12 dekabr 2025-ci il tarixində Binəqədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 100-dən çox şəxs iştirak edib.
Tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqqiətlik sükula yad edilib. Daha sonra ehsan süfrəsində iştirak edən vətəndaşlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı həlledici rola diqqət çəkib, məhz onun uzaqgörən siaysəti nəticəsində dövlətimizin parçalanmaqdan hifz olunduğu, öz müstəqilliyini qoruyub saxladığı vurğulanıb.

Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev siyasi kursunun bu gün də Azərbaycanı uğura aparan əsas faktor olduğunu qeyd edib, Prezidnt İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirdiyini bildirib:
“Ümummilli Lider Heydər Əliyev xalqımızın və dövlətimizin ən çətin, ən ağrılı dönəmində öz xilaskarlıq missiyasını uğurla həyata keçirmiş, respublikamızın müstəqilliyini, insanlarımızın təhlükəsizliyini qətiyyətlə təmin etmişdir. Heydər Əliyev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsini dayandıraraq atəşkəsə nail olmuş, bununla da gənc, müstəqil dövlətimizin bütün resurslarının qələbə və iqtisadi inkişaf naminə səfərbər olunması üçün əlverişli şərait formalaşdırmışdır.
Sonrakı dönəmdə Heydər Əliyev siyasi kursu Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və nəticədə işğaldakı torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş, iqtisadi müstəvidə tarixi nailiyyətlər əldə olunmuşdur.

Bu gün biz işğaldan azad edilən torpaqlarımızda bir-birindən əzəmətli layihələrin həyata keçirilməsinə şahid olmaqdayıq. Bütün bunlar Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyev iradəsinin təcəssümüdür.
Əminik ki, Heydər Əliyevin işıqlı ideyaları illər, əsrlər sonra da Azərbaycan xalqının inkişafı, dövlətimizin tərəqqisi yolunda mayaq olacaq, bu gün olduğu kimi gələcəkdə də onun uğurlarının təminatçısı qismində çıxış edəcək”.
Seymur ƏLİYEV






