Ekskluziv
549
21:01, Bu gün

"Ukraynanın bu həssas durumundan yararlanıb Zelenskini seçkilərə çağırmaq əsl məqsədin bəhanəsidir...”

“Çinin getdikcə böyüməsi və ABŞ-ın təsir dairəsini ələ keçirməsi ilə mübarizəni ən mühüm prioritet kimi qarşıya qoyan Tramp hakimiyyəti Rusiyanın çökdürülməsinə vaxt və vəsait ayrımaq istəmir, bu səbəbdən də Ukrayna savaşını nəyin bahasına olursa- olsun bitirməyə çalışır...”
 
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Trampın Kiyevin guya “müharibədən istifadə edərək seçkiləri keçirmədiyi” barədəki sərt ittihamından sonra Ukrayna prezidenti Vladimir Zelenski bu dəfədə dünya gündəmində bomba kimi partlayan açıqlama verib. Ukrayna lideri müvafiq qurumlardan seçki qanununu dəyişdirə biləcək təkliflərin hazırlanmasını istəyəcəyini bildirib. O, Vaşinqtonun diqqətinə çatdırıb ki,  səsvermənin təhlükəsizliyi ABŞ və digər müttəfiqlərin köməyi ilə təmin olunarsa, seçkilər yaxın 60-90 gün ərzində keçirilə bilər... 
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, Trampın Ukraynada seçkilərlə bağlı iddialarını birmənalı qarşılamaq olmaz: 
 
“Onun fikirlərində həm haqlı, həm də haqsız məqamlar var. İddianın haqlı tərəfi ondan ibarətdir ki, istənilən demokratik ölkədə hakimiyyətin təməli seçkilərdir. Seçkilər keçirmədən hər hansı siyasi partiyanın hökumət qurması legitim və adil sayıla bilməz. Haqsız tərəfi isə odur ki, Ukraynanın indiki durumu seçki keçirməyə imkan vermir. Bu da istər-istəməz Zelenskinin hakimiyyət müddətini uzatmasını şərtləndirir və Ukrayna Konstitusiyası bunu tələb edir. Çünki seçkilər ədalətli və cəmiyyətin bütün kəsimlərini əhatə edəcək şəkildə keçirilməlidir. Ukraynada fövqəladə vəziyyət elan olunduğundan və seçicilərin mühüm qismi məcburən ölkədən qaçıb Avropaya sığındığından bu şərtləri bərqərar etmək mümkün deyil... 
 
Digər tərəfdən, seçki keçirmək hüququ hər bir ölkənin öz suveren haqqıdır. Başqa dövlətin basqıları ilə seçki keçirmək demokratiyanın və hüquqi dövlətçiliyin ruhuna ziddir. Bu mənada ABŞ prezidentinin Ukraynadan seçki keçirmək tələbləri rəsmi Kiyevə təzyiq etmək, bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq deməkdir. İstənilən ölkədə hakimiyyət dəyişikliyi planlaşdırmaq və özünə uyğun rejim yaratmaq isə onu işğal etməyə bərabərdir. Trampın nail olmaq istədiyi hədəf də əslində budur. Məhz bu səbəbdən Trampın ondan yardım gözləyən bir ölkənin lideri qarşısında belə bir şərt qoyması ilə Rusiyanın Ukraynanı ələ keçirmək istəməsi arasında o qədər ciddi fərq yoxdur”.
 
Siyasi şərhçinin fikrincə, Trampın Zelenskidən seçki tələb etməsində söykəndiyi əsas arqumentlərdən biri də Ukraynada hökm sürən korrupsiya rejiminin vəziyyətdən sui-istifadə ehtimalıdır ki, əslində bu məsələdə də haqsız deyil: 
 
“Tramp Ukraynaya etibar etmədiyini dəfələrlə dilə gətirib. O, bundan əvvəl də Ukraynaya verilən hərbi yardımların böyük qisminin yerli hökumət yetkililəri tərəfindən mənimsənildiyi iddia edib. Hətta indiyədək Ukraynaya 350-500 milyard dollar verildiyini, onun cəmi 100 milyardının müharibəyə sərf olunduğunu bildirib və Ukraynaya edilmiş hərbi yardımların məbləği barədə Zelenski ilə polemikalara belə girib. Zelenskini “dünyanın ən hiyləgər alverçisi” adlandırıb və deyib ki, bu adam hər dəfə ABŞ-a gələndə 50-60 milyard dollar aparır. Ukrayna prezidenti isə hər dəfə Trampın sözlərini təkzib edib və ABŞ-dan indiyədək dəfələrlə az, təxminən 100 milyard dollarlıq yardım aldıqlarını bildirib. Məhz bu cür mübahisələr Ukraynada korrupsiya faktlarını apaşdıran “NABU”- xüsusi və müstəqil istintaq komitəsinin yaradılması ilə nəticələnib. “NABU”-nun araşdırmaları nəticəsində hələlik enerji tenderləri sahəsində 100 milyonlarla dollarlıq mənimsəmə faktları aşkarlanıb. İstintaq qrupu digər sahələrdə də yeyinti faktlarını araşdırır və hansısa korrupsiya faktlarını üzə çıxaracağı ehtimalı da var. Aşkarlanan bu faktlar nəticəsində Zelenski hakimiyyətinin bir çox yüksək çinli məmurları işdən çıxarılıb. Onlardan biri də Prezident ofisinin rəhbəri Yermakdır. Sözsüz ki, bu cür şübhəli fəaliyyətlə məşğul olan hökumətə milyardlarla dollar yardım etmək asan deyil. Tramp da bu arqumenti əsas gətirib beynin dərinliklərində Zelenskinin istefaya getməsini və yeni seçkilər keçirilməsini arzulaya bilər. 
 
