"Qədim şimal inanclarından müasir Milad nağılına aparan yol..."
Santa Klausun maralları haqqında əfsanə ilk baxışda göründüyündən qat-qat dərin köklərə malikdir.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
Nəşr yazır ki, bu mif Şimali Avropanın qədim inanclarını, şimal marallarının real həyatdakı rolunu və sonradan formalaşmış Milad ənənələrini birləşdirərək bu gün tanıdığımız Milad obrazını yaradıb.
Şimal maralı: müqəddəs heyvandan Milad simvoluna
Finlandiya, Norveç, İsveç və Laplandiya bölgəsində şimal maralı əsrlər boyu insanların həyatında mühüm rol oynayıb. Şimalın yerli xalqı olan saamlar üçün maral sadəcə nə qida mənbəyi, nə də nəqliyyat vasitəsi idi. O, təbiət ruhları, səma və aləmlərarası keçidlə bağlı müqəddəs bir varlıq sayılıb.
Məhz bu səbəbdən qış əfsanələrində maral tez-tez böyük məsafələri qət edən, səma ilə hərəkət edə bilən, insanı soyuqdan, qaranlıqdan və çovğundan keçirən mistik bir varlıq kimi təsvir olunub. Zamanla bu təsəvvürlər Santa Klausun Milad gecəsi səyahəti haqqında yaranmış mifin ayrılmaz hissəsinə çevrilib.
Niyə marallar "uçur"?
Şimal xalqlarının inanclarına görə, qış dövründə aləmlər arasındakı sərhəd incəlir. Şamanlar inanırdılar ki, heyvan ruhları insanlara real dünya ilə tanrılar aləmi arasında səyahətdə kömək edə bilər. Bu inanclarda şimal maralı tez-tez yolgöstərən, bələdçi rolunu oynayıb. Folklor tədqiqatçılarının fikrincə, maralların səmada uça bilməsi ideyası məhz bu mədəni qatdan qaynaqlanır və sonradan Milad əfsanəsinə köçürülüb.
Santa Klausun maralları: adlar və mənalar
Klassik Amerika ənənəsinə görə, Santa Klausu əvvəlcə səkkiz maral müşayiət edib. Daha sonra onlara doqquzuncu maral - Rudolf qoşulub.
Əsas səkkiz maralın adları və mənaları:
Dasher - "Sürətli"
Dancer - "Rəqqas"
Prancer - "Qürurlu" və ya "Gərgin addımlayan"
Vixen - "Hiyləgər"
Comet - "Kometa"
Cupid - "Amur", sevgi rəmzi
Donner - "Göy gurultusu"
Blitzen - "İldırım".
Bu adlar sürəti, gücü və təbiət hadisələrini simvolizə edir. Əfsanəyə görə, məhz bu keyfiyyətlər Santa Klausun bütün uşaqlara hədiyyələri vaxtında çatdırmasına kömək edir. Doqquzuncu maral Rudolf isə 1939-cu ildə ABŞ-da ortaya çıxıb və qırmızı burnu sayəsində dumanlı gecələrdə yolu işıqlandıran Milad rəmzinə çevrilib.
Rudolf niyə Amerika Miladının rəmzidir?
Rudolfun hekayəsi Amerika mədəniyyətinə xüsusilə yaxındır. Bu, əvvəlcə qəbul olunmayan, lağa qoyulan, lakin sonda qəhrəmana çevrilən bir obrazın hekayəsidir. ABŞ-da Rudolf fərqliliyin qəbul edilməsi, özünə inam və zəifliyin gücə çevrilə bilməsinin rəmzi sayılır.
Santa Klausun maralları doğrudanmı erkəkdir?
Milad əfsanəsinin ən maraqlı detallardan biri elmi izaha malikdir. Bioloqlar bildirir ki, erkək şimal maralları buynuzlarını payızda tökür, dişilər isə buynuzlarını bütün qış boyu saxlayır. Milad təsvirlərində marallar adətən buynuzlu göstərildiyi üçün, bir çoxları zarafatla deyir ki, Santa Klausun xizəyini əslində dişi marallar çəkə bilər.
Avropada müasir Milad ənənələrində marallar
Bu gün Santa Klausun maralları Avropada Milad atmosferinin ayrılmaz hissəsidir. Finlandiyada turistlərə Santa Klausun "rəsmi iqamətgahı" göstərilir, Almaniya və Avstriyada Milad yarmarkaları maral fiqurları ilə bəzədilir, Skandinaviya ölkələrində isə maral rahatlıq, qış və təbiətə dönüş rəmzi kimi qəbul olunur. Beləliklə, qədim şimal inancları zamanla isti, sehrli bir Milad nağılına çevrilib və hər il milyonlarla insanı bir araya gətirir.