"Avropa Ukrayna üçün kritik sınaq həftəsinə daxil olur..."
Britaniyanın MI6 kəşfiyyatının rəhbəri Blez Metrveli Rusiyanı "aqressiv və ekspansionist" adlandıraraq Vladimir Putinə açıq xəbərdarlıq edib və Böyük Britaniyanın Kiyevə dəstəyinin dəyişməz olduğunu vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Britaniya kəşfiyyatının dəstəyi
Meteveli deyib: "Putin şübhə etməməlidir - bizim dəstəyimiz sarsılmazdır. Ukraynanın maraqları naminə göstərdiyimiz təzyiq davam edəcək". Onun sözlərinə görə, "xaos ixracı" Rusiyanın beynəlxalq siyasətinin təsadüfi elementi deyil, strateji yanaşmasıdır və Kreml mövqelərini dəyişməyə məcbur olana qədər davam edəcək.
Metrveli həmçinin bildirib ki, Rusiya və digər düşmən aktorlar müharibə qaydalarını yenidən yazır, dünya isə yeni "qeyri-müəyyənlik dövrünə" daxil olub. Britaniya kəşfiyyatı Moskvanın Avropaya qarşı hibrid müharibə apardığını, kiberhücumlar və pilotsuz uçuş aparatları vasitəsilə qorxu yaymağa çalışdığını da xatırladıb.
Avropanın kritik həftəsi
Avropa İttifaqı Ukrayna məsələsində həlledici həftəyə daxil olur. Liderlər ABŞ və Rusiya tərəfindən irəli sürülən "sülh planı"na qarşı mövqe formalaşdırmaq və Ukrayna üçün nəzərdə tutulan "reparasiya krediti"ni xilas etmək üçün danışıqlar aparacaq. Berlində Zelenski, ABŞ rəsmiləri, Britaniya, Almaniya və mümkün olaraq Fransa liderləri görüşlərə qatılacaq. Danışıqlara ABŞ prezidenti Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiven Uitkoff da qatılacaq.
Almaniya kansleri Mersin mətbuat katibi Stefan Kornelius bildirib ki, ilkin müzakirələrdən sonra bir sıra Avropa ölkələrinin dövlət və hökumət başçıları, həmçinin Aİ və NATO rəhbərləri də danışıqlara qoşulacaq. Avropa rəsmilərindən biri "Politico"-ya deyib ki, əgər bu həftə Avropa parçalanarsa, bu Ukrayna üçün "fəlakətli siqnal" olacaq və həmçinin Avropanın öz siyasi mövqeyinə ciddi zərbə dəyəcək.
Ərazilər və Rusiya aktivləri üzərində gərginlik
Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin taleyi mürəkkəb qalır. Tramp həmin bölgələrdə demilitarizasiya olunmuş "azad iqtisadi zona" yaradılmasını təklif edib, lakin Ukrayna bunu rədd edib. Avropa ölkələri isə təhlükəsizlik zəmanətləri olmadan hər hansı ərazi güzəştlərinə qarşı çıxır.
Digər tərəfdən, dondurulmuş 185 milyard avroluq Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi və silahlandırılması üçün istifadəsi müzakirə olunur, lakin İtaliya və Çexiya bu planı dəstəkləməyib. Almaniyalı rəsmi isə qeyd edib ki, bu qərar Avropanın gələcəyini müəyyən edəcək və "B variantı yoxdur".