“Tək bir adam durub danışanda bu şəxsi qərəz olur. Bir də var ki, AZDRAMA-nın bütün işçiləri ərizə yazıb, altından qol çəkir. Bax bu artıq olur ümumteatr problemi. Mənim Mehriban Xanlarovaya çox böyük hörmətim var, onun da mənə. Amma o düz iş görməyib, olmaz. Hamını müdafiə etdi və özü müdafiəsiz qaldı. O gərək bütün teatr yoldaşları ilə əvvəlcədən danışardı, tədbir görərdi. Mədəniyyət Nazirliyi Mehriban Xanlarova ilə Mehriban Ələkbərzadənin problemini gərək həll edərdi. Onları nazirliyə çağırıb, müzakirə edərdilər. Mehriban Xanlarovanın istəyi də bu idi. Amma ərizə yazıb, işdən çıxdı. Haqlı ola-ola haqsız çıxdı”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib. O daha sonra Mehriban Xanlarovanın kinomuz üçün yaratdığı obrazlardan danışıb:

“O bilirsən nədir? “Bircəciyim” filmində o elə bir obraz yaratdı ki.. O filmdən sonra kinoaktrisası kimi tanınmağa başladı. Mən də onu həmin filmdən sonra kinoaktrisa kimi qəbul etməyə başladım. Sonra serialda ana rolunda çəkildi. Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində rol aldı. Çox güclü aktrisadır. Özbək qızlarına da bənzəyir. Gözəldir. Bəzən işləmək istəyirsənsə gərək susasan, danışmayasan. “Yuxu” filmində Nəsibə Zeynalova polis məntəqəsinə gəlir və Siyavuş Aslana deyir ki, “bağışlayın naçalnik, bundan sonra yuxu görəndə qəbulunuza yazılarıq”. Bu söz bütün sənətkarların qulağında sırğa olmalıdır. Bu sözü rejissor və senarist elə-belədən filmə əlavə etməyib. Yaxud da tamaşaçılar gülsün deyə bunu filmə salmayıblar. Fikrət Əliyevlə orta məktəbdə bir yerdə oxumuşuq, senarini yazanla da yaxından tanış idim. Çox bilib az danışmaq lazımdır. Bilirəm ki, bir çox ziyalı Mehriban xanımın yenidən işə qayıtması üçün nazirliyə və teatra müraciət edib. Mən də böyük məmnuniyyətlə müraciət etməyə hazıram” deyə kinoşünas bildirib.