"Saxta sülh qlobal fəlakəti dayandırmayacaq..."
"Ukraynanın işğalı və soyqırımı lokal münaqişə yox, qlobal fəlakətin uvertürasıdır".
Moderator.az xəbər verir ki, bunu rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
O, NATO-nun baş katibi Mark Rüttenin bu günlər verdiyi bəyanata diqqət çəkib. Nevzorov yazır: "NATO Rusiyanın növbəti hədəfi olacaq", - Alyansın baş katibi Mark Rütte Almaniya kansleri Fridrix Merslə birgə keçirdiyi mətbuat konfransında belə deyib.
"Bu gün buraya NATO-nun mövqeyini və müharibəni başlamazdan əvvəl necə qarşısını ala biləcəyimizi izah etmək üçün gəlmişəm. Bunun üçün təhlükəni son dərəcə aydın dərk etməliyik: biz Rusiyanın növbəti hədəfiyik və artıq təhlükə altındayıq", - deyə baş katib bildirib.
Rüttenin fikrincə, Alyansın çoxsaylı üzvləri hələ də vəziyyətin təcili xarakterini hiss etmir və "vaxtın bizim xeyrimizə işlədiyini" düşünür. Onun sözlərinə görə, bu belə deyil və artıq hərəkətə keçməyin vaxtıdır.
Demək olmaz ki, NATO-nun baş katibi vəziyyəti dramatikləşdirir. Əsla yox. Müharibənin beşinci ilində ayılma nəhayət ən yüksək rütbəli general başlarına da çatıb. Bu ayılma, əlbəttə ki, gecikib, çünki hər şeyi dünyanın yarısını dağıdıb viran qoymadan da həll etmək olardı. Amma "həll qatarı" artıq çoxdan gedib.
Avropalı "sülhməramlılar", guya "ümumi sülhə" yola düşmək üçün çamadanlarını yığıb, indi boş platformada gülünc bir təşviş içində ora-bura qaçışır. Rütte onlardan daha uzaqgörəndir və anlayır ki, "sadə və ucuz çıxış yolu yoxdur".
Bu kabusu kağız parçası olan saxta "sülh sənədləri"nin altına atılan imzalarla silib atmaq mümkün deyil. Ukraynanın işğalı və soyqırımı lokal münaqişə yox, qlobal fəlakətin uvertürasıdır.
Məsələ ondadır ki, Qərb öz ağlı, rasional yanaşması və insaniliyi ilə doğrudan da "rusluğun" əsaslarını aşındırır. Onun təsiri XXI əsrdə kannibalizm və absurda əsaslanan prinsiplərlə yaşayan Rusiya üçün ölümcüldür.
Burada kompromis ola bilməz. Yeganə variant Rusiya Federasiyasını zərərsizləşdirmək - onu 80 hissəyə parçalamaq və tam təcrid etməkdir. Əks halda, narkotiklərlə coşdurulmuş "ork" dalğaları Varşavaya, Praqaya və Buxarestə qədər çatacaq.
Tramp Rusiyanın birbaşa müttəfiqi olmayacaq, çünki ABŞ-da real üsyandan və devrilməkdən qorxur. O, sadəcə bundan sonra da xırda alçaqlıqlarını davam etdirəcək. Bəli, sonda ruslar darmadağın ediləcək, amma artıq bu, çox baha qiymətə başa gələcək".