Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanda da bu ideya artıq təşkilati forma tapanda, təbii ki, bu, Sovet xüsusi xidmət orqanlarının gözündən kənarda qala bilməzdi və onlar da milli hərəkatlara öz təsirlərini göstərməyə çalışdılar...”
“Bu, Nemət Pənahlının şəxsi fikridir və gəldiyi şəxsi qənaətdir. O, birinci dəfə deyil ki, ittihamlarla çıxış edir, ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı belə açıqlamalar verir. Lakin fikrimcə, real vəziyyət ondan ibarətdir ki, o zamanlar, yəni 1980-ci illərin sonunda Sovet İttifaqı böhran vəziyyətində, iqtisadi cəhətdən çökmüş bir durumda idi. Həmçinin ölkə daxilində ciddi siyasi gərginlik yaranmışdı və Moskva Qərb dünyası ilə rəqabətdə uduzmaq üzrə idi. SSRİ rəhbərliyi dəyişildikdən və Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra artıq həm iqtisadi, həm də siyasi sahədə islahatlara başlamaq təşəbbüsü ortalığa atıldı. Məqsəd həmin islahatlar nəticəsində iqtisadi dirçəlişə nail olmaq idi. Bunun üçün də insanlara müəyyən sərbəstliklər vermək lazım idi. Onlar əsasən iqtisadi azadlıqları nəzərdə tuturdular. Və bir müddət sonra isə müəyyən siyasi qadağa və məhdudiyyətlərin də aradan qaldırılması məsələsi gündəmə gəldi. Nəticədə bu durum SSRİ daxilindəki böhranı daha da genişləndirdi və həmin böhran əsasən milli regionları əhatə etdi. Çünki milli regionlar, müttəfiq respublikalar Rusiyanın nəzarətindən çıxmaq istəyirdi. Azərbaycan da bu sırada idi”.
Bu fikirləri Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Nemət Pənahlının son açıqlamalarında Azərbaycan Xalq Cəbhəsinin SSRİ “KQB”-si tərəfindən yaradılması haqdakı iddialarını şərh edərkən ifadə edib.
“Azərbaycanda da milli ideya heç vaxt sönməmişdi. Milli ideyaların üzə çıxması üçün şərait yarananda da sürətli bir proses başlandı. Keçmiş SSRİ-nin bütün regionlarında olduğu kimi, Azərbaycanda da bu ideya artıq təşkilati forma tapanda, təbii ki, bu, Sovet xüsusi xidmət orqanlarının gözündən kənarda qala bilməzdi və onlar da milli hərəkatlara öz təsirlərini göstərməyə çalışdılar. Bu da onların vəzifəsi idi. Təhlükəsizlik orqanları ayrı-ayrı adamları ələ almağa, təşkilatlara öz adamlarını yerləşdirməyə çalışdılar. Bütün bunlara bəzi yerlərdə müəyyən dərəcədə nail oldular, ancaq hər yerdə bunu bacarmadılar. Lakin bütün bunlar bütövlükdə 1988-1991-ci illərdə Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının üzərinə kölgə sala bilməz”, -deyə davamında istiqlalçı deputat bildirib.
“Milli ideyalar ölkədə həmişə mövcud olub və onların daşıyıcıları da olub. Həmin ideyaları daşıyanlar arasında zəiflik göstərənlər də və ya öncədən satqınlıq edənlər də olub. Yəni bunlar ayrı-ayrı fərdlərə şamil edilir. Lakin ümumilikdə Milli Azadlıq Hərəkatına, onun ayrı-ayrı təşkilatlarına kölgə salmaq, ləkə yaxmaq olmaz”, -deyə Etibar Məmmədov vurğulayıb.
Sultan Laçın