiya ilə münasibətlər sarıdan olduqca gərgin başladı. Hətta iş o yerə çatdı ki, Azərbaycan prezidenti faşizm üzərində qələbənin 80 illik yubileyi münasibəti ilə Moskvada təşkil olunan parada qatılmaqdan imtina etdi. 29 yanvarda isə Azərbaycan 9 ayda 3-cü ölkədaxili səsverməyə getdi. Ölkə ərazisində bələdiyyə seçkiləri keçirildi.

8 avqust 2025-ci ildə isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında növbəti diplomatik uğur əldə olundu. İki dövlət arasında gələcəkdə imzalanan sülh müqaviləsi paraflandı. İmzalanan sülh memorandumunda isə gələcəkdə imzalanacaq yekun müqavilənin adı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" olaraq qeyd edilmişdi. Bu, hər iki ölkə üçün tarixi anlar idi.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın praqmatik və strateji diplomatiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və milli maraqları qorumaq istiqamətindəki iradəsi bir daha Azərbaycanın beynəlxalq səhnədəki mövqeyini möhkəmləndirdi. Bu görüş yalnız üç dövlətin rəsmi müzakirələri ilə yekunlaşmadı, həm də Cənubi Qafqazın gələcəyini formalaşdıran əhəmiyyətli bir dönüş nöqtəsinə çevrildi.

2025-ci ildə Cənubi Qafqazın gələcəyini önəmli şəkildə dəyişdirəcək addımlardan biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin qəbul edilməsi oldu. Bu marşrut, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, həm də regionun iqtisadi və logistika baxımından nə qədər strateji əhəmiyyətə sahib olduğunu bir daha vurğulayacaq.

Avtomobil və dəmir yolları ilə yanaşı, enerji ötürmə xətləri və müasir texnologiyalarla təchiz olunmuş bu infrastruktur layihəsi, Cənubi Qafqazın hərtərəfli inkişafını təmin edəcək və Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq. Bu layihə yalnız nəqliyyat əlaqələrini təmin etməklə qalmayacaq, həm də uzun müddətdir müzakirə olunan Zəngəzur dəhlizi məsələsinə rəsmi siyasi həll gətirəcək. Həmçinin TRIPP marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradacaq, regionda tərəfdaşlar arasında etimadın artmasına və iqtisadi potensialın inkişafına mühüm töhfə verəcək. Təbii ki, ötən il irili-xırdalı çox hadisələrlə yadda qaldı. Amma əsas önəmli anlar yuxarıda sadalananlar idi”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər