“Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Biz onu hər zaman yanımızda hiss edirik. Elə bir gün yoxdur ki, onu yada salıb, yad etməyim. Televiziyada onun “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözü səslənəndə qəhərdən gözlərim dolur. Ulu Öndər Heydər Əliyev mədəniyyəti dərindən bilən bir şəxsiyyət idi. O teatr işçiləri ilə teatrşünas, kino işçiləri ilə kinoşünas kimi danışırdı. Rəssamlığın, heykəltəraşlıq sahəsinin elə incəliklərini bilirdi ki.. Bu sahənin mütəxəssisləri belə ona heyran olurdular. İncəsənətin bütün sahələri ilə maraqlanırdı, sənətkarların qayğısına qalırdı və istəyirdi ki, Azərbaycanın incəsənəti, mədəniyyəti dünyada tanınsın. Sənətkarlar onu görəndə problemlərini dilə gətirirdilər, istəklərini, arzularını deyirdilər. Ortaya qoyulmuş problemlər elə həmin dəqiqə öz həllini tapırdı. Məhz buna görə o sənətkarların, aktyorların, müğənnilərin böyük dostu idi”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Lətifə Əliyeva deyib. O daha sonra əlavə edib:

“Ulu Öndər Heydər Əliyev o vaxt bizim Gənc Tamaşaçılar Teatrına gəlmişdi. Bütün aktyorlar, aktrisaları ora yığmışdılar. Teatrımızın o vaxtkı direktoru Kamal müəllim idi. Mən çox çalışdım ki, onunla görüşüm, amma imkan olmadı. Daha doğrusu Kamal müəllim mənə mane oldu. Dedi ki, “sənin fəxri adın yoxdur, ancaq fəxri adı olanlar görüşməlidir”. Orada fəxri adı olmayanlar da var idi. Mən ona dedim ki, fəxri ad üçün təqdimatı sən verməlisən də. Təqdimatımı verməsən mən necə fəxri ad ala bilərəm? Mən daha sonra bildim ki, bu kimlərin mənə qarşı olan oyunu idi. Çox təəssüf ki, Heydər Əliyevlə görüşmək arzum ürəyimdə qaldı. O bilsəydi ki, direktorumuz belə ayır-seçkilik edir, o dəqiqə onu teatrdan uzaqlaşdırardı. Bir dəfə də Heydər Əliyev Akademik Milli Dram Teatrına gəlmişdi. Orada məndən də böyük aktyor, aktrisalar var idi. Ümid edirdim ki, orada görüşəcəm, amma bu dəfə də qismət olmadı. Ulu Öndər mənim oturduğum yerin qarşısından keçib getməli idi, nədənsə alınmadı. Onu bütün aktyorlar üzük qaşı kimi dövrəyə alırdılar. Mən elə can atırdım ki, onunla görüşüm amma qismət olmadı. Hər bir azərbaycanlı kimi özümə borc bilirəm ki, Heydər Əliyevin anım günündə, doğum günündə onun məzarını ziyarət edim. O bütün aktyorları, aktrisaları, rəssamları, müğənniləri, bəstəkarları, rəqqasları adı ilə tanıyırdı. Əminəm ki, məni də tanıyırdı. Onun vaxtında mən “əməkdar artist” fəxri adı aldım. Heydər Əliyev məktəbinin layiqli davamçısı, Ali Baş Komandan, adını tarixə qızıl hərflərlə yazdıran cənab Prezident İlham Əliyev mənə “Xalq artisti” fəxri adını, “Prezidentin fərdi təqaüdü”-nü verdi. Atasının, Ulu Öndərin biz sənətkarlar üçün yarım qalan bütün işlərini o həyata keçirdi. İllər keçəcək, qərinələr ötəcək amma Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət, Ali Baş Komandan İlham Əliyev kimi qalib sərkərdə yer üzünə gəlməyəcək” deyə sənətkar bildirib.