"ABŞ-ın təklif etdiyi demilitarizasiya zonaları Rusiya üçün "troya atı" rolunu oynaya bilər..."
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini sürətlə dayandırmaq məqsədilə irəli sürdüyü sülh təşəbbüsləri nə Kiyevdə, nə də Avropada konsensus doğurur.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Ərazi yox, hüquqi təminatlar
Nəşr yazır ki, əksinə, bu planlar həm Ukrayna hakimiyyəti, həm də Avropa müttəfiqləri tərəfindən riskli və qeyri-müəyyən hesab olunur. Tramp Ukraynadan müharibənin dayandırılması naminə ərazi güzəştlərinə getməyi gözləsə də, Kiyev Vaşinqtona 20 maddədən ibarət alternativ sülh planı təqdim edib.
Bu sənəddə Ukraynanın hazırda nəzarətində saxladığı bütün ərazilərin qorunması əsas şərt kimi irəli sürülür. Eyni zamanda Kiyev ABŞ və Avropa ölkələrindən hüquqi baxımdan məcburi təhlükəsizlik zəmanətləri tələb edir.
Ukrayna tərəfi hesab edir ki, Rusiyanın işğal etdiyi ərazilərdən daha artıq torpaq tələb edilməsi faktiki olaraq təcavüzkarın mükafatlandırılması anlamına gəlir. Sənəddə Tramp planında yer alan, Rusiyanın faktiki nəzarətini legitimləşdirən müddəalar çıxarılıb, NATO-ya üzvlükdən imtina ilə bağlı tələb isə açıq şəkildə rədd edilib.
"Sülh adı altında yeni müharibə"
"Bloomberg" nəşri yazır ki, Avropa paytaxtlarında ABŞ-ın təklif etdiyi demilitarizasiya zonaları Rusiya üçün "troya atı" rolunu oynaya bilər. Avropalı rəsmilərin fikrincə, Moskva bu cür razılaşmalardakı boşluqlardan istifadə edərək əvvəlcə hibrid hücumlarla zəmanət mexanizmlərini sarsıda, daha sonra isə yeni hərbi əməliyyatlara başlaya bilər.
Bu narahatlıq fonunda "The Guardian" nəşri bildirir ki, ABŞ-ın Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına sürətlə qəbul olunması ideyası Brüsseldə kəskin tənqid edilib. Avropa diplomatları bunu real olmayan vaxt cədvəli və Aİ-nin daxili prosedurlarına müdaxilə kimi qiymətləndirib.
Bir sıra ölkələrin, xüsusən də Macarıstanın etiraz mövqeyi isə bu perspektivi daha da mürəkkəbləşdirir. Nəticədə, Tramp administrasiyasının sürətli sülh axtarışı Ukraynada ərazi və təhlükəsizlik, Avropada isə uzunmüddətli sabitliklə bağlı ciddi suallar doğurur.