“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”
Ekskluziv
2688
15:17, Bu gün

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həbsi ilə bağlı məlumat yayıb, onun rüşvət alması ilə bağlı görüntülər təqdim edib. İslam Rzayev həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən sui istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməkdə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməkdə şübhəli bilinir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov DTX-nın keçirdiyi bu əməliyyatların həm qanunların qorunması, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından önəminə diqqət çəkib:

“Hər bir dövlətin inkişafı və tərəqqisi üçün vətəndaşların seçim azadlığı olmalı, insanlar öz bilik və bacarıqlarına uyğun olaraq dövlət vəzifələrində təmsil olunmaq hüquqlarından istifadə edə bilməlidirlər. Seçim azadlığı, ədalətli münasibət həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlətin inkişafı baxımından vacibdir. Rüşvət və korrupsiya isə bu hüquqi insanların əlindən alır. Bu kimi neqativ hallar olan yerdə vəzifəyə layiqli insanlar deyil, bu vəzifəyə layiq olmayan, öz işinin öhdəsindən gələ bilməyən insanlar gəlir. Onlar müxtəlif əyri yollarla öz şəxsi ambisiyalarını təmin edirlər. Belə olanda isə digər insanların hüququ pozulur, qanunun tələbi tapdanır, insanlarda dövlətin ədalətinə olan inam sarsılır.

DTX-nın Balakəndə və digər rayonlarda keçirdiyi əməliyyatların ən böyük önəmi ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində qanun pozuntusunun qarşısı alınır, rüşvət və korrupsiya kimi hallar önlənilir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, vicdan və ədalətli yanaşma prinsipi təmin olunur.

Bu səbəbdən də DTX-nın keçirdiyi əməliyyatlar qanunların tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından yüksək qiymətləndrilməli, təqdir olunmalıdır. Bu əməliyyatlar dövlət idarəçiliyində neqativ halların qarşısını almağa, bununla da respublikamzn daha sürətli inkişafını təmin etməyə xidmət edir”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər