Ərdoğanın Putinlə Aşqabad görüşü hansı geo-siyasi məsələlərin həllinə təsir göstərəcək?..- Siyasi şərhçi
Ekskluziv
446
13:03, Bu gün

Ərdoğanın Putinlə Aşqabad görüşü hansı geo-siyasi məsələlərin həllinə təsir göstərəcək?..- Siyasi şərhçi

“Faktiki olaraq Ankara Cənubi Qafqazda həlledici təsirə malikdir. Bu da imkan verir ki, Türkiyə dövləti bölgədə problemlərin həllində, təhlükəsizliyin təmin olunmasında, kommunikasiya və inteqrasiya məsələlərində birbaşa iştirak etsin, məsuliyyəti öz üzərinə götürsün...”
 
“Dekabrın 12-də  Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İli ilə bağlı Beynəlxalq Forum çərçivəsində Türkiyə və Rusiya prezidentləri R.T.Ərdoğanın V.Putinlə planlaşdırılan görüşdən xeyli gözləntilər var. Bu görüşlərdə Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz, Mərkəzi Asiya regionu ilə bağlı müzakirələr aparılacağı şübhə doğurmur. Təbii ki, iki ölkə arasında son dövrlər yaranmış durum da diqqət mərkəzində olacaq”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Məlum olduğu kimi, Birləşmiş Ştatların təzyiqi ilə Türkiyənin Rusiya neftindən imtina məsələsi gündəlikdədir. Eyni zamanda bu ölkədən alınan “S-400”  zenit-raket komplekslərinin istifadəsi ilə bağlı da anlaşılmazlıqlar qalır. Vaşinqton “F-35” təyyarələrinin Türkiyəyə tədarükü üçün “S-400”-lərdən imtinanı şərt kimi irəli sürür. Qara dənizdə hərbi əməliyyatların intensivləşməsi də ciddi narahatlıq doğurur... 
 
Ukrayna-Rusiya müharibəsində diplomatik təşəbbüslər göstərən Ankara aktiv oyuncu kimi qəbul edilir. Müharibənin durdurulması ilə bağlı nümayəndə heyətləri bir neçə dəfə Türkiyədə görüşlər keçiriblər və humanitar sahələrdə razılıqlar da əldə olunub”, - deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Türkiyənin Cənubi Qafqazda da oynadığı rolun genişlənməsini nəzərə çatdıran siyasi şərhçi ardınca belə deyib: 
 
“Faktiki olaraq Ankara Cənubi Qafqazda həlledici təsirə malikdir. Bu da imkan verir ki, Türkiyə dövləti bölgədə problemlərin həllində, təhlükəsizliyin təmin olunmasında, kommunikasiya və inteqrasiya məsələlərində birbaşa iştirak etsin, məsuliyyəti öz üzərinə götürsün”. 
 
“Təbii ki, Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada möhkəmlənməsində Bakı ilə sıx əməkdaşlığı və koordinasiyalı fəaliyyəti də öz müsbət təsirini göstərir.  Hesab edirəm ki, Putin- Ərdoğan görüşləri tərəfləri maraqlandıran məsələlərin  nizamlanmasına bir vəsilə olacaq”, -deyə Əli Orucov vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər