Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib
Ekskluziv
310
16:17, Bu gün

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib.

Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib.

Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar.

Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb:

“Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan,  daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı.

Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”.

Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər