“Mərkəzi Komitənın məsul işçiləri bizi Meydana gətirdi və arxadan tribunaya ötürdü...”-Professor
Ekskluziv
374
11:51, Bu gün

“Mərkəzi Komitənın məsul işçiləri bizi Meydana gətirdi və arxadan tribunaya ötürdü...”-Professor

Şair Bəhri İsgəndər (Coşqun): “1 noyabr mitinqindən xəbərsiz idim. Biz onu gözləmirdik... Millətçiliyin əleyhinəyəm. ...Erməni xalqına da heç vaxt düşmənçilik hissi bəsləməmişəm. Mən bir dəfə də olsun, «Andranik» sözünü işlətməmişəm...”
 
...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...
 
Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...
 
Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artir Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...
 
Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 295-296-cı səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  
 
(Əvvəli burada:)
 
“Bağırov Bağır İbrahimxəlil oğlu. 16 aprel 1989-cu il. (Gəncə, filologiya elmləri doktoru, professor).
 
Gəncə şəhər Partiya Komitəsinin birinci katibi R.Bağırlı mənə məlum olmayan səbəbə görə şəhəri tərk edib, hansısa istiqamətə getmişdi. Buna görə də MK katibi Telman Orucov Gəncəyə gəldi və bir qrup şəhər aktivlərindən ibarət təşəbbüs qrupu yaratdı. Bu qrup üç nəfərdən ibarət idi – mən, T.Usubov və T.Əliyev. Biz Bakıya gəldik və Əbdürrəhman Vəzirov bizi qəbul etdi. Biz Gəncədəki vəziyyət barədə ona danışdıq. Sonra biz Vəzirovun tapşırığı ilə ayın 26-da (noyabr –Ә.Ә.) respublika televiziyası ilə çıxış etdik. Daha sonra bizi MK-nın məsul işçiləri meydana gətirdi və arxadan tribunaya ötürdü. Mitinqdə mən 3-4 dəqiqəlik çıxış etdim. Mən camaatı sakitliyə, emosiyaya uymamağa çağırdım. Mitinqlər vaxtı mən bir dəfə də Bakıda olub, MK-nın tapşırığı ilə çıxış etmişəm...
 
...Mən nə Neməti, nə Hatəmini, nə də Ənvər Əliyevi tanımıram... Heç kimə də pul verməmişəm (XII cild, s. 127-128).
Bəhri İsgəndər (Coşqun) Əli oğlu. 22 aprel 1989-cu il.
 
...Mən 17 noyabr mitinqindən xəbərsiz idim. Biz onu gözləmirdik...
 
...Ümumiyyətlə, mən millətçiliyin əleyhinəyəm. ...Erməni xalqına da heç vaxt düşmənçilik hissi bəsləməmişəm. Mən bir dəfə də olsun, «Andranik» sözünü işlətməmişəm...
 
...Ayın 16-dakı Sabir bağındakı mitinqdə məni milis saxladı. Fikrimiz var idi ki, ayın 20-də bazar günü mitinq yox, ümumi yürüş təşkil edək...
 
...Ayın 17-də saat 10-da məni həyat yoldaşım yuxudan oyatdı. Mən küçədə çoxlu mitinqçiləri gördüm. Kommunist küçəsinə çıxanda Ənvər Əliyevin əlində respublika bayrağı tutmuş və nümayişçilərin qabağında getdiyini gördüm. Ona yaxınlaşanda, o mənə dedi ki, mane olma, bu bizim – tələbələrin mitinqidir. Doğrudan da, həmin gün meydanda əsasən tələbələr idi... 
 
... Ənvər Əliyev mitinqi açıb, Topxana və Dağlıq Qarabağ haqqında tələblərini oxudu. Mitinqi bayraq idarə edəcəyini bildirdi. Saat 22-yə qədər orada oldum, ancaq nə Neməti, nə də Hatəmini orada görmədim...
 
...Ə.Əliyev tərəfindən ilk günlər 4 tələb qoyulmuşdu. Artıq üçüncü gün bunların sayı 200-ə çatmışdı. ...Mitinqin ilk günü Məhəmməd Hatəmi camaatdan dağılışıb, bir neçə gündən sonra yığılmağı tələb edirdi.
 
...Çıxış edənlər, o cümlədən Bəxtiyar Vahabzadə Topxanada işin dayanmasından danışsa da, ancaq oradan gələn qaçqınlar bunun tamam əksini deyirdilər. 
 
Ona çıxışının stenoqraması verilərək, dediyi təntənəli sözləri xatırlatdıqda o, dediklərini müxtəlif ibarələrlə ört-basdır etmişdir  (XII cild, s. 132-135).
 
(Davamı var)
 
Qeyd:
 
Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər