Dünən Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı olaraq respublikamızın əksər bölgələrində icra hakimiyyətləri, eləcə də müxtəlif dövlət qurumları tərəfindən ehsan süfrələri təşkil edilib, ağacəkmə aksiyaları gerçəkləşib.
Anım günü ilə bağlı qürurverici məqamlardan biri də bəzi iş adamlarının da bu aksiyalarda fəal iştirak etməsi olub. Nümunə üçün qeyd edək ki, 12 dekabr 2025-ci il tarixində iş adamı Cəlil Nağıyev tərəfindən Novxanı və Binəqədidə yüzlərlə vətəndaşın iştirak etdiyi ehsan süfrələri təşkil edilib, tədbirlər zamanı Heydər Əliyevin tarixi xidmətləri ilə yanaşı, Ulu Öndərin işıqlı ideyaları da təbliğ olunub. (//moderator.az/az/ekskluziv/935365/novxanida-ulu-nder-heyder-eliyevin-anim-gunu-ile-bali-ehsan-sufresi-teskil-edilib/ ).
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli iş adamlarının bu cür tədbirlər keçirməsini, vətəndaşların bu tədbirlərdə aktiv iştirakını xalqın Ümummilli Liderə olan sonsuz məhəbbətinin təzahürü kimi dəyərləndirib:
“Şübhəsiz ki, dövlət qurumları ilə yanaşı, iş adamları, sahiblar tərəfindən anım günü ilə bağlı ehsan süfrələrinin təşkili, vətəndaşların bu tədbirlərdə kütləvi iştirakı Ulu Öndərə olan ümumxalq sevgisinin təzahürüdür. Bu cür tədbirlər bir daha sübut edir ki, Heydər Əliyev, onun müqəddəs xatirəsi və tarixi xidmətləri xalqımızın qəlbində yaşamaqda, sevə-sevə xatırlanmaqda, minnətdarlıq hissi ilə anılmaqdadır. Novxanı və Binəqədidə təşkil edilən ehsan süfrələri, bu tədbirlər zamanı Ulu Öndərlə bağl səsləndirilən fikirlər, işıqlı xatirələr xalqın öz böyük oğluna olan məhəbbətindən xəbər verir.
Mən Ümummilli Liderin anım günü ilə bağlı bu cür tədbirlərin təşkilini həyata keçirən, Heydər Əliyev ideyalarının təbliği ilə məşğul olan, xalqı Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyən iş adamlarımıza təşəkkür edir, bu fəaliyyətin gələcəkdə də davam etdirilməsini arzu edirəm. Belə tədbirlər Heydər Əliyevin misilsiz xidmətlərinin bir kəs daha yad edilməsi, onun ideyalarının təbliği ilə yanaşı, insanlarımız arasında həmrəylik ruhunun artırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu mənada görülən bütün bu işləri təbliğ edir və ürəkdən alqışlayıram”.
Seymur ƏLİYEV