Bununla belə, Ukraynanın bu zəif və həssas durumundan istifadə edib Zelenskini seçkilərə çağırmaq bir çoxlarına əsl məqsədin bəhanəsi kimi görünür. Əsl məqsəd isə Ukraynanın çox həssas dövründə siyasi böhran yaradıb müharibəni Rusiyaya qazandırmaq da ola bilər. Odur ki, Ukraynada bir çox siyasi liderlər bu məsələyə ehtiyatla yanaşırlar. Prinsipcə, onlar da haqsız deyillər. Çünki “Ukrayna üçün sülh təklifləri” hazırlayan ABŞ rəsmilərinin açıq şəkildə Rusiyanın tərəfini tutduğu aydın şəkildə görünürdü və Tramp hökumətinin əsl məqsədini ortaya qoyurdu”.
 
Heydər oğuzun iddiasına görə, Trampın bu yaxınlarda hazırladığı “ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası-2025” adlı doktrinası da rəsmi Kiyevin şübhələrini təsdiqləyir: 
 
“Bu sənəddə açıq şəkildə göstərilir ki, ABŞ Avropa ölkələrinə onu içəridən yeyən parazitlər kimi baxır. Və indiyədək yürütdüyü Avropanın himayədarlığı missiyasından imtina etməyə hazırlaşır. Doktrinanın müəlliflərinin fikrincə, Avropa ölkələri etibar ediləcək müttəfiq deyillər və onlar özlərinə çəki-düzən verməsələr, uzağı 20 ilə bir mədəniyyət kimi ortadan qalxacaqlar. Onlar xaricdən gələn miqrantların hesabına tamamilə başqa mədəniyyətin dairəsinə girəcəklər və həm iqtisadi, həm də hərbi cəhətdən yox olmağa məhkumdurlar. Məhz bu səbəbdən ABŞ-ın əsas hədəfi Amerika qitəsinə yönəlməli, sözügedən qitənin yad ünsürlərin əlinə keçməsinin qarşısını almalıdır. Açıq adı çəkilməsə də burada “yad ünsür”, “düşmən” kimi göstərilən fiqur isə Çindir. Çinin getdikcə böyüməsi və ABŞ-ın təsir dairəsini ələ keçirməsi ilə mübarizəni ən mühüm prioritet kimi qarşıya qoyan Tramp hakimiyyəti Rusiyanın çökdürülməsinə vaxt və vəsait ayrımaq istəmir, bu səbəbdən də Ukrayna savaşını nəyin bahasına olursa- olsun bitirməyə çalışır. Ən qısa yol isə təbii ki, Ukraynanın mövcud reallıqlarla razılaşması və Avropanın genişlənmə strategiyasından vaz keçməsi ola bilər... 
 
Maraqlıdır ki, ABŞ-ın öncəlikləri arasında Avropa hardasa ən axırıncı yer tutur. Digər daha vacib öncəliklər isə bunlardır: dünya dəniz ticarətinin 3-də birinin keçdiyi Sakit-Hind okeanı; Hörmüz və Babül-məndəb boğazları; Suveyş kanalı; İsrailin təhlükəsizliyi və İbrahim razılaşmaları. Tramp hakimiyyətinin fikrincə, bu coğrafiyalar belə, ABŞ-ın iqtisadi inkişafı üçün o qədər də mühüm ərazilər deyil. Sadəcə neft və qazla zəngin, böyük nəqliyyat-kommunikasiya imkanlarına malik olan bu ərazilər “düşmən qüvvələrin”, yəni Çinin əlinə keçə və onun iqtisadi böyüməsini artıra bilər. Məhz bu səbəbdən ABŞ sözügedən təhlükənin qarşısını almalıdır. Avropaya gəlincə, iqtisadi cəhətdən ABŞ-ın Marşall planları ilə sənaye nəhənginə çevrilmiş bu region da Çinin əlinə keçməməsi üçün əhəmiyyət kəsb edir və buna görə də onun da yolunu azmasına imkan vermək olmaz. Amma onun rifahı və Rusiyadan qorunması üçün də əlavə pul xərcləməyə ehtiyac yoxdur. Belə bir anlayış içərisində olan super dövlətin Ukraynaya dəstək verməsini gözləmək, təbii ki, sadəlövhlükdür. Əksinə, Avropa qitəsi ilə Rusiya arasında hərbi gərginliyi artırmaq, hər iki tərəfi Ukrayna məsələsi ilə imtahana çəkmək və yeri gələndə savaşdırmaq daha məqbul yol təsiri bağışlayır. Bu mənada Zelenskinin istefaya getməsi və Avropanın başının Ukraynadakı daxili problemlərlə qarışması ABŞ-a sərf edir...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